Свобода людям, независимость нациям!

Duzsuz köşə

“Xəndək haqqında yazmaq, onu qazmaqdan daha çətindir”

(müdriklərdən biri)

Naxçıvanda kadr islahatları davam edir. Orada Vasif müəllimdən sonra Fuad müəllim müdir qoyulmuşdu, lakin cəmi 3 il çalışandan sonra nəyəsə görə işdən çıxarıldı. Biz hələ də bunun sirrini çözməyə çalışırıq, ancaq adama deyərlər Əshabi-Kəhf, Duzdağ kimi əsrarəngiz mağaraları, İlandağı, Ordubadı, Sərdar müəllimi və Əbülfəz Elçibəyi olan ərazidən sən öz cahil ağlınla nə qana bilərsən? Oxucular soruşsalar, deyərsən oranın sirrini heç mənə də açmadılar.

Üstəlik, mövzunun marağını artıran detal odur ki, Vasif müəllim 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrına qədər ərazinin rəhbəri vəzifəsində çalışmışdı. Bunu hətta kalkulyatorda hesablamaq istəyəndə ekran sındı, məcbur Elmlər Akademiyasına zəng vurub ordakı atom nüvəli kvant hesablayıcı vasitəsiylə öyrəndim: 27 il edirmiş. Müqayisə üçün qeyd edim ki, Nelson Mandela məhz 27 il aparteid rejimində türmədə saxlanmışdı.

Yəni indiki halda Naxçıvanda 3 il müdirlik eləmək, təxminən Mahir Əmrəlinin Almaniya çempionatında çıxışı fason bir şeydir. Ya da, nə bilim, Siyavuş Novruzovun karantin vaxtı toya getməyi tipində. Çox təəccüblü müddət oldu.

Fuad müəllim işdən çıxarılandan sonra onun apardığı kadrların da ömrü qısa olmaqdadır. Hər gün Naxçıvanda kimisə qovurlar. Maşallah, özü də hamısı nazir adı daşıyır deyə mərkəzi mediamız “Daha bir nazir işdən çıxarıldı” başlıqları atıb gözünün qurdunu, bilgisayarının virusunu öldürür. Lap təzəlikcə səhiyyə nazirini çıxarmışdılar, təxminən eyni vaxtda bəzi həkim-sahiblərin də yeri dəyişdirildi.

Ancaq Naxçıvandan gələn əsas təhlükəli xəbər bu deyildir. Bölgədəki islahatların bütünlüklə ölkəmiz və Qafqaz regionunda çox dadsız-tamsız təsirləri ola bilər. Məncə, buna son qoyulmalıdır. İzah edim.

Artıq bir neçə ay olacaqdır ki, Naxçıvan Duz Zavodunun fəaliyyəti dayandırılmışdır. Guya orada hansısa qida-sanitar qaydalara əməl edilmirmiş. Biz də inandıq... Ata sözümüz var axı, deyir nəsə xarab olanda duz səpərlər, duz xarab olsa nə səpərsən? Naxçıvanın qaya duzu şəxsən mənim sevdiyim məhsullardan biri idi, heç vaxt dükanda onu qoyub hansısa gölməçədən, kanalizasiya suyu axan yerdən yığılan duzları almazdım. İndi isə məcburam Himalay duzu alım. Bunun da rəngi qırmızımtıldır, elə bilirsən durduğun yerdə qana düşmüsən.

Tələb edirəm təcili olaraq Naxçıvan duzunun istehsalı bərpa olunsun. Bunu mən təkcə öz adımdan, şəxsi istəyim kimi yazmıram.  Bayaq folklora müraciət etmişdim, görkəmli xalq deyimləri toplayıcımız Əbülqasım Hüseynzadənin 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap edilən “Atalar sözü” kitabının 501-ci səhifəsində belə bir ata sözümüz də yerləşdirilmişdir: “Naxçıvanın duzu, qızı, qarpızı”. Ardıcıllığa fikir verirsinizmi? Birinci olaraq duzun adı çəkilir.

Nəyə görə biz öz duzumuz ola-ola Himalay duzu almalıyıq? Bəs yerli istehsala dəstək? Bəs regionların inkişafı? Sabah Nuh peyğəmbərin də əslində başqa regionda (məsələn, Şamaxıda) quruya çıxdığını deyəcəklər, qalacağıq məəttəl. Doğrusu, mən qorxuram oradakı Nuh muzeyi də bağlansın. Vaxtilə Vasif müəllim Nuhun qəbrini tapıb üstünü götürmüşdü, dünyanın hər yerindən hər cür məxluqat cüt-cüt qəbri ziyarətə gəlirdilər.

Bu təşvişimin də səbəbi var, çünki yayda duz istehsalı dayandırılanda şayiə yayılmışdı ki, Duz Muzeyi də bağlanıbdır. Sonra təkzib edildi, dedilər muzey işləyir. 

Hörmətli oxucular da bəzən şəraitin ciddiliyini anlamır, irad tuturlar ki, niyə duzsuz yazılar yazırsınız. Naxçıvandan duz gəlsə, yazıya da səpərik. Bax, ən azı bu sirri sizə açdım, nəzərə alın.

Нет комментариев

Новости автора

29 Июнь 2025