Общественно-политическая интернет газета
“Deməyə sözü olanlar həmişə susurlar”
(Pablo Eskobar)
Yenə bizi gündəmdən, vacib məsələnin müzakirəsindən yayındırdılar. Parlamentdə ana dilinin qorunması uğrunda mübarizə başlamışdı, ancaq iclasda iştirak edən AYB sədri Anar müəllim heç dəxli olmadan Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin köçürülməsi təklifini irəli sürdü, diskussiya tamamilə fərqli istiqamətə yönəldi. (Elə mən özüm də əslində başqa temada yazmaq fikrində idim, birdən ağlıma gəldi ki, çoxdandır Anar müəllimin həyat və yaradıcılığını işıqlandırmıram, bu diqqətsizliyə görə dəyərli ziyalımız məndən inciyə bilər).
Heykəlin yeri, Anar müəllimin fikrincə, uğursuzdur, orada hansısa restoran açılıb, nəticədə guya turistlər elə zənn edirmiş ki, bu, hansısa qapıçının heykəlidir. Lap hesab edək, belədir. Bunun nəyi pisdir? Qapıçıya heykəl qoymaq olmaz? Bu nə burjuy yanaşmasıdır? Qoy turistlər də belə fikirləşib ölkəmizdə insana, sadə peşə sahibinə qoyulan hörmətə heyran qalsınlar.
Bakıda hara baxırsan, şair-yazıçı heykəlidir, baxmayaraq kitab oxuyan da yoxdur, imkan ver bir dənə də qapıçı heykəli olsun. Üstəlik, ölkəmiz Şərq və Qərb arasında qapı rolunu oynayır, lap simvolik çıxır. Hətta biz lazım gəlsə, misal üçün, “Qarabağ” Çempionlar Liqasında babat yer tutsa, Şahruddin Məhəmmədəliyevə Sahil bağında - Anar müəllimin ofisi ilə üzbəüz heykəl qoymalıyıq.
İkincisi, Həsən bəy özü haradasa qapı açan bir insan olub, milli mətbuatımızdan tutmuş, milli teatrımıza qədər çox sahələrə qapı açıb, yol yaradıb. İndi bir əcnəbi turistin onun heykəlini qapıçı heykəli zənn eləməyi lap gözəl.
Tək daşlar yerinə oturmur dünyada, heykəllər də bəzən yerinə oturur. Məsələn, niyə hələ də Bakıda Rəsulzadəyə heykəl qoyulmur? Çünki yerini tapmamışıq! Tapan kimi, onu anlayan kimi heykəlini də qoyacağıq, inşallah.
Üçüncüsü, Anar müəllim Zərdabinin heykəlini Pedaqoji Universitetin bağına köçürməyi təklif edir, halbuki həmin bağda bu heykəli il ərzində beş adam görməyəcək. Hətta mən dəqiq bilirəm ki, bu saat həmin Pedməktəbin tələbələri arasında sorğu keçirsən, onların onda biri Zərdabinin kim olduğundan xəbərsiz çıxacaq. Elə isə niyə heykəl ora köçürülür? İçərişəhər isə turistik bölgədir, hər gün yüzlərlə adam ziyarət edir və istər-istəməz Həsən bəyin kimliyi ilə maraqlanır.
Maraqlıdır ki, Anar müəllim nəşriyyatın qabağını təklif etmir, çün, qəzetçiliyin axırının çatdığını bilir. Əslində yazıq Zərdabi özü də o vaxt “Əkinçi”ni zülümlə buraxırdı, nə abunəçi vardı, nə qəzet alan, ona görə 2-3 il sonra bağlanmışdı. Azərbaycan xalqını mədəniyyət və maarif, söz azadlığı, informasiya təminatı deyil, Spartakla Təhminənin bağda mazaqlaşması maraqlandırdığı çoxdan məlumdur, aksiomdur.
Sözgəlişi, Həsən bəyin tək heykəli yox, hətta ölüsü belə qəbirdə rahatlıq tapmayıb, 3 dəfə yerini dəyişmişik.
Ancaq dəli şeytan deyir ki, Anar müəllimin Həsən bəyin heykəlini köçürmək arzusunda şəxsi məqsədləri də vardır. Bu ehtimalımızı gücləndirən mühüm element təzəlikcə ortalığa çıxmışdı: ünlü heykəltəraş Ömər Eldarovun sayın Anar müəllimin portreti və heykəli üzərində çalışdığı söhbətləri mediada yayılmışdı. Doğrudur, sonra Ömər müəllimin bu portreti şəxsi istəyi ilə hazırladığı barədə təkziblərin olduğu da söylənilir. Təki belə olsun. Ancaq xəbər düz idisə, zənn etmək olar ki, Anar müəllim Zərdabinin heykəlini köçürüb ora məhz özünün heykəlinin qoyulmasını arzulayır!
Ehtimalımı gücləndirən detalı mən dünən mediada oxudum. Orada Anar müəllim deyir: “Zərdabinin həmin heykəlini atam Ensiklopediyanın müdiri çalışarkən sifariş vermişdi”.
Bu, təxminən “Bizim evin qabağında niyə maşın saxlamısan” iradına oxşayır.
КомментарииОставить комментарий