Свобода людям, независимость нациям!

Müəllimlərin məktəbə qaytarılması planı

“Mən anlamıram kim, nola mənayi-müəllim?

Qırx-əlli manat pul ala hər ay müəllim?

Bir tazə üsulə ola ifayi-müəllim?

Pulları ala, söyləyə, “oxqay”, -  müəllim?

Molla ona həsrətlə çəkə küçədə ah!.. ah!..

Lahövlə vəla qüvvətə illa və billah!”

(Sabir)

Təhsil sektorunda növbəti islahatın anonsu verilib: hökumət müəllimləri zor-xoş məktəbə qaytarmaq fikrindədir.

Zarafat eləmirəm. Həqiqətən, plan belə qurulub ki, müəllimlərə maaş indi olduğu kimi dərs saatı üzrə deyil, iş günü üçün verilsin. Misal üçün, hazırda əgər müəllimin 45 dəqiqəlik dərsi var idisə, gəlib onu yola verirdi, çıxıb gedirdi evdə dovğasını bişirməyə. 

Məktəbdə tədris son illərdə tam iflasa uğramışdı. Ta əvvəlki kimi gərgin seçki-meçki prosesləri də yox idi ki, müəllimlərə hansısa zəruri ehtiyac duyulsun. Protokolu, bülleteni kimdən gizlədəsən, niyə gizlədəsən... Allaha şükür, tam aşkarlıq şəraitində yaşayırıq.

Uzun sözün qısası, müəllimlər bir növ nəzarətsiz qalmışdılar, məktəbdən dərs saatı üçün maaş alıb çıxıb gedirdilər, çünki artıq uşaqlar da məktəbə yox, cürbəcür kurslara-zada yollanırlar. İndi bizdə məktəb dərs və elm-təhsil, maarif və təlim-tərbiyə tipli arxaik mövzularla yox, hansı uşaq başqasını bıçaqladı, direktor necə həyasızlıq elədi, nə bilim, tədris hissə müdiri qarovulçunu kimya kabinetində nə ilə doğradı kimi söhbətlərlə gündəmə gəlir. 

Söz sözü çəkər, yaxşı yadıma düşdü, bu yaxında bir gülməşəkər deputatımız təklif vermişdi ki, məktəblərdə uşaqlara skuter sürmək dərsləri keçilməlidir. Guya nəticədə uşaqlar yekələndə skuterləri adam balası kimi sürər, səkidə xalqı basdalamazlar. Hələ sən uşağı məktəbdə tap, sonra skuter öyrət... Üstəlik, məktəbin çoxunda pozanı da valideynə aldırırlar, indi skuter də almalıyıqmı? Məktəbdə normal idman dərsi keçilsə, uşaqlar qaçmağı, tullanmağı öyrənsə bəlkə quldur sinif yoldaşlarının bıçağından qaçıb canlarını qurtarar. Skuter mərhələsinə hələ gəlib çatmamışıq. 

Qayıdaq iş gününə. Doğrudan da, əgər yaxşı maaş verilsə müəllimlərin məktəbdə səhər saat 9-dan, misal üçün, axşam 5-ə qədər – 8 saat qalması daha uğurlu model olar. Müəllim-şagird, məktəb-valideyn münasibətləri daha sıxlaşar, daha dərinləşər. Axı dərs təkcə 45 dəqiqəlik və dərslikdəki əzbərçilik, basırıq statistika-filanla olmur. Müəllimlər dərsdən sonra da uşaqlarla çalışmalıdır. Məşğələ, dərnək, konfrans, seminar, təcrübə, məşqlər və sairə üçün. Müəllimin adicə müəllim otağında oturması, fasilədə dəhlizdə gəzişməsi şagirdlər üçün vacibdir. Yoxsa son illərdə bu nəzarəti adətən heç bir pedaqoji təhsili olmayan qarovulçu və xadimələrə həvalə edirlər. 

Bir vaxtlar çox yaxşı ənənə var idi: məktəblilər teatr, kino nümayişlərinə aparılırdı. O cümlədən, məktəblərin özləri teatr qururdu, tamaşa oynayırdı. 

Yaxud, bütün məktəblərdə saxta kitabxana fondu var. Həmin kitablar yalnız müəllimlərin nazirliyin saytı üçün şəkil çəkdirmə fonu rolunu oynayır. Məktəbli kitab götürüb evdə oxuyub qaytarmaq istəyəndə rədd cavabı alır. (İstəsəniz monitorinq aparın – o kitabların bəzilərinin arası da açılmayıb, gəl gör təhvil-təslim haqda kartoteka qeydləri olsun). Halbuki, müəllim həm özü oxumalı, həm uşaqlarda ədəbiyyat zövqü formalaşdırmalı , sovet termini ilə yazsam, “sinifdənxaric oxu” öyrətməlidir. Hansısa romanı oxuyub müzakirə edən, öz fikirləri ilə şərh edən hansısa müəllim, sinif, məktəb göstərin, gedək nəzir verək. 2 belə məktəb tapılsa qurban da kəsərik. 

Ancaq, təbii, bu gündəlik iş saatı islahatını məktəbdə tətbiq etmək üçün şərait olmalıdır. Yuxarıda yazdığım kimi, ilk növbədə yüksək maaş. Yoxsa heç bir repetitor az pula məktəb divarları arasına qayıtmayacaq, qayıdanlar da necə deyərlər, “uşaq tuta bilməyən müəllimlər” – hazırlıq kursu olmayan bisavadlar olacaq. 

İkincisi, müəllimi bütün günü işdə olmağa vadar edən sistem orada normal qidalandırma da yaratmalıdır. İndiki “peraşki-çubuq” yeməkxanası ilə alınmayacaq. 

Üçüncüsü, Bakı məktəbləri dəhşət basırıqdır, heç uşaqları adam kimi yerləşdirmək olmur, müəllimi bütün günü harda oturdacaqsınız? Hər müəllimin öz masası, ayrıca iş məkanı olmalıdır axı. Bu necə olacaq? İdman dərsini asfalt həyətdə keçdiyiniz kimi, bəlkə məktəbin qabağında palatka qurub müəllim kabinetləri düzəldəcəksiniz? 

Suallar çoxdur, ancaq bütün hallarda nəsə dəyişiklik istəyinin özü də alqışa layiqdir. Çünki indiki vəziyyətdə təhsilimiz heç yaxşı yerə getmir.   

Нет комментариев

Новости автора

29 Июнь 2025