Общественно-политическая интернет газета
Neftçalanın icra başçısı Mirhəsən Seyidovun 26 min manatlıq plaş geyinməyi mövzusu çıxmışdı, Seyidov bunu təkzib etdi, plaşı 350 manata aldığını söylədi. 3 il qabaq özü də. Yəni bizdə başçılar 1 plaşı 3 il geyinirlər. Bununla fəxr etməliyik. Açığı, mən özüm 2011-ci ildə aldığım köynəyi indiyəcən geyinirəm, bunu fotoşəkillərlə isbat da edərəm, bəs niyə məni icra hakimiyyətinə heç məsləhətçi də götürməyiblər?
Bəlkə də başçının köhnə plaş geyməsi Neftçala camaatı üçün yaxşı hal sayılmır. Nöşün ki, bizim millət insanı və başçını geyiminə görə qarşılayıb, yığdığına görə yola salarlar (pis mənada anlamayın, yığdığı ağıl, hörmət, izzət kapitalı nəzərdə tutulur). Xalq arasına ucuz geyimdə, qəstumsuz-qalstuksuz çıxsan, bəlkə sənə salam da verməzlər. Dəbdəbəyə meylliyik - bütün müsəlman, Şərq camaatları kimi. İcra başçısı balıq festivalına balıqçı toruna bürünüb çıxmalıydımı, bunu əlaqədar orqanlar yaxşı bilər. Ata sözündə deyilən kimi, könlü balıq istəyənin plaşı suda gərək.
Ona görə də mən Mirhəsən müəllimin təkzib açıqlamasında tam başqa motivə diqqət çəkmək istəyirəm. Orada başçı belə bir söz dedi: “Belə sözlər yayanlar Neftçalanın artan gücünü işıqlandırsınlar”. Yaxşı təklifdir. Mən də işıqlandırmaq qərarına gəldim və elə açıq, rəsmi mənbələrə üz tutdum. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Neftçalada cəmi 137 yeni iş yeri yaradılıb. Bəs neçəsi bağlanıb, 88 min nəfər əhalisi olan rayon üçün 137 yeni iş yeri nə qədər “artan gücdür” - ta bunu şərh etməyi sayın oxucularımıza buraxıram.
Ya da elə uzağa getmədən Mirhəsən müəllim öz rayon statistika idarəsinin rəisi Şahin Mənəfovu çağırıb “Bu ilin 9 ayı ərzində Neftçalada sənaye məhsulu istehsalı keçən ilin uyğun dövrünə nisbətən neçə faiz artıb” soruşa bilər. Cavabı burada yaza bilərəm: 0,9 faiz. Pis çıxsa da, qonşu ilə müqayisə aparsaq, Ermənistanda uyğun artım 5,5 faiz olub. Sayın icra başçısı sıfır tam onda doqquz faizin nəyini tərifləyir? Buna heç corab almaq olmaz, gəl gör plaş...
Belə “artan güclərimizdən” biri də, əlbəttə, “Qarabağ” futbol klubudur. Yox, onun əsas heyətinin “Ayaks”a 2:4 hesabı ilə uduzmasından bəhs etmək fikrim yoxdur. Onsuz orada damazlıq bir-iki azərbaycanlı idmançı var və şəxsən məni bu klubun uğurları qətiyyən maraqlandırmır. Mən özümüzün gənclərimizin futbol oynamağını, bu işə pul qoyulmağını arzulayıram. Həmin milli gənclərimiz isə “Qarabağ”ın 19 yaşlılar heyətində toplaşıblar və həmin heyətin “U-19 çempionlar liqası”ndakı oyunları fısqırıqdır. İzlə, ləzzət al. 6 oyunun hamısını uduzublar, özü də böyük hesablarla. Son oyunda “Ayaks”lı həmyaşıdlarına 0:8 uduzdular. Ən tragikomik olanı ümumi top fərqidir: 1 top vurub, 31 top buraxıblar! Yəni futbolumuzun gələcəyinin hesabı 1:31-dir (burada 31 rəqəmi də simvolik alınıb).
Təzəlikcə rayonların birində guya əlil, inklüziv təhsilə ehtiyacı olan uşaqlar üçün tədbir keçirirdilər, mən fotolara baxdım, səhnədə 1 nəfər əlil uşaq görünmürdü. Hətta tədbir keçirilən binanın pilləkənində pandus da nəzərdə tutulmamışdı! Möhtəşəm inklüzivlikdir.
Əlbəttə, bunların hamısının səbəbkarı kimdir? Ay sağ olasınız: Nəriman!
КомментарииОставить комментарий