Общественно-политическая интернет газета
Məmləkətimizdə bir qəribə tendensiya var, hər kəsin (ən azı, çox adamın) tanıdığı biri vəfat edəndə cəmiyyət mərhuma münasibətdə iki tirəyə bölünür: rəhmət diləyənlər, lənət oxuyanlar, yaxud halallıq verənlər və verməyənlər.
Bu, siyasət aləminin çirkinliklərindən biridir və illərdir ki, davam edir.
Hətta bir məşhur sənət adamı vəfat edəndə də onun vaxtilə mövcud iqtidara dəstək verib-vermədiyinə, müxalifət düşərgəsinə yaxın olub-olmadığına diqqət edilir. Əgər öz sənətinin korifeyi olan bu şəxs hansısa seçki kampaniyasında iqtidar namizədinin xeyrinə bir söz deyibsə və ya bir mahnı oxuyubsa, onun rəhmət qazanmaq şansı 50/50-yədir.
Yəqin ki, siyasi mübarizənin sinfi səciyyə daşıdığı, dinc hakimiyyət dəyişikliyi mexanizmlərinin olmadığı, dürüst seçkilərlə bağlı problemlərin olduğu ölkələrin hamısında belədir.
Ancaq bizdə bu mənasız tendensiyanın artıq eybəcər şəkil aldığı göz önündədir.
Rasional düşüncəyə qalsa, anlamaq lazımdır ki, insanların vəfat edən şəxsin dalınca rəhmət diləməsinin və ya lənət oxumasının mərhum üçün heç bir fərqi yoxdur. Adam həyata gözlərini qapadıbsa, əbədiyyətə qovuşub. “Allah o dünyasını versin”, “məkanı cənnət olsun”, “atəşi bol olsun”, “pislik etdiklərinin iki əli axirətdə onun yaxasında olacaq” və sair bu kimi sözlər dirilərin uydurduğu ifadələrdir, təsəlli və qisas elementləri daşıyır.
Bir yaxşı adam vəfat etdikdə, onun əzizləri, yaxınları, yaxşılıq etdikləri şəxslər üzülürlər və ümid edirlər ki, adam cənnətə düşəcək, o dünyada rahat olacaq.
Pis adam öldükdə isə onun yamanlıq etdiyi şəxslər də ümid edirlər ki, o, bu dünyada cəza almadısa da, o dünyada onu rahat buraxmayacaqlar, sorğu-suala çəkəcəklər, cəhənnəm odunda yandıracaqlar.
Bütün bunlar gerçəklikdən uzaq söhbətlərdir. Bir insanın öz əməllərinə görə qazandığı mükafat da, cəza da sağ ikən olur, vəfat edəndən sonra onunla bağlı müvafiq prosedurlar (təltif və sorğu-suala çağırışlar) bitir.
Bir də yaxşı və pis adamların qiyməti yalnız onlara dair xatirələrdə qalır. Yaxşı adamlar unudulmur, adları anılır, xidmətləri qeyd olunur. Pis ad qoyub getmiş adamlar isə yaxşı halda unudulurlar, pis halda isə onların yamanlıqları haqda söhbətlər davam edir.
Birinci halda vəfat edənin züryətləri öz əcdadları ilə qürur duyurlar, ikinci halda isə nəvə-nəticə xəcalət çəkir, etiraz edir, münaqişələrə girir, başağrısı yaşayırlar.
Siyasət aləmindəki bu çirkinlik durduq yerdə meydana çıxmayıb. Bunun alt qatları var. Uzun illərin uğursuzluqları, ədalətsizlikləri insanlarda əlacsızlıq duyğusu ilə yanaşı nifrət də birikdirib və həmin toplanmış mənfi enerji bir gün bu şəkildə büruzə çıxır. Adamların əllərindən yalnız bu gəlir: rəhmət diləməkdən imtina etmək, lənət oxumaq. Bu, əlacsızlığın axırıncı ifadəsidir.
Son illərdə intermet resurslarında dolaşan bir rəvayət var, əslində olmuş hadisədir. Yazıçı Mirzə İbrahimovun Yazıçılar İttifaqının sədri olduğu illərdə mənzillə təminat məsələsində gənc və istedadlı şair Əli Kərimə qarşı haqsızlıq edilir. Şair çox məyus olur, amma heç nə edə bilmir. Bir gün o, M.İbrahimovla üzləşəndə ona salam vermir. Ağsaqqal yazıçı ona irad tutur: “Əli, bala, niyə salam vermirsən?” Əli Kərim ona belə cavab verir: “Nə edim? Mənim də gücüm buna çatır”.
Şairin sözü olmasın, hazırda bir çox insanların gücü yalnız rəhmət diləməməyə, lənət oxumağa çatır.
Bu, bir az da sektant düşüncəsinin məhsuludur. Fikir vermisinizsə, hakimiyyətin yuxarı eşelonunda təmsil olunan elə adamlar (məsələn, Ziya Bünyadov, Vəfa Quluzadə, Rafiq Xələfov, Natiq Əliyev, Oqtay Haqverdiyev, Qənirə Paşayeva, Məzdək Hüseynov, Polad Həşimov və başqaları) olub ki, onlar vəfat edəndə çox adam təəssüflənib. Ümumi qənaət belə olub ki, siyasi mövqeyindən asılı olmayaraq, yaxşı adam idi, xalq üçün itkidir.
Ancaq bu ölkədə hansısa mərhələdə siyasi düşərgəsini dəyişmiş adamı bağışlamaq söhbəti yoxdur. Onun keçmiş komanda yoldaşları mütləq adamı sona qədər, hətta öləndən sonra da yamanlayırlar. Sektant düşüncəsi budur: bir birliyə daxil olmusansa, onu tərk edə bilməzsən, axıra qədər onlarla olmalısan, birliyi tərk etdinsə, münafiqsən, rafizisən, reneqatsan...
Uzun sözün qısası, vaxtaşırı olaraq vəfat edənlərlə bağlı baş verən nifrət püskürməsi normal hal deyil. Mənasızdır, mərhuma isti-soyuğu yoxdur, olsa-olsa, həyatda qalan əzizlərinə dəxli var. Onlar isə yaxşı, xeyirxah adamlar ola bilərlər.
O aqibət hamını gözləyir. Bunu da anlamaq və dünyadan dördəlli yapışmaq, hər zaman hirs-hikkəli, ədalətsiz, mərdiməzar olmaq lazım deyil.
03 Апрель 2026
23 Март 2026
08 Февраль 2026
22 Январь 2026
29 Июнь 2025
28 Май 2025
24 Май 2025
16 Май 2025
14 Май 2025
КомментарииОставить комментарий