Общественно-политическая интернет газета
Sanki Nəsiminin adını rayona verməklə yazıq şairin taleyi də burada əks olunmağa başlamışdır. Keçən ay 47 günlük icra başçısını soyğunçuluq şayiələri ilə işdən qovdular, yerinə hələlik kimsə təyin edilməyibdir. Dünən xəbərlərdə belə maraqlı söhbət oxudum, deyir, hazırda Nəsimi rayonunda cəmi 2 nəfər vəzifəli şəxs qalıbdır, onlar da başçının müavinləri imiş. Sitat: “Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri - baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı”. Sitatın sonu.
Açığı, həmin informasiyanı oxuyanda yüngülvari şok keçirdim. Arif Quliyevin sözü olmasın, soruşun, niyə. Dejavyu yaşadığım üçün! 1993-cü ildə məni – “Narxoz”un 4-cü kurs tələbəsini praktika keçmək üçün, sizcə, hara göndərmişdilər? Bax, elə həmin Nəsimi rayon icra hakimiyyətinə! Və təsadüfə bax ki, AXC hakimiyyətinin yıxıldığı ay – iyun ayı idi, icra hakimiyyətində praktikaya gəldiyim haqda sənədləri imzalatdırmağa adam tapa bilmirdim. İdarənin sıravi işçiləri bir qədər də lağlağı ilə üzümə açıq deyirdilər ki, Əli Quliyev (AXC zamanı Nəsiminin başçısı) harasa qaçıb, ona görə icra hakimiyyətində xaosdur. Yəni, “elə bircə sənin praktikan çatışmır”.
Nəticə də gördüyünüz kimidir – mən o vaxt praktika keçsəydim, indi burda mənim yerimə, Allah bilir, kimin cızmaqarasını oxuyurdunuz. Hansısa hökumət qulluğunda oturub xımır-xımır yeyirdim.
Ortaya bir sual çıxır ki, Nəsimi rayonunda bu qədər vəzifə boşdursa, ancaq camaat asudə həyatına davam edirsə, bəlkə heç o vəzifələri bərpa eləmək, daha dəqiqi, yenidən doldurmaq lazım deyil? İcra başçısı olmasa da Nəsimidə səhər açılır. Şairin ünlü əsərini parafraz eləsək, “məndə sığar icra hakimiyyəti, mən bu idarəyə sığmazam”.
Hazırda başçının vəzifəsini icra edən 1-ci müavinin qabaqlar 2 yerdə məktəb direktoru olduğunu yazmışdılar, bu da istər-istəməz təhsil sektorumuzun inzibati idarəçilikdə artan rolunu, əhəmiyyətini nümayiş etdirir. Məhz bunun sayəsində artıq bəzi paytaxt məktəbləri polis idarəsiylə 24 saatlıq mühafizə müqaviləsi bağlayırmış. Görünür, elm-təhsil, maarifçilik bizdə gecə-gündüz, yuxu bilmədən davam edir, bu işıqlı prosesi sutkanın qaranlıq vaxtlarında da qorumaq lazımdır! Zarafat eləmirəm, mən dünən gecə 300 nömrəli məktəbin qabağından keçəndə ordan parlayan, sayrışan mistik işıqlar gördüm.
Mövzudan çox aralaşmayaq, icra hakimiyyətləri temasında maraqlı bir açıqlama da şərurlu İsfəndiyardan gəlmişdir. Deyir, vaxtilə Binəqədi rayon icra hakimi Xaləddin İsgəndərov qahımı, əski vergilər naziri Fazil Məmmədova arxalanaraq məndən 400 min manat rüşvət almışdı. Ərazidəki “Hollivud” şadlıq evini işlətmək üçün bunu ödəməyə məcbur imiş. Sitat: “Yoxsa vergini tökəcəkdilər üstümə”.
Əsl Hollivud süjetidir. Ora-burasını bəzəyib, reketlik temasında kriminal-detektiv çəkmək olar. Məsələn, süjetin bir qolunda İsfəndiyar müəllimi “Şərur” MTK-nın tikinti ərazisinə aparıb orda betona qarışdırmaqla şantaj etmək mümkün idi. İtaliya mafiyasının sevimli iş üslubundakı kimi.
Bax, işin tragikomik tərəfi həm də elə bundadır: iş adamı korrupsiya faktını açıq-aşkar etiraf edir, ancaq bu barədə nə baş prokurorluqda cinayət işi açan var, nə Xaləddin müəllimə “gözün üstündə xal(q) var” deyən. Asudə dolaşır özü üçün.
Fağır Əli Quliyev isə deyəsən o gedəndir, indiyəcən Ukraynada yaşayır.
КомментарииОставить комментарий