Общественно-политическая интернет газета
“Bütün sənətlər içərisində bizim üçün ən vacibi kinodur”
(Volodya Lenin)
Bu yaxınlarda hökumət kino idarəsinə təzə müdir qoyanda xalqımızın sevimli filmlərindən olan “Bəyin oğurlanması” filmindən bir epizod yada düşdü. Orada kinoçəkənlər çəkiliş yeri üçün kənd dükanının müdiri İsrafilin evinə baxırdılar, bu zaman İsrafilin evindəki Bibixanım “Rəhmətlik dədəsi yaxşı tar çalırdı”, Səyavuş Aslanın obrazı - rejissor asistenti isə “Öz tarçalanımız var” deyirdi. Çünki təzə müdirimizin məhz ünlü bir tarzənimizin nəvəsi olduğunu açıqlamışdılar.
Doğrusu, yeni müdirin də babası kimi mahir tarzən olub-olmadığını bilmirik, ancaq Azərbaycan kino sənətinə hazırda elə yaxşı bir tarzən lazımdır. Qəmli musiqilərdən birini dınqıldatsın, millət oturub ağlaşsın. Məsələn, “Yetim Segah” ola bilər.
Gələn ilin büdcəsi MM-də müzakirə və qəbul edilməkdə ikən kinomuzun 2026-cı ildə daha da, bir növ, ikiqat yetim qalacağı ortaya çıxmışdır. (Bəlkə atalı-analı yetim. Çünki ölkədə pul çoxdur). Qısa yazsam, hökumət gələn il kinoya 1 qəpik də ayırmayacağını büdcədə göstərmişdir. Hətta keçmiş mədəniyyət naziri, MM Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məcbur olub etiraz çıxışı eləsin. Sitat: “Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”.
Polad müəllimin kinomuzu xatırlaması bir yandan, nəyinsə düzgün olmadığını görməsi başqa yandan möcüzəvi hadisədir. Aldığımız məlumata görə, bunu eşidən bir neçə seçici Qarabağ dolalaylarından kəlləmayallaq olub, vəziyyətləri kinomuz qədər ağırdır. İnşallah, salamatçılıq olar, bizimlə qalın.
Bəs hökumət kinonun pulunu niyə kəsib? Görünür, susuz quyuya su daşımağın mənası olmadığını artıq başa düşüblər. Əvvəlki illərdə 3-5 milyon pul ayrılardı, lakin həmin pulların başına daş salınırdı. Kino məmurları özlərinə bahalı maşınlar alır, kinostudiyanın həyətini hansısa çobana göydələn yeri kimi satır, ortaya da Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi tipində krinj, əndirəbadi və adam arasına çıxarılması mümkün olmayan “əsərlər” çıxırdı. Bir dəfə hətta Hesablama Palatası hansısa əyinti-yeyinti ortaya çıxarmışdı, axırı elə milli kinomuz kimi fıs oldu. Halbuki elə həmin Vaqif müəllim Vergilər Nazirliyinin vəsaiti ilə “Yoxlama” kimi əla serial çəkmişdi. Belə çıxır, rəhmətlik Fazil Məmmədovun kinoya münasibəti indiki məmurlardan daha senzurasız imiş. Ya da elə həmin “Bəyin oğurlanması”nı Vaqif müəllim 1985-ci ildə - sovetlərin qızğın vaxtlarında çəkmişdi axı.
Əlbəttə, Vaqif müəllimin son filminin biabırçılığını yaradıcılıq azadlığına məhdudiyyətlə əlaqələndirmirəm, bəlkə də heç ona “gözün üstdə qaşın var” deyən olmayıb, elə özü o cür “yaradıb”. Amma mühitin yaradıcılığa təsiri şübhəsizdir. Ətrafında hamı “qaloş” geyinirsə, sənin “Salamandr” ayaqqabı istehsal eləməyin çox çətindir. Mal fermasına “Şanel 5" vurub getməyin də, həmçinin, mənası yoxdur.
Kino idarəsi müdirinin müşaviri, rejissor Elxan Cəfərli bir-iki gün qabaq demişdi ki, son 3 ildə dövlət sifarişi ilə 71 filmin istehsalına başlanılıb. Sitat: “Onlardan 21-i tammetrajlı bədii, 15-i sənədli və bədii-sənədli, 26-sı qısametrajlı, 8-i animasiya, biri isə çoxseriyalı bədii filmdir. Bu günə qədər 41 film artıq tamamlanıb və təhvil verilib, 30 layihə isə istehsalatdadır. Ümumilikdə, kino istehsalına 21 milyon manatdan çox vəsait ayrılıb. Bu, Azərbaycan kinosu üçün kifayət qədər ciddi göstəricidir”.
İnanılmaz rəqəmlər idi. 41 film. Hazırda bütün kino tənqidçilərimiz əllərində çıraq, ortalığa düşüb həmin tamam olmuş 41 filmi axtarırlar. Bəlkə elə hökumət də axtarır, tapa bilmir və o səbəbdən daha pul ayırmaq istəmir?
Ancaq dəli şeytan deyir, kaş hazır filmlər 43 olaydı. O zaman yazımızın qapağını qoyardıq. Çünki girişdə sitat verdiyimiz filmin əzbərə dönmüş epizodlarından biri də kəndli “Brodyaqa”nın hind filmi “Avara”ya 43 dəfə baxması haqda idi.
“Ürəyimizə toxunan kinolar” lazımdır.
КомментарииОставить комментарий