Общественно-политическая интернет газета
Bu yaxınlarda milli arxeoloqlarımız Cəlilabadda qazıntı zamanı kürə şəkilli daş tapmışdılar. Elan olundu ki, həmin daş neolit dövrünə aid nəsə bir artefaktdır və üstəlik, regionumuzda analoqu yoxdur. Yəni, sayın ailmlər də bilmirdilər bu zad nəmənədir, kim qayırmışdır, nə məqsədlə qayırmışdır və sairə.
Dünyada belə üsul var biləsiniz: nəsə tapırsan, mənasını bilməyəndə deyirsən bu bir artefaktdır. Məsələn, Binəqədi sakinləri öz deputatlarını 40 ildir artefakt elan etmişlər.
Nəsə, açığı mən siyasətə qarışmıram, elə-belə yazdım. Şair Fikrət Sadıq demişkən: “Üç cür olur zurnaçılar. Biri elə çalır, Biri belə çalır. Biri də elə-belə çalır”.
Ancaq mənim elmi versiyam var, hesab edirəm ki, Cəlilabadda tapılan həmin yumru daş... kartofun təsviridir. 3-5 min il qabaq da Cəlilabadda yaxşı kartof çıxırmış, onu yığıb Rusetə satırmışlar. Deməli, kartofu Kolumbun kəşf eləyib Amerikadan biz tərəflərə gətirməyi barədə tarixi fakt kökündən (yəni, kartof kökündən) yanlışdır.
Təklif edirəm həmin daşın ziyarəti turist marşrutlarına salınsın. Bu işdən pul çıxarmalıyıq. Haçana qədər turizm dövlət dotasiyasında qalacaqdır? Elə bil biz dünya camaatına müftə qonaqlıq veririk. Qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə.
Ümumiyyətlə, bu “tarixi daşlar” teması bizdə vaxtaşırı aktuallaşır. Hətta bunun ata sözü də yaranmışdır: “Bilmirik başımıza haranın daşını salaq”. Daş növləri çoxdur axı ölkədə... Çaylaq daşı, qranit, mərmər, obsidian (dəvəgözü), canım sənə desin, elçi daşı, məhək daşı, tərəzi daşı... Təkcə kubik daşlarının neçə növləri var: Qaradağ, Güzdək, gülbax və sairə.
Son günlər isə bəzi tarixi məkanlarımızda daşların vandalizm üsuluyla yazılması gündəmə gəlmişdir. Öncə Nizami kino mərkəzinin divarı yazıldı, sonra Xaçmazda narkotik satanların divar yazıları aşkar olundu, nəhayət, Şuşada, Cıdır düzü tərəfdəki qayalıqlara insan adı yazanlar kəskin tənqidə tuş gəldi.
Hər üç halda günahkarların cəzalandığı bildirilir, ancaq biz bu hadisələrin alt qatını və profilaktikasını düşünməliyik.
Birincisi, belə əməllərin beynəlxalq adı italyanca “cızmaq” mənası verən “qraffiti” terminiylə işlənir. Bu işin tarixi qədimdir, 30-40 min il əvvələ aid qraffitilər var. Prinsipcə, biz Qobustan qayalarındakı rəsmləri də qraffiti saymalıyıq. O cümlədən, həmin Qobustanda Roma legionlarının daşa yazdığı “imperator Domisianın əsgərləri burda olub” yazısı tapılıb, məntiqlə, Domisian vandalın yekəsidirmi? Biz indi İtaliyanın baş naziri Melonidən “Bizim qayaları korlamısınız, zəhmət çəkin, kompensasiya ödəyin” tələbi etməliyikmi?
Məncə, hə. Necə deyərlər, istəyənin bir üzü qara, verməyənin iki. Verməzlər, biz də gedib Kolizeyə “Əhmədlə Bibixanım burda olub” yazarıq.
İkincisi, insanlar qraffitiyə niyə əl atır? Özünü ifadə etmək üçün. Gərək ölkədə özünüifadə formaları zəngin olsun. Söz, ifadə, incəsənət, fikir, mədəniyyət azadlıqları vandalizmin istənilən formasına neqativ təsir göstərir. Yeri gəlmişkən, təhsil sektoruna rəhbərlik edənlərin də etirafına görə ölkəmizdə mətn yazmaq, mətn oxumaq qabiliyyəti çox aşağı düşməkdədir. (Məncə burda tik-tokun-zadın da pis təsiri rol oynayır – kitab oxuyan nəsil gedir, gözüylə görən nəsil yetişir). İndi isə biz qraffiti yazanları cəzalandırmaqla belə çıxır ki, axırıncı cızmaqaraçıları da yazıdan uzaqlaşdırırıq.
Əlbəttə, vandalizmin əleyhinəyəm və daş-divarı o cür yazmağı zibilləməyin bir növü hesab edirəm, sadəcə, vəziyyətin məntiqi nəticəsini izah etdim.
Dəli şeytan deyir ki, bu əməllər genişlənsə hökumət aerozol rəng balonlarını qadağan edəcək. Qadağan etməkdən başqa üsul bilmirlər axı.
КомментарииОставить комментарий