Общественно-политическая интернет газета
Əcnəbi məşqçilər çempionata nəfəs verir, hakim səhvləri isə kölgə salır...
Futbol üzrə Azərbaycan çempionatı sona yaxınlaşdıqca daha maraqlı və gərgin qarşılaşmaların şahidi oluruq. Əgər fövqəladə hadisələr (məsələn, qalan turlarda bütün oyunlarda uduzsalar) baş verməzsə, “Sabah” tarixində ilk dəfə çempionluğu bayram edəcək.
Bu mövsüm Çempionlar Liqasında ən güclü 24 klub arasına düşməyi bacaran “Qarabağ” milli çempionatda çempionluğu əldən verdi. Çünki klub ÇL-də çox ciddi oyunlar keçirdi və itirilmiş gücü çempionat oyunlarında bərpa etmək çətin oldu.“Qarabağ”ın bu mövsüm ikinci yerə iddia etməsi isə Avroliqada oynamaq üçün can atan klubların işini bir az qəlizləşdirdi. Bu səbəbdən də indi ikincilik, üçüncülük, dördüncülük və ölkə kubokunu qazanmaq uğrunda “Qarabağ”, “Zirə”, “Turan” və “Neftçi”nin çempionat oyunlarında “qırğın” gedir...

Çempionatı bu dəfə maraqlı edən başqa səbəb də var. Yadımdadır ki, illərin birində İngiltərə klublarında dünyanın ən yaxşı məşqçiləri toplaşmışdı və çempionluq, yüksək yerlər uğrunda gərgin oyunlar gedirdi. Müqayisə tam uyğun olmasa da, bu il Azərbaycan milli çempionatın belə maraqlı alınmasına səbəb həm də əcnəbi məşqçilərdir.Doğrudur, vaxtilə də Azərbaycan klublarında Toşak, Xodukin, Qriqorçuk və Musayev kimi məşqçilər işləyib. 2025–2026-cı mövsümündə “Sabah”a litvalı Dambrauskas, “Neftçi”yə mövsümün yarısından etibarən ukraynalı Vernidub, “Sumqayıt”a serbiyalı mütəxəssis İliç, “İmişli”yə isə portuqaliyalı Kaskilya rəhbərlik edir. Bu siyahıya daha bir ukraynalı Demçenkonu (“Araz-Naxçıvan”), iki il əvvəl “Qəbələ”yə təyin olunan gürcü Tsxadadzeni və “Turan-Tovuz”un rusiyalı baş məşqçisi Bedıyevi də əlavə etmək lazımdır.
“Qəbələ” hazırda yüksək liqadakı yerini qorumağa çalışır, “Araz-Naxçıvan”ın isə artıq iddiası qalmayıb. “Sumqayıt” İliçlə mövsümün ilk oyununda “Qarabağ”ı məğlub etsə də, əvvəlki performansdan tez düşdü. Bu mövsüm yüksək liqaya yüksələn “İmişli”nin isə xüsusi iddiası yoxdur, amma komandanın oyununa baxanda məşqçi işinin olduğu açıq görünür. Göründüyü kimi, hazırda milli çempionatda yerli məşqçilərlə – Qurban Qurbanov və Rəşad Sadıqovun əcnəbilərlə rəqabəti gedir. Bu, əlbəttə ki, müsbət haldır.
Hazırda bölgələrdə stadionların vəziyyəti ideal deyil. Amma məsələn, ötən tur yenidən öz meydanına qayıdan “Turan”ın Tovuzdakı stadionunda anşlaq yaşandı. Bu isə onu göstərir ki, tədricən çempionatda rəqabət də, maraqlı oyunların sayı da artır. Əcnəbi məşqçilərlə bağlı müəyyən qısqanclıqlar da var. Bəziləri yerli mütəxəssislərin dəvət olunmamasından gileylənir. Amma unutmayaq ki, futbolun vətəni sayılan İngiltərə millisinin baş məşqçisi almaniyalı mütəxəssis Tomas Tuxeldir. Mühafizəkar ingilis cəmiyyəti bunu tam qəbul etməsə də, uğur olmasaydı onunla müqavilə də 2028-ci ilə qədər uzadılmazdı.

Demək istədiyimiz odur ki, klublara əcnəbi baş məşqçilərin gəlməsinin futbolumuza ziyanı yoxdur. Bəziləri köməkçilərini də xaricdən gətirir, amma yerli mütəxəssislərlə işləyənlər də var ki, bu da təcrübə baxımından önəmlidir. Yeri gəlmişkən, legioner limitinin ləğvi yerli futbolçuların işini çətinləşdirsə də, hər klubda bir neçə yerli oyunçuya rast gəlmək mümkündür.
“Qarabağ”a gəlincə, Azərbaycanın aparıcı klubudur və onun həm uğuru, həm də uğursuzluğu daim diqqət mərkəzindədir. Gələn mövsümün necə olacağını indidən demək çətindir. Bəzi oyunçuların komandadan ayrılacağı ilə bağlı iddialar var. Müasir futbolda idealizm deyil, maliyyə əsas rol oynayır. Ona görə də gedən oyunçuların yerinə daha güclülərini tapmaq vacibdir.
Tez-tez Qurban Qurbanovdan da soruşurlar ki, təklif olsa “Qarabağ”dan gedərmi? Onun komandada nə qədər qalacağı yalnız özündən asılı deyil. Əgər nə vaxtsa başqa ölkəyə yollansa, bunu normal və anlaşılan qarşılamaq lazımdır.

Çempionatda artan gərginlik hakimlik problemlərini də yenidən gündəmə gətirib. Əvvəllər belə hallar az-az rast gəlinirdisə, indi mübahisəli qərarların sayı artıb. Bu isə hakim səhvlərinin çoxalmasına səbəb olur.
Bəzi hallarda aşkar hakim səhvləri ümidsizlik yaradır. Sosial şəbəkələrdə “Sabah”ın çempionluğu arxasında hansısa qüvvələrin dayanması ilə bağlı iddiaları ciddiyə almamaq olar. Amma beynəlxalq oyunlara təyinat alan hakimlərin kobud səhvləri şübhələri artırır.
Ümumiyyətlə, dünyanın heç bir çempionatında klublar hakimlərdən tam razı deyil. Amma Azərbaycan futbolunun getdikcə bu baxımdan Türkiyə liqasına bənzəməsi arzuolunan deyil.
Son olaraq, “Zirə” – “Neftçi” oyununda da hakim qərarına etiraz olaraq meydanda gərginlik yaşandı. Oyunçular arasında qarşıdurma yarandı, Vernidub isə aşkar ofsayt olduğu görünən qolun qeydə alınmasına və VAR-a baxılmamasına etiraz edərək... papağını yerə çırpdı.
Bu gün “Qarabağ” “Sabah”la qarşılaşır. “Sabah” tarix yazmağa yaxın, “Qarabağ” isə yeni reallıqla üz-üzədir...
Nazim SABİROĞLU,
Musavat.com
03 Апрель 2026
20 Февраль 2026
03 Сентябрь 2025
29 Июнь 2025
24 Май 2025
КомментарииОставить комментарий