Свобода людям, независимость нациям!

Tramp Putinə, Putin də ona inanmır, Əliyev isə... – Dədə Qorqud necə demişdi?

Ukrayna müharibəsi həm də bir əsəb, kəşfiyyat müharibəsidir. Buna ötən ilsonu Putinin iqamətgahına iddia olunan PUA hücumuna ölkələrin differensial münasibəti şəkk-şübhə saxlamadı.

Artıq məlumdur ki, bu “hücumu” Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və İran kimi ölkələr dərhal pisləyib, Moskvaya dəstək ifadə edib. Azərbaycan, Türkiyə, onlarla digər dövlət isə reaksiya bildirməyib. Həmçinin Moldova, hətta satellit Ermənistan susqun qalıb.

ABŞ lideri Tramp öz çılğın xarakterinə uyğun şəkildə öncə sərt mövqe ortaya qoysa da, tezliklə fikrini dəyişib. Buna inanmadığını söyləyib. “Yaxınlıqda doğrudan da nəsə baş verib, amma bunun onunla heç bir əlaqəsi yoxdur”, - ABŞ lideri “nöqtəni” qoyub. Bununla da öz mənbələrini daha mötəbər saydığını nümayiş etdirib...

Aydındır ki, heç Putin də Trampa nə inanır, nə də etibar edir. Kreml rəhbəri sadəcə, ABŞ prezidentinin qeyri-ordinarlığından özünün və ölkəsinin imperiya maraqları naminə faydalanmağa çalışır. Gəl ki, Rusiya mediası məhz Azərbaycanı, Moldovanı və Ermənistanı hədəf alıb – MDB ölkələri kimi.

Konkret olaraq Bakıya gəlincə, davam edən sükut çətin ki, AZAL təyyarəsinə görə narazılıqla bağlı olsun. Ona qalsa, məsələdə Azərbaycanla eyni mövqedə olan onlarla dövlət, o cümlədən qardaş Türkiyə, Pakistan, İsrail var.

Yəni Bakı hər şey qırağa, beynəlxalq birliyin rəyini görməzdən gəlib, Azərbaycana qarşı hələ də ədalətsiz kampaniya aparan və diasporumuza qarşı təzyiqləri davam etdirən bir işğalçı ölkənin – Rusiyanın yanında niyə dursun ki? Təbii ki, kəşfiyyat məlumatları, üstəgəl, Kremlin ənənəvi və sevimli dezinformasiya siyasətinə Bakının yaxşı bələd olması da düzgün yanaşma sərgiləməkdə öz işini görüb...

Əfsus ki, Türk Dövlətləri Təşkilatının ölkələri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan Putinin toruna ilişidi. Tələskənliyə yol verildi, yoxsa ayrı səbəb var, hələlik söyləmək çətindir. Bəlkə Trampın “olaya” ilkin reaksiyası əsas götürülüb? Hər halda gerçək belədir ki, Ukrayna XİN-i “hücum faktını” elə həmin gün təkzib edib. Bu yolla sülh danışıqlarını pozmağa çalışan Rusiyanın tələsinə düşən bəzi paytaxtları isə qınayıb.

Odur ki, dövlət həyatının, siyasi sistemlərin sürətlə rəqəmsallaşdığı, süni intellektə daha geniş meydan verildiyi müasir dönəmdə ölkə rəhbərlərinin “feyk” xəbərlərə münasibətdə ikiqat-üçqat diqqətli olmasında zərurət və fayda var. Əlbəttə ki, bu yöndə xüsusi xidmət orqanlarının üzərinə əlavə məsuliyyət düşür. Operativlik də öz yerində.

Unutmaq lazım deyil ki, hansısa güc mərkəzinin bir ölkəni hədəfə gətirib “qaralaması” beynəlxalq ictimaiyyətdə onun haqında neqativ imicin yaradılamasından başlayır. Bizim isə Ermənistanla işlərimiz tamamlanmayıb. Sülh müqaviləsi imzalanmayıb. Demək, yeni müharibə riski gündəmdən tam çıxmış sayılmaz...

Ötə yandan, ölkə rəhbərlərinin bir-birinə şəxsi inam-etimadı və ya simpatiyası mənəvi dəyərlər kateqoriyasına aid anlayışlardır. Bunlar öz yerində, ancaq böyük siyasət, dövlət idarəçiliyi emosiyanı, hissləri yox, soyuq təhlili və faktları sevir. Əlbəttə ki, siyasi fəhm deyilən bacarıq da lider üçün vacib keyfiyyətdir.

Soyuq təhlil ən əvvəl ölkənin “beyin mərkəzləri”nin vəzifədirsə, milli təhlükəsizliklə bağlı faktların operativ toplanması və təqdimatı məxfi xidmətin funksiyasıdır. Mülki təyyarəmizin vurulması hadisəsindən dolayı Azərbaycan-Rusiya münasibətlərində yaşanan qəfil kolliziyalar bunu bir daha təsdiqlədi. Siyasi rəğbət-filan hamısı o saat getdi işinin dalınca. Çünki öncə xalq, dövlət mənafeyi. Təhlükəsizliyi qorunmayan ölkədə isə heç cənnət qurmağa da dəyməz.

Dədə Qorqud necə demişdi: “Torpağı qorumadınsa...”

Нет комментариев

Новости автора

27 Апрель 2026

06 Апрель 2026

03 Апрель 2026

16 Март 2026

07 Март 2026

09 Февраль 2026

06 Февраль 2026

02 Февраль 2026

28 Январь 2026

18 Январь 2026

07 Сентябрь 2025

23 Май 2025