Общественно-политическая интернет газета
Ramiz Rövşən söz ustasıdır, amma söz oyunçusu deyil, söz canbazı heç deyil...
15 dekabrda Xalq şairi Ramiz Rövşənin ad günü idi. Onun haqda indiyədək bir neçə yazım olub. Özü oxumayıb yəqin ki... Heç özünün oxuması üçün deyildi bu yazılar. Düzü, sözün çəkidən düşmədiyi zamanlarda Ramiz Rövşən haqda yazmaq özü cəsarət istəyirdi. İndi necə deyərlər, “Şaxta baba” yaşına çatıb, sözün dəyərdən düşdüyü bu zəmanədə onun haqda yazmaq indi iki qat çətindir. Ona görə “sınaqdan” çıxmış bir neçə yazımdan bir neçə fikri bir yerə topladım. Kənarda qalan fikirlər də oldu, onlar da gələn ad günlərinə qalsın...
***
“İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda...”
Osmanlı türkləri dekabra necə də dəqiq olaraq “aralıq” deyir. Təzə ilə köhnə arasında aralıq. Ramiz Rövşən aralıqda-dekabrın 15-də-payızla qısın aralığında dünyaya gəlib. Bu isə onun “Qocalıq” şeirindən seçib bəyəndim bəndlərdən biridir.
Ramiz Rövşən bizim nəslin- gəncliyi 90-cı illərə təsadüf edənlərin-kumiridir deyirdilər. Ramiz Rövşəni kumir hesab etmək onu başa düşmək, anlamaq istəyi idi. Çətin bir iş...
Onun oğlu Rövşənə həsr etdiyi “İlan balası” şeirinin ən azı 10 yerə yozmaq olar, 10 məna axtarmaq, 10 məna tapmaq olar. Heç yadımdan çıxmaz. Rayonların birində qonaq idim. Gecənin bir vaxtı evə ilan girdiyi məlum oldu. Dağ adamları ilandan ürkən olur axı...Heç kimin gözünə yuxu getməyəcəyini görüb yol çantamda gəzdirdiyim Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitabını çıxardım. “İlan balası” şeirini tapdım, bir neçə dəfə oxudum. Beləcə rahatlayıb yatdıq...
Böyüyür bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
...Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey...
Ramiz Rövşən o qədər zəngin fikirlərlə dolu adamdır ki, onu dinləməkdən doymursan. Danışar, danışar sən yorulmazsan. Onun izahedilməz bir aurası var həm də. Onu görəndə-fərqi yoxdur, həyatda, ekranda- doğma adamını görürmüş kimi sevinirsən. Ramiz Rövşən həm də “monoloq adamdır”, o səni də səbirlə dinləyir, amma özü sənin dərdinlə, səsinlə danışır. Onun auditoriyada çıxışı özü bitkin bir şeir, hekayədir... Onun danışıqlarından istəsən, hər dəfə nələrsə öyrənə bilərsən. Oğurlaya, özününküləşdirə isə bilməzsən. Şeirlərin o səbəbdən özündən başqa kimsə onun kimi söyləyə bilmir. Ciddi sözümdür, ədəbiyyatı, şairləri az oxusam da inanıram ki, hələ də heç kim onun kimi yaza da bilmir.

Ramiz Rövşənin "Nə var Allahdan yuxarı, Nə var qəbirdən aşağı, ruhum, dur yığış gedirik, sən yuxarı mən aşağı" misrası ətrafında yaranmış o süni müzakirələrdə belə yazmışdım: Mən də razıyam, alın bütün şeirlərini, deyin ki, bax, bu filan şeirdə filan bənd də filosof Konfutsiyə məxsusdur, filan bəndi Alfred Hiçkokun “Məryəm” filmindən almısan. Axtarsanız, Spielberqin filmlərindən də xeyli iqtibaslar, “çırpışdımalar” tapacaqsınız. Deyin ki, “Qara paltarlı qadın” şeiri əslində Leonarda Da Vinçinin “Mona Liza” əsərinin dublikatıdır. Sonra? Sonra deyin Ramiz Rövşən əslində gəncliyində dediyi şeirlərlə özünü dəliyə-yəni Salvador Dali sürrealizminə bənzədirmiş... Kimin ürəyində nə var desin...Amma, fəqət və lakin, onun özünü aralığa qoymayın.
Ramizin şeirlərindəki “İlahi”, “Allah” müraciətləri onun Göylərdən çox Yerə-insanlara, suya, çörəyə, dostluğa bağlılığını göstərir. Ramiz Rövşən söz ustasıdır, amma söz oyunçusu deyil, söz canbazı heç deyil.

Ramizin şeirlərindəki “Qara paltarlı qadın”ı kimlər axtarmadı, kimlər tapdı?
Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.
Ramizin qadın haqda şeirləri bütün dövrlər aktualdır. Divarlara şüar kimi yazılacaq fikirlər var o şerirlərdə...
Yox, sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın…
Deyirlər, son illər Ramiz Rövşən müsahibə vermir. Türkiyədə çox səs-küy gətirən Müslüm Gursəsin həyatından olan “Müslüm” filminə baxanlar bilir: orda gənc Müslümün ustadının bir ifadəsi mismar kimi adamın başını deşir: “Müslüm, yalnız səs susarsansa, səsin kəsilər...”
Ramiz Rövşənin bir neçə il əvvəl bir ifadəsi yadıma düşür: “Mən iyrənib susa bilərəm...” Susmur amma, yazır...80 yaş haqda yazdığı şeirdə sonda “son zəngə az qalıb” deyir. Ramiz Rövşən nə yazsa qənimətdir...Dünyanın çarxının tərs döndüyü, “adamların yeyildiyi” ( “Adamları yemək olmur” da onun bir filmə yazdığı şeirdir) bu aralıqda yaxşı ki hələ sözü və səsi ilə hələ var...
Nazim SABİROĞLU,
Musavat.com
03 Апрель 2026
20 Февраль 2026
03 Сентябрь 2025
29 Июнь 2025
24 Май 2025
КомментарииОставить комментарий