Свобода людям, независимость нациям!

Zorən müttəfiqlər

Prezidentin Piterə getməməsi haqda rəsmi açıqlamaya şərh verməyə həvəslənməmək də olar, baxmayaraq ki, bu mövzuda qeyri-adi səbəb tapmaq da çətindir...

Rusiyanı postsovet məkanında Anadolu şivəsində desək, barınmasına(varlığını sürdürməsinə) səbəb olan üç təşkilat var: Avrasiya İqtisadi İttifaqı(Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) və Müstəqil Dövlətlər Birliyi(MDB). Bunların arasında ən “gənci” Aİİ (2014-cü ilin mayı), ən “qocaları” MDB (1991-ci ilin dekabrı) və KTMT-dir(1992-ci ilin mayı).

Bəllidir ki, hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan KTMT sənədinə 1993-cü ildə Azərbaycan da qoşulmuşdu. Amma 1999-cu ilin aprelində Azərbaycan (Gürcüstan və Özbəkistan da) KTMT ilə 5 illik sürəcin uzadılmasına imza atmadı. KTMT ilə belə üzlüşdük...

Azərbaycanın Aİİ-na üzvlük məsələsi vaxtaşırı müzakirə olunur, bəzi ekspertlər hətta bunu faydalı hesab edir. Rəsmi Bakının təşkilata üzv ölkələrlə (hətta indi Ermənistanla da )iqtisadi əlaqələri normal olsa da, birbaşa üzvlükdən imtina edir. Prezident İlham Əliyev gərək ki, iki il əvvəl Aİİ-nın geniş tərkibdə iclasında qonaq qismində iştirak da edib. Dövlət başçısı çıxışlarının birində deyib ki, Azərbaycanın Aİİ-na qoşulmaq niyyəti yoxdur, amma bu, gələcəkdə müzakirə mövzusu ola da bilər. Görünən budur ki, Aİİ keçmiş sovetlər məkanında fəaliyyət göstərən digər təşkilatlardan nisbətən daha perspektivlidir. Təsadüfi deyil ki, tədbirə İran, Kuba və İndoneziya nümayəndələri də müşahidəçi kimi qatılmışdılar. 

PFceuB4ZZNf9YRf3DpOUq4QI9SEAXSuX.jpg (375 KB)

Azərbaycan MDB-yə üzv olaraq qalır. Bu təşkilatın yaranması, Azərbaycanın niyə üzv olması, hətta hələ də niyə üzv qaldığı haqda arqumentlər sadalamaq çətin deyil. Yola salacağımız ildə təşkilata Tacikistan sədrlik edirdi və bu görəvi 2026-da Türkmənistan yerinə yetirəcək.

Putin ənənvi olaraq ilsonu MDB liderlərini Sankt-Peterburqa dəvət edir. Bu dəfə həm Aİİ-nin rəsmi, MDB-nin isə qeyri-rəsmi tədbiri Ermitajdakı Müqəddəs Georgi zalında keçirildi. İlham Əliyevin Piterə getməməsinin səbəbi haqda Azərbaycan Prezident Administrasiyasının yaydığı açıqlamaya (Azərbaycan Aİİ-na üzv olmaması və Prezidentin sıx iş qrafiki səbəbindən) əlavə şərh verməyə həvəslənməmək də olar. Baxmayaraq ki, bu mövzuda qeyri-adi səbəb tapmaq da çətindir. Təbii ki, əsas səbəb kimi ötən ilin sonunda baş vermiş təyyarə olayına Rusiyanın hələ də ədalətli mövqeyinin olmaması göstərilir. Yəni qısası, Aşqabad görüşündə verilmiş vədlərə əməl edilmədiyi deyilir. Bu, əlbəttə ciddi arqumentdir, amma yeganə səbəb olmaya da bilər.

Məsələ ondadır ki, dövlətlər hətta müharibə edəndə diplomatik kanalları tam kəsmirlər, ona görə vurulmuş təyyarə mövzusunda iki paytaxt (Bakı-Moskva) arasında son olaraq hansı kommunikasiyalar (yazışmalar, razılaşmalar və s) mövcuddur, onu bilmirik. Yəni təhlilçi media fərqli rəydə olarkən, sabah və ya o biri gün Bakının bu həssas məsələdə bütün tələbləri gerçəkləşə bilər.

Azərbaycan bayrağının tədbirdə niyə gözə dəymədiyi haqda şəxsən xüsusi rəyim yoxdur. Kremlin saytındakı xəbərlərdə həm Aİİ, həm MDB-nin tədbirinin eyni məkanda keçirildiyi bildirilir. Ona görə mümkündür ki, İlham Əliyev gəlmədiyi üçün Azərbaycanın bayrağını “MDB iclası üçün” cərgəyə qoyulmasına ehtiyac görməyiblər. Başqa siyasi rəng(lər) də vermək olar. Bu səbəbdən Azərbaycanın MDB-dən çıxa biləcəyi haqda müzakirələr gündəmə tam uyğundur, amma ən azı yaxın aylarda bu barədə qərar veriləcəyini gözləmək də sadəlöhvlük olardı.
Qayıdaq bir daha Ermitajdakı muzey ziyarətinə. Putin qonaqpərvər prezident və leninqradlı olduğu üçün Ermitajla yaxşı tanışdır. 

u02NRf4gmmSWR8lzK5bTldfkivBw0uMN.jpg (422 KB)

Dünyanın ən zəngin muzeylərindən olan Ermitajda gəzinti əlbəttə zövqlü bir iş olmalı. Amma efirə verilən süjetlərdən bəlli olurdu ki, Putinin qonaqları bu gəzintidən qədər də həvəsli deyillər. Belarus prezidenti Aleksandr Lukaşenko ümumiyyətlə, iclas başlamazdan dəqiqələr əvvəl liderlə qatıldı, muzey gəzintisində olmadı. Yeri gəlmişkən, Türkmənistan prezidenti davranışı ilə heyrətləndirdi. Adamın heç bir emosiyası yoxdur sanki, Putin nə illah etdi, hətta lətifə də danışdı, amma onun üzündəki donuq mimikanı dəyişə bilmədi...

Putinin yanında olmaq onun fikirlərini, siyasətini bölüşmək anlamına gəlmir. Amma o da etiraf edilməlidir ki, indi Putinlə təmasda olmaq, bunu kameralar qarşısında etmək üç il əvvəlki kimi rahat deyil. Buna zorən müttəfiqlik deyirlər...

Ukrayna müharibəsi səbəbindən az qala planetin yarısı Rusiya lideri ilə düşmən münasibətdədir. Bu müharibə davam etdikcə də Rusiya ilə, prezident Putinlə də məsafəli siyasət quranların sayı azalmayacaq, əksinə artacaq...

 

Nazim SABİROĞLU,
Musavat.com

Нет комментариев