Свобода людям, независимость нациям!

Dünən xurma yeyən bir başçı

Hacıbala Abutalıbov Bakının müdiri olan vaxtlar onun buldozerləri “Xutor” tərəfdə bir cəbhəçinin ya evini, ya da dükanını - orasını dəqiq xatırlamıram - sökmüşdülər və rəsmi qərarı belə əsaslandırmışdılar: “Bu obyekt Xutorun memarlıq görkəmini pozur”. Bakıda “Xutor” adlanan gecəqondular məhəlləsinin içindən keçmiş, yaxud onu kənardan seyr etmiş hər kəs Hacıbala müəllimin qara yumorunu anlamışdır. 

Ancaq ölkəmizdə memarlıqla məşğul olanlar təkcə Xutorda yaşamır. Təzəlikcə Qaradağ icra hakimiyyətində tuthatut mərasimi keçirilmiş, bir neçə məmur damlanmışdı. Onlardan biri icra başçısının müavini Nadir Yədulla oğlu Muradov idi, yəqin gələcəkdə başçının özünü tutsalar belə zarafat edə bilər: “Yədullanın oğlunun müsibəti heç belə olmamışdı”. Lakin temadan kənarlaşmayaq, yoxsa gedib yarmarkaya girərik, alverə də pulumuz yoxdur. Tema isə bu idi ki, tutulanlar sırasında Qaradağ rayonunun memarı da var imiş. 

Qaradağ və memarlıq - tam ziddiyyət təşkil edən anlayışlardır, çünki biz o rayonun əsasən çöllük-düzənlik və sənaye ərazilərindən ibarət olduğunu bilirik. Memarlıq anlayışı elə Sahil qəsəbəsinin bomboz, Sementzavodun tüstüsünə bələnmiş sovetdənqalma tikililərinə və bir də “Sədərək”lə “Binə” yarmarkasının xaotik dükan cərgələrinə yaraşır. Vəzifə isə var imiş. O memar vəzifəsini saxta şəkildə orda yaratmaq bizim hökumətin nəyinə lazım idi? Axı elementar məntiq deyir ki, həmin memar boş-bekar qalıb korrupsiyaya qurşanmağa məcbur idi. Qaradağda memar ştatı açmaq təxminən Ermənistanda Dənizçilik Nazirliyi yaratmaq kimi şeydir. 

Əslində bütün rayon icra hakimiyyətlərimizdə bu tipli vəzifələr pul silmək, korrupsiyadan başqa şey deyil. Yəni yanlış anlaşılmasın, mən “Memar Lökbatanda nə iş görürdü” sual edərkən oxşar tiplərin guya Səbayeldə, Nəsimidə, Binəqədidə... mühüm dövlətçilik funksiyaları ilə, tarixi-estetik planlaşdırma ilə məşğul olması fikrindən uzağam. Milli korrupsionerlərimiz üçün “Ala dağla Qara dağın” fərqi yoxdur. 

Misal üçün, təzəlikcə Balakəndə icra başçısının özünü şəxsən tutub basdılar. Məlum oldu adam 2011-ci ildən həmin vəzifədə otururmuş. 14 il. Təsəvvür edin. Bu müddətdə camaatın uşağı natamam orta məktəbi qurtarıb hansısa peşə məktəbinə girir, o yoldaş isə Balakənin canına zəli kimi yapışıb sorurdu. Bəs biz onun həmin nöqtədə 14 ildir icra başçısı olduğunu bilirdikmi? Heç bilmirdik. Çünki kirimişcə, xımır-xımır yeyirdi. Hansısa başqa motivlə, inkişaf və ya tərəqqi xəbərləri ilə Balakənin ismi-şərifi media lentlərinə çıxmazdı. Az qala tamamilə unutmuşduq ki, elə bir bölgəmiz var. (Yuxarıdakı diskursa qayıtsaq, eyni şey başqa rayonlara da aiddir. Biz bölgələrimizi adətən kriminal xəbərlərlə yada salırıq, ya da inəklər dabaq olanda və pomidorlar tarlada, mandarinlər ağacda çürüyəndə). 

Və Balakənin icra başçısı İslam müəllim həbs ediləndən sonra belə bir tragikomik xəbər yayıldı: “Həbs olunan icra başçısı dünən rayonda Xurma festivalında iştirak edibmiş”. (Bu temada Anadoludakı kardeşlərimizin gözəl ata sözü var: “Dün yediyin xurmalar, bu gün g..ünü tırmalar”). Fotolar-zad da var idi, orada İslam müəllim piramida şəklində düzülmüş narıncı xurma cərgələri arasında kostyumda şəstlə gəzişir, mis cürdəklərin dibində oturmuş kəlağayılı zənənlərlə dilxoşluq edir, hətta yeni ağac əkənlərə baxırdı. Yəqin arxa planda vedrədə su tökməyi də olub, lakin xalqımız bu vacib informasiyanı görmədi. Eybi yoxdur, yatsın-çıxsın, təzə xurmalar əkər. 

Xurma festivalından, Nar bayramından, nə bilim, Qarpız konfransından dərhal türməyə gedən məmurlarımız nə birincidir, nə ikinci. Bəlkə biz yaradıcı yanaşaq, birbaşa Korrupsiya Festivalı keçirək? Əgər lazımdırsa bunun konsepsiyasını hazırlaya bilərəm. 

Sonda bayaq Balakən Xurma festivalını təsvir edərkən ağlıma gələn bir sualı da yazım. Qəribədir ki, bizdə istənilən milli, dövlət, aqrar, texniki, sənaye, elmi, pedaqoji... tədbirlərdə mütləq kəlağayılı zənənlər, tarçalan dəstəsi və mis cürdəklər olmalıdır. Görəsən, bunun mənası və səbəbi nədir?   

Нет комментариев

Новости автора

29 Июнь 2025