İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris İrəvana “Rafale” verirmi? – “Şayiə”nin arxasındakı gerçək silahlanma

Fransa–Ermənistan hərbi əməkdaşlığının sənədlərdə görünən və hələlik görünməyən tərəfləri

Qafqazda silah xəbərləri bəzən silahın özündən daha sürətli uçur.

Azərbaycanın son illərdə qazandığı hərbi və siyasi üstünlük Ermənistanı yeni himayədar axtarışına çıxarıb. Rusiya artıq İrəvanın əvvəlki kimi güvəndiyi müttəfiq deyil. Moskvanın boşaltdığı yeri isə Fransa tutmağa çalışır.

Fransa Ermənistana radar verir, zirehli maşın göndərir, artilleriya satır, hərbçilərini hazırlayır, müdafiə sənayesinə daxil olur.

Son  üç ildə davamlı Ermənistanın Fransadan “Rafale” döyüş təyyarələri almağa hazırlaşdığı, hətta müəyyən sayda təyyarənin artıq Ermənistan üçün nəzərdə tutulduğu barədə müxtəlif məlumatlar yayılır yaxud Fransanın Ermənistana “Rafale” qırıcıları verəcəyi barədə xəbərlər vaxtaşırı yenidən gündəmə gətirilir.

Bir müddət əvvəl isə daha maraqlı bir versiya dövriyyəyə buraxılmışdı ki, guya Fransaya məxsus “Rafale”lər Macarıstana gətirilib və oradan Ermənistana ötürülməsi nəzərdə tutulur.

Belə xəbərlər Azərbaycan üçün adi silah bazarı xəbəri deyil. Söhbət Cənubi Qafqazda hərbi balansdan, Fransanın regiondakı yeni rolundan və Ermənistan ordusunun son üç ildə sürətlə dəyişən silahlanma konsepsiyasından gedir.

Bəzi media orqanları ehtimalı artıq qəbul edilmiş qərar kimi təqdim edir. Lakin Fransa, Ermənistan və istehsalçı “Dassault Aviation” şirkətinin sənədləri belə bir müqavilənin mövcudluğunu təsdiqləmir.

Ona görə də burada iki məsələni bir-birindən ayırmaq lazımdır, nə təsdiqlənib, nə isə hələlik ehtimal və informasiya müharibəsinin bir hissəsidir.

Bununla belə, Parisin Ermənistan ordusunu sistemli şəkildə yenidən qurması və Rusiyadan asılılığı azaltması real prosesdir. “Rafale” hələ İrəvana gəlməyib, amma Fransa bu ehtimal üçün siyasi və hərbi-texniki zəmin yaradır.

Məsələnin təhlükəli tərəfi də məhz budur.

Son illərdə Fransa–Ermənistan hərbi əməkdaşlığında da eyni modeli görmüşük.

Bir müddət əvvəl “Paris İrəvana CAESAR verəcək” deyiləndə bunun şayiə olduğu düşünülürdü. Daha sonra müqavilə rəsmən təsdiqləndi.

“Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsi barədə ilk məlumatlar da əvvəlcə təkzib və şübhə ilə qarşılanmışdı. Sonradan maşınların Gürcüstan üzərindən Ermənistana daşındığı məlum oldu.

İndi isə növbə Fransanın ən qabaqcıl döyüş təyyarəsi “Dassault Rafale”a çatıb.

Müxtəlif xarici və erməni mənbələrində Ermənistanın Rusiyadan aldığı Su-30SM qırıcılarını artırmaq əvəzinə Fransanın “Rafale” təyyarələrinə keçə biləcəyi yazılır.

Bəs Fransa həqiqətən Ermənistana “Rafale” verir?

Qısa cavab budur ki, hazırda bunu təsdiqləyən heç bir rəsmi müqavilə və o cümlədən Ermənistanın Rafale aldığına dair rəsmi sənəd yoxdur.

Ancaq məsələ bununla bitmir.

Fransa prezidentinin 2026-cı il mayın 5-də Ermənistana etdiyi dövlət səfəri zamanı Makronla Nikol Paşinyan Fransa və Ermənistan arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamə imzaladılar.

O cümlədən, iki ölkə arasında hərbi texnologiyalar, müdafiə sistemləri, süni intellekt, kibertəhlükəsizlik, nəqliyyat və maliyyə sahələrini əhatə edən çoxsaylı sənədlər imzalandı.

Səfər zamanı imzalanan bütün sənədlərin siyahısı Ermənistan hökuməti tərəfindən öz rəsmi saytında yayımlandı.

Həmin siyahıda hərbi texnologiya və müdafiə sistemlərinin tədqiqi və inkişafı, süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər, SOFEMA şirkətindən hərbi avadanlıq, Airbus şirkətindən nəqliyyat helikopterlərinin tədarükü, müdafiə innovasiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə və memorandumlar var.

Lakin siyahıda nə “Rafale”, nə də başqa döyüş təyyarəsinin adı keçir, nə sayı göstərilir, nə də belə bir alışın maliyyələşdirilməsindən danışılır.  Ermənistan baş nazirinin rəsmi saytında yayımlanan sənədlər göstərir ki, ən azı həmin tarixdə döyüş təyyarəsi ilə bağlı rəsmi razılaşma imzalanmayıb.

Bu, ən azı 2026-cı il mayın 5-dək “Rafale” məsələsinin rəsmi müqavilə səviyyəsinə çatmadığını deməyə əsas verir.

Bu, mühüm detaldır.

Burada diqqət yetirilməli başqa bir məqam da var.

“Rafale” adi hərbi məhsul deyil ki, onu gizli şəkildə bir neçə yük maşınına yükləyib sərhəddən keçirəsən. Belə bir sövdələşmənin izi əvvəlcə büdcədə, istehsalçının sifariş kitabında, pilotların hazırlığında, aerodromların yenidən qurulmasında və silah sistemlərinin alınmasında görünməlidir.

Hələlik bu izlərin heç biri yoxdur.

Ancaq fil qulağında da yatmaq olmaz!

Doğrudur, bu gün Ermənistanla “Rafale” müqaviləsi yoxdur. Ancaq Fransanın gələcəkdə belə bir addım atması da mümkünsüz deyil. Əsas məsələ təyyarənin hazırda verilib-verilməməsindən daha çox, Parisin Ermənistan ordusunu hansı istiqamətə apardığını düzgün anlamaqdır.

Fransanın  Ermənistanın əsas hərbi tərəfdaşlarından birinə çevrilməsi aydın şəkildə görünür.

2020-ci il müharibəsindən sonra Ermənistanın təhlükəsizlik siyasətində əsaslı dəyişiklik baş verdi. İrəvan uzun illər demək olar ki, tam şəkildə Rusiyanın hərbi sisteminə bağlı idi. Silahların böyük hissəsi Rusiya istehsalı idi, zabit hazırlığından hava hücumundan müdafiəyə qədər sistem Moskva ilə inteqrasiya olunmuşdu.

Son illərdə isə Ermənistan bu asılılığı azaltmağa başlayıb.

Əsas istiqamətlərdən biri Hindistan, digəri Fransa oldu.

Fransanın özünün parlamentə təqdim etdiyi silah ixracı hesabatında Ermənistanla əməkdaşlığın mərhələləri kifayət qədər açıq göstərilir.

Ermənistan Fransanın Arquus şirkətindən “Bastion” zirehli maşınları alıb, Thales şirkətindən üç GM200 hava müşahidə radarı sifariş edib,

Safran istehsalı gecəgörmə avadanlıqları əldə edib. Bundan əlavə, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb. Daha sonra CAESAR 155 millimetrlik özüyeriyən artilleriya sistemlərinin alınması üzrə müqavilə bağlanıb.

Bu artıq təsadüfi silah alışları deyil.

Burada Ermənistan ordusunun Rusiyanın hərbi-texniki asılılığından çıxıb tədricən Fransa və ümumilikdə NATO standartlarına uyğun müəyyən texnologiyalara keçidindən söhbət gedir.

Emmanuel Makronun Ermənistana dövlət səfəri zamanı Fransa ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı. Eyni zamanda hərbi texnologiyalar və müdafiə sistemlərinin tədqiqi, inkişafı və innovasiyası sahəsində ayrıca əməkdaşlıq memorandumu qəbul edildi. Makron açıq şəkildə bildirdi ki, müdafiə münasibətləri artıq iki ölkə arasındakı əlaqələrin əsas sütunlarından birinə çevrilib və məqsəd Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsidir.

Məhz burada “Rafale” söhbətinin siyasi məntiqi ortaya çıxır.

“Dassault Aviation” nə deyir?

İkinci mühüm mənbə təyyarəni istehsal edən “Dassault Aviation” şirkətidir.

Dassault Aviation hazırda “Rafale” alan xarici ölkələri açıq şəkildə sadalayır, bu ölkələr Misir, Hindistan, Qətər, Yunanıstan, Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və Serbiyadır.

Ermənistan həmin siyahıda yoxdur.

Şirkətin 2025-ci ilin yekunlarına dair sənədlərində də yeni ixrac sifarişləri göstərilir, lakin Ermənistan adı çəkilmir.

Şirkətin 22 iyul 2026-cı ildə açıqladığı yarımillik maliyyə hesabatına görə, iyunun 30-dək sifariş kitabında 208 ədəd “Rafale” var idi. Onların 165-i xarici müştərilər, 43-ü Fransa ordusu üçün nəzərdə tutulmuşdu.

Ən mühüm detal isə budur ki, 2026-cı ilin ilk altı ayında “Dassault Aviation” heç bir yeni “Rafale” sifarişi almayıb. Bunu həm şirkətin rəsmi hesabatı, həm də Reuters-in məlumatı təsdiqləyir.

Başqa sözlə, həmin tarixədək Ermənistanın yeni istehsal ediləcək “Rafale” təyyarələri üçün qüvvəyə minmiş sifarişi olmayıb.

Əlbəttə, burada başqa bir ehtimal da mövcuddur ki,  Fransa öz hərbi hava qüvvələrinin balansındakı işlənmiş təyyarələrdən müəyyən hissəni Ermənistana verə bilər. Paris vaxtilə Yunanıstan və Xorvatiya ilə müqavilələrdə öz ordusunun balansındakı “Rafale”lardan istifadə edib.

Ancaq Ermənistana belə bir transferin hazırlandığını göstərən də heç bir rəsmi sənəd, büdcə qərarı, pilot hazırlığı və ya logistika proqramı yoxdur.

Amma bununla məsələ bağlanmır.

Çünki son üç ildə Parislə İrəvan arasında hərbi əməkdaşlığın inkişaf tempinə baxanda “Rafale” məsələsinin niyə gündəmə gəldiyini anlamaq mümkündür.

2023-cü ildən etibarən bir neçə müdafiə saytı Ermənistan və Serbiyanın Fransadan “Rafale” alacağını yazmışdı. Serbiya ilə bağlı məlumat sonradan doğru çıxdı. Ermənistanla bağlı hissə isə təsdiqlənmədi.

2025-ci ilin noyabrında Ukraynanın “Defense Express” nəşri Ermənistanın Hindistandan Su-30MKI almaq əvəzinə Fransanın “Rafale” qırıcılarına üstünlük verə biləcəyini yazdı. Məqalə bir sıra ölkələrin mediasında “Ermənistan Rafale seçdi” başlığı ilə yayıldı.

Halbuki ilkin məqalənin özündə bunun müqavilə deyil, ehtimal olduğu etiraf edilirdi. Müəllif yazının sonunda Ermənistanın Hindistandan Su-30 alması barədə rəsmi təkzibindən başqa bütün “Rafale” ssenarisinin fərziyyə olduğunu bildirirdi. Sözügedən məqalə fakt deyil, mümkün gələcək haqqında analitik mülahizə idi.

Beləliklə, bir müəllifin ehtimalı başqa saytın xəbərinə, həmin xəbər isə sosial şəbəkələrdə qəbul olunmuş qərara çevrildi.

Bu, informasiya məkanında tez-tez rastlaşdığımız üsullaran biridir, daha doğrusu klassik informasiya zənciridir, bir mənbə “mümkündür” yazır, ikinci mənbə “müzakirə olunur” deyir, üçüncü mənbə isə “qərar verildi” başlığı qoyur.

Lakin bu informasiyanı tamamilə əsassız saymaq da doğru olmazdı. Çünki xəbərin arxasında real bir proses dayanır, Fransa Ermənistan ordusunu sistemli şəkildə silahlandırır.

2023-cü ildən etibarən Paris İrəvanla bir neçə ciddi hərbi müqavilə imzalayıb.

Təsdiqlənmiş tədarüklər arasında 3 ədəd “Ground Master 200” radarı, “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemləri üzrə niyyət sənədi, “Bastion” zirehli maşınları, gecəgörmə cihazları və optik vasitələr, “CAESAR” özüyeriyən artilleriya sistemləri, hərbi təlim və məsləhətçilik proqramları, nəqliyyat helikopterləri, hərbi texnologiya, kibertəhlükəsizlik və müdafiə innovasiyaları sahəsində əməkdaşlıq və s. var.

Radar və “Mistral” razılaşması hələ 2023-cü ildə Reuters tərəfindən təsdiqlənmişdi.

2024-cü ilin iyununda isə Fransa Ermənistanla “CAESAR” haubitsalarının satışı barədə müqavilə bağladı. Fransa müdafiə nazirinin açıqladığı müqavilədə sistemlərin sayı göstərilməsə də, erməni mənbələri 36 qurğudan danışırdı.

Fransa Senatının sənədlərində Ermənistana ümumilikdə 50-yə yaxın “Bastion” zirehli maşınının verilməsi də qeyd olunurdu. Onların ilk partiyası Gürcüstanın Poti limanı üzərindən Ermənistana göndərilmişdi.

Deməli, “Fransa Ermənistanı silahlandırırmı?” sualının cavabı mübahisəsiz şəkildə “bəli”dir.

Lakin, “Fransa Ermənistana Rafale veribmi?” sualının cavabı isə hələlik “xeyr”dir.

Bu iki məsələni bir-birindən ayırmaq lazımdır.

Bəs Macarıstan izi haradan çıxdı?

Təxminən iki il əvvəl informasiya məkanında Fransanın “Rafale” təyyarələrinin əvvəlcə Macarıstana gətirilməsi, daha sonra isə Ermənistana aparılması üçün hazırlıq görüldüyü barədə məlumat yayılmışdı.

Xəbər ilk baxışdan ciddi təsir bağışlayırdı. Təyyarənin adı çəkilirdi, tranzit ölkə göstərilirdi və bütün bunların gizli əməliyyat olduğu təəssüratı yaradılırdı.

Amma belə xəbərlərdə səs-küyə deyil, izə baxmaq lazımdır.

Təyyarələr Macarıstanın hansı aviabazasına enmişdi? Neçə “Rafale”dən söhbət gedirdi? Onların bort nömrələri nə idi? Təyyarələri kim idarə edirdi? Foto, uçuş marşrutu və ya rəsmi sənəd harada idi?

Bu sualların heç birinə cavab verilmədi. İddianı təsdiqləyən görüntü, uçuş qeydi, Macarıstan, Fransa və ya Ermənistan rəsmilərinin açıqlaması da ortaya çıxmadı.

Əvəzində, həmin dövrdə Şərqi Avropada həqiqətən “Rafale” hərəkəti vardı.

2024-cü il aprelin 25-də Xorvatiyanın Fransadan aldığı ilk altı “Rafale” Zaqreb yaxınlığındakı 91-ci aviabazaya gətirildi. “Dassault Aviation”un rəsmi məlumatına görə, təyyarələr Macarıstandan deyil, şirkətin Fransadakı Merinyak mərkəzindən uçmuşdu. Onları Fransada təlim keçmiş xorvatiyalı pilotlar idarə edirdi. Təyyarələr Ermənistan üçün deyil, 2021-ci ildə müqaviləsi bağlanmış Xorvatiya sifarişinin bir hissəsi idi.

Macarıstanın adı isə “Rafale” mövzusuna tamam başqa səbəbdən qarışmışdı.

Xorvatiya köhnə MiQ-21-lərdən “Rafale”lərə keçərkən ölkənin hava məkanının müvəqqəti qorunmasını Macarıstan və İtaliya üzərinə götürmüşdü. Lakin Macarıstan bu missiyanı “Rafale”lərlə deyil, JAS-39 “Gripen” qırıcıları ilə həyata keçirirdi.

Bundan əvvəl, 2023-cü il oktyabrın 16-dan 20-dək Fransa üç “Rafale”ni Rumıniyanın Feteşti aviabazasına göndərmişdi. Məqsəd NATO çərçivəsində keçirilən təlim və alyansın şərq cinahının müdafiəsinin gücləndirilməsi idi. Bu da gizli çatdırılma deyil, Fransa Müdafiə Nazirliyinin açıq şəkildə elan etdiyi hərbi yerləşdirmə idi

Bu ilin may ayında isə BBC-nin dizaynını təqlid edən saxta reportaj sosial şəbəkələrdə yayılmışdı. Orada Fransa guya Ermənistana yüzlərlə hərbçi göndərmişdi və eyni zamanda İrəvan yaxınlığında iki “Rafale” təyyarəsinin göründüyü iddia edilirdi.

Araşdırma zamanı məlum oldu ki, BBC belə reportaj hazırlamayıb. “Ermənistanda Rafale” kimi təqdim edilən görüntülər də Ermənistan ərazisində çəkilməyib. Faktçek materiallarında həmin kadrların Hindistanın Fransadan aldığı “Rafale” təyyarələrinin daha əvvəlki görüntüləri olduğu müəyyənləşdirildi. Fransa hərbi strukturları bunu informasiya hücumunun elementi kimi qiymətləndirdi.

Bu səbəbdən Macarıstan üzərindən Ermənistana “Rafale” ötürülməsi barədə xəbərə də ehtiyatla yanaşmaq lazımdır.

Məlumatı tamamilə mümkünsüz elan etmək başqa məsələdir, onu təsdiqlənmiş xəbər kimi təqdim etmək isə tamam başqadır.

Hazırda ikinci variant üçün sübut yoxdur.

Bəs Ermənistan Rafale ala bilərmi?

Texniki və siyasi baxımdan bunun qarşısında prinsipial maneə yoxdur.

Fransa artıq Ermənistanı müdafiə sənayesi baxımından tərəfdaş ölkə kimi qəbul edir. Paris İrəvana yalnız hazır silah satmaqla kifayətlənmir, hərbi təlim, texnologiya, müdafiə sənayesi və innovasiya səviyyəsində əməkdaşlıq qurur.

Üstəlik, Fransa “Rafale”nin ixracında əvvəlki illərlə müqayisədə son dərəcə fəal siyasət aparır.

Serbiya nümunəsi xüsusilə maraqlıdır. Belqrad uzun illər Rusiya hərbi texnikasına bağlı ölkə olduğu halda Fransadan 12 “Rafale” sifariş etdi. Dassault-un rəsmi məlumatında Serbiya artıq “Rafale” müştərisi kimi göstərilir.

Ermənistanın vəziyyətində isə problem təkcə təyyarəni almaq deyil.

“Rafale” sadəcə bir təyyarə deyil. Onunla birlikdə pilotların hazırlanması, texniki heyət, xüsusi servis infrastrukturu, radar və rabitə sistemləri, ehtiyat hissələri, silah paketləri və uzunmüddətli texniki xidmət sistemi qurulmalıdır.

Ermənistanın hazırkı hərbi aviasiyası əsasən sovet və Rusiya məktəbinə əsaslanır. “Rafale”yə keçid faktiki olaraq yeni aviasiya ekosisteminin yaradılması deməkdir.

Bu isə həm çox böyük maliyyə, həm də zaman tələb edir.

Ermənistanın qarşısındakı əsas maneə siyasi razılıqdan daha çox maliyyədir.

Serbiya 2024-cü ildə Fransadan 12 yeni “Rafale” təyyarəsi almaq üçün 2,7 milyard avroluq müqavilə imzaladı. Məbləğə təyyarələrlə yanaşı, ehtiyat mühərriklər, hissələr, logistika və xidmət paketi daxildir. Təyyarələrin 2028–2029-cu illərdə verilməsi planlaşdırılır. Serbiya müqaviləsinin şərtləri Ermənistanın qarşılaşacağı maliyyə və zaman problemini göstərir.

Ermənistanın 2026-cı il üçün bütün müdafiə büdcəsi təxminən 560–563 milyard dram, yəni 1,4–1,5 milyard dollardır. Deməli, 12 təyyarədən ibarət Serbiya tipli paket Ermənistanın təxminən iki illik bütöv müdafiə büdcəsinə bərabərdir.

Üstəlik, təyyarəni almaq məsələnin yalnız başlanğıcıdır.

Ermənistan dörd ədəd Rusiya istehsalı Su-30SM qırıcısına malikdir. “Rafale” sisteminə keçmək üçün ölkə pilotları və texniki heyəti yenidən hazırlamalı, aerodrom və anqarları uyğunlaşdırmalı, yeni rabitə və döyüş idarəetmə sistemi qurmalı, fransız raket və bombalarını almalı, ehtiyat mühərrik və hissələr toplamalı və uzunmüddətli servis müqaviləsi bağlamalıdır.

“Meteor” və ya MICA tipli “hava–hava” raketləri, AASM idarəolunan bombaları, SPECTRA elektron mübarizə sistemi və müasir kəşfiyyat infrastrukturu olmadan “Rafale”ın üstünlüklərinin böyük hissəsi kağız üzərində qalacaq.

Ermənistan belə bir layihəni yalnız Fransanın uzunmüddətli dövlət krediti, aşağı faizli maliyyələşdirməsi və ya işlənmiş təyyarələrin güzəştli verilməsi ilə həyata keçirə bilər.

Paris məhz bunu edə bilərmi?

Nəzəri olaraq, bəli. Amma indiki mərhələdə belə bir qərarın qəbul olunduğunu göstərən fakt yoxdur.

Ona görə də İrəvan üçün daha real ssenari belə görünür, əvvəlcə hava müşahidəsi və hava hücumundan müdafiə sistemləri, artilleriya, elektron müharibə, dron əleyhinə texnologiyalar və hərbi sənaye əməkdaşlığı genişləndirilir, daha sonra döyüş aviasiyasının yenilənməsi məsələsi gündəmə gəlir.

Fransanın Ermənistana indiyədək satdığı sistemlərə baxanda da məhz belə mərhələli model görünür.

Fransa bunu siyasi qərara çevirərsə, maliyyə formulu da tapıla bilər. Silah satışında hər şey həmişə alıcının cibindəki pulla ölçülmür. Bəzən əsas ödəniş siyasi mövqe, uzunmüddətli asılılıq və geosiyasi xidmətlə edilir.

Ancaq hazırda belə bir kredit və ya maliyyə zəmanəti də açıqlanmayıb.

Fransa nə istəyir, yaxud Parisin məqsədi yalnız Ermənistanı qorumaqdırmı?

Heç bir dövlət milyardlarla avroluq hərbi layihələri yalnız başqa xalqı sevdiyi üçün həyata keçirmir.

Fransanın Ermənistan siyasətini yalnız erməni diasporunun təsiri ilə izah etmək kifayət deyil. Diaspor amili vacibdir, amma Parisin daha böyük geosiyasi məqsədləri var.

Birincisi, Fransa Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsindən istifadə edərək regionda özünə yeni mövqe qazanmağa çalışır və buna uyğun hərbi-siyasi dayaq yaratmaq istəyir.

Ermənistan isə bu siyasət üçün ən münasib ölkədir və Nikol Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmaq istəyir, Fransa isə boşalan yeri doldurmağa hazırdır.

İkincisi, Ermənistan ordusunun Rusiya silah sistemlərindən uzaqlaşdırılması Fransa müdafiə sənayesi üçün uzunmüddətli bazar açır.

Radar alan dövlət sabah raket, artilleriya alan dövlət mərmi, helikopter alan dövlət isə servis, ehtiyat hissə və təlim də almalıdır. Silah ixracı təkcə bir dəfəlik satış deyil, onilliklər davam edən texniki və siyasi asılılıq yaradır.

Üçüncüsü, Paris Türkiyə və Azərbaycanın Cənubi Qafqazda güclənməsini balanslaşdırmağa çalışır.

Fransa bunu açıq şəkildə “Azərbaycan əleyhinə strategiya” adlandırmır. Rəsmi Paris Ermənistanın suverenliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsindən danışır. Ancaq göndərilən silahların coğrafiyası və mümkün istifadə istiqaməti hər kəsə məlumdur.

Dördüncüsü, Ermənistan Fransaya Qafqazda hərbi təlim, kəşfiyyat, kibertəhlükəsizlik və müdafiə sənayesi sahəsində daimi mövcudluq imkanı verir.

Bu baxımdan “Rafale” xəbəri bu gün doğru olmasa belə, Fransa siyasətinin ümumi istiqamətinə zidd deyil.

“Rafale” Azərbaycanın JF-17-lərinə cavab ola bilərmi?

Azərbaycanın Pakistan–Çin istehsalı JF-17C Block III təyyarələrini silahlanmaya qəbul etməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevə təyyarələr 2024-cü ilin sentyabrında təqdim edildi və onların Hərbi Hava Qüvvələrinin arsenalına daxil edildiyi rəsmi şəkildə açıqlandı.

Azərbaycan sifarişin sayını və tam dəyərini rəsmi şəkildə açıqlamayıb. Xarici mənbələr isə sifarişin 40 təyyarəyədək genişləndirildiyini və ümumi paketin 4,6 milyard dollara çatdığını yazırlar.

JF-17 Block III müasir AESA radarı, elektron mübarizə vasitələri və uzaqmənzilli raketlərdən istifadə imkanı ilə Ermənistanın mövcud dörd Su-30SM təyyarəsi üzərində ciddi say və əməliyyat üstünlüyü yaradır.

Tam silahlandırılmış 8–12 “Rafale” Ermənistanın vəziyyətini müəyyən qədər dəyişə bilər. “Rafale” daha güclü radar, elektron mübarizə sistemi, böyük döyüş yükü və “Meteor” kimi uzaqmənzilli raketlərə malik platformadır.

Ancaq bir eskadrilya “Rafale” belə hərbi balansı avtomatik olaraq Ermənistanın xeyrinə dəyişməyəcək. Azərbaycan daha böyük müdafiə büdcəsinə, çoxsaylı pilotsuz uçuş aparatlarına, modernləşdirilmiş MiQ-29 və Su-25 təyyarələrinə, Türkiyə ilə birləşdirilmiş təlim və idarəetmə sisteminə malikdir.

Müasir hava müharibəsində təkcə təyyarə deyil, radar şəbəkəsi, peyk məlumatı, elektron mübarizə, uzaqmənzilli silahlar, aerodromların qorunması və pilotların hazırlığı nəticəni müəyyən edir.

Azərbaycan nəyi izləməlidir?

Bu mərhələdə “Rafale Ermənistana verildi” deyərək informasiya təşvişi yaratmaq doğru olmazdı. Amma “belə bir şey heç vaxt mümkün deyil” deyib məsələni bağlamaq və arxayınlaşmaq da təhlükəlidir.

Çünki, Fransa Ermənistanın təhlükəsizlik sistemində Rusiyanın boşaltdığı yeri tədricən doldurmağa çalışır.

Bu proses yalnız silah satışından ibarət deyil. 2026-cı ilin mayında strateji tərəfdaşlığın rəsmiləşdirilməsi, hərbi texnologiyalar üzrə memorandumun imzalanması və Fransa hərbçilərinin iyunda Ermənistanda keçirilən “Eagle Partner 2026” təlimində iştirakı göstərir ki, münasibətlər artıq institusional xarakter alır.

Başqa sözlə, bu gün “Rafale” olmasa belə, proses “Rafale” səviyyəsində əməkdaşlığın gələcəkdə mümkün ola biləcəyi istiqamətdə inkişaf edir.

Bu baxımdan Azərbaycan hərbi elitası aşağıda sadalayacağım və gələcək proseslərlə bağlı ehtimal daxilindəki bu məqamları diqqətlə izləməlidir:

  1. Erməni pilotlarının Fransada döyüş təyyarəsi hazırlığına başlaması;
  1. “Dassault Aviation”, “Thales”, “Safran” və MBDA nümayəndələrinin Ermənistan aerodromlarında görünməsi;
  2. Ermənistanın dövlət büdcəsində yeni qırıcı proqramı üçün ayrıca vəsait ayrılması;
  3. Fransa dövlətinin ixrac krediti və ya maliyyə zəmanəti verməsi;
  4. MICA, “Meteor”, AASM və digər aviasiya silahlarının sifarişi;
  5. Yeni simulyator, anqar və texniki xidmət infrastrukturunun qurulması;
  6. Erebuni və ya Gümrü aerodromlarının NATO standartlarına uyğun yenidən qurulması;
  7. Fransanın hərbi hava qüvvələrindən təyyarələrin çıxarılması və onların əvəzlənməsi üçün əlavə sifariş verilməsi.

Bu əlamətlərdən bir neçəsi eyni vaxtda ortaya çıxarsa, məsələ şayiə çərçivəsindən çıxaraq real hazırlıq mərhələsinə keçmiş olacaq.

Doğrudur, “Rafale” hələ ki, yoxdur, amma uçuş-enmə zolağı hazırlanır

İki ilə yaxın apardığım araşdırmamın nəticəsi budur ki, Fransanın Ermənistana “Rafale” qırıcıları satması və ya bağışlaması barədə təsdiqlənmiş qərar yoxdur.

Müqavilə, maliyyələşdirmə, təyyarələrin sayı, təhvil vaxtı və pilot hazırlığı barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

Ona görə “Fransa Ermənistana Rafale verir” başlığı bu gün fakt deyil.

Ancaq daha mühüm bir həqiqət var, Fransa Ermənistan ordusunu mərhələli şəkildə Rusiya sistemindən çıxararaq öz hərbi-texniki ekosisteminə daxil edir. Radarlar, hava hücumundan müdafiə vasitələri, zirehli maşınlar, artilleriya, helikopterlər, hərbi texnologiya və təlim proqramları bu strategiyanın ayrı-ayrı hissələridir.

“Rafale” bu zəncirin bu gün mövcud olmayan, amma sabah ortaya çıxa biləcək rəsmiləşdirilməmiş ən yuxarı mərhələsidir.

Yəni təyyarə bu gün Ermənistanda yoxdur. Lakin Paris onun gələcəkdə enə bilməsi üçün siyasi və hərbi uçuş-eniş zolağını artıq hazırlayır.

 512412570_3986448391605144_6810850457315670157_n.jpg (31 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR