Свобода людям, независимость нациям!

Kanalizasiya üzərində uçarkən

(Ken Kiziyə nəzirə)

Payız isti keçirdi, xalq narahat olmuşdu ki, yağış yağmır, təbiətdə balans pozulur, hətta Xəzər quruya bilər. Xəzərin quruması isə orada süni adalar qurmaq planlarımızı əngəlləyəcəkdi. Nəticədə nəticələrimiz yaxşı yaşamaqdan məhrum olardılar. 

Allaha şükür, uca yaradan uca xalqın dualarını eşitdi, son vaxtlar göydən bir neçə vedrə su töküldü. Ancaq yağış başqa problemləri qabartdı. Həmişəki kimi. Bu dəfə Bakıda bir neçə binanın altı çökdü. Xəbərlərdə bizə məlumat böylə çatdırıldı ki, bunun günahı əlaqədar orqanlarda deyildir, camaat özü səhvə yol vermiş, evlərini kanalizasiya kollektor və xətləri üzərində ucaltmışlar: “Yenə də biz xalqı yiyəsiz qoya bilmərik, icra hakimiyyətində qəmissiyə yaradılmışdır, hazırda orada güclü iclas gedir, çıxışlar yağışlar kimi ara vermir, çalışmaq lazımdır ən azı iclas müddətində uşaq-muşaqlar kanalizasiya çuxuruna düşüb boğulmasınlar”. Sitatın sonu. 

Hətta mən internetdə bir fotoşəkil gördüm, yaranmış qara dəliyin ətrafına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları keçilməz zolaqlı lent çəkib “Giriş qadağandır!” lövhəsi asmışdılar. Şüarın yanında isə bir nəfər suda boğulan şəxs simvolu həkk edilmişdi. 

Bunlar hamısı çox gözəldir. Lap saqqız çeynəməkdən qarnı ağrıyan uşaqların məktəbdən evə buraxılmağı haqqında müsbət enerjili xəbər kimi. Ancaq paytaxt şəhərində kanalizasiya kollektorunun üzərində ev tikməyə kim yaşıl işıq yandırıb, bunu niyə araşdıran olmur? 

Axı zarafat deyil, o boyda binalar tikilib, hamısının mülk kağızı - çıxarışı da var imiş. (Mən bir dəfə bu temaya toxunmuşam, indi ana dili müzakirələri qızışdığı üçün yenidən qayıdıram: nəhayət, bu mülk kağızının “çıxarış” adı dəyişdirilməlidir. Niyə camaatın it zülümü ilə pul yığıb aldığı evin hüquqi kağızı “çıxarış” adlanmalıdır? Niyə camaat daim oradan çıxarılmaq qorxusu altında saxlanılır? Çıxarış, yox bir, “basbayıra” sənədi...) Mülk kağızını əldə etmək üçün insanlar yetmiş yeddi idarədən keçirlər. Hər şeyin qanuniliyini yoxlamaq səlahiyyəti, imkanları bizdə yalnız dövlətə məxsusdur - özəl detektiv fəaliyyəti qadağandır. İndiki halda isə, belə çıxır, istənilən binadan, ərazidən mülk kağızı olan evi almaq da riskli və təhlükəlidir. Nə biləsən altında nə var? Bəlkə nüvə tullantıları poliqonunun üstündə tikib sənə satırlar? 

İstənilən başqa sferada oxşar vəziyyətdir. Məsələn, hansısa mənzili alanda dövlət idarələri sənədlər toplatdırır, sən də arxayın pulu sayıb verirsən, ancaq alverdən 7 il keçəndən sonra bir gün məlum olur ki, bu mənzildə evin əvvəlki yiyəsinin yeddi arxa dönəni “propiskada” qalmaqdadır. Nəyə görə? Bunu yoxlamalı, aradan qaldırmalı olan dövlət qurumları niyə rüsumları həzmi-rabedən rahat-hulqum kimi keçirirlər? Haram-xoşları olsun desək, haqqımız çatmırmı?

Bu cızmaqaranı elədəyim anlarda Müşfiqabaddan bir xəbər oxudum. Camaat ağlaşma qurmuşdu ki, qış girib, ancaq bizim istilik verilmir. Ən targikomiyi isə qaz idarəsinin cavabı idi: “Müşfiqabad Qaz Paylayıcı Stansiyasından (QPS) "Azəristiliktəchizat" ASC-yə məxsus 246 və 247 saylı qazanxanalara gedən 108 mm diametrli, uzunluğu 1000 metrə yaxın qaz xətti naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanıb. “Azəristiliktəchizat” ASC hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Oğurluq faktında əli olan vətəndaşların axtarışı ilə bağlı cinayət işi açılıb. Tapılıb dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılır". Sitatın sonu. 

Təsəvvür eləyin, kimsə 1 kilometr qaz xəttini əkişdirib, lakin bunu görən olmayıb. Eyni zamanda cinayətkarlar tutulana, məhkəmə bitənəcən Müşfiqabad sakinləri Mikayıl Müşfiqin şeirlərini oxuyub qızışmalıdır. 

Məsələn, “Yenə o bağ olaydı” şeiri babat istilik verir. Məndən məsləhət...





Нет комментариев

Новости автора

29 Июнь 2025