Общественно-политическая интернет газета
Milyonunci dəfə təsdiqlənir ki, böyük dövlətlərin hamısı hər an, hər dəqiqə öz mənafeyini düşünür və onlar üçün bəşəri dəyərlər, eləcə də demokratiya, haqq-ədalət və insanpərvərlik ən azı ikinci dərəcəli məsələdir.
Dünənə qədər İrana raket zərbəsi endirmək üçün Vaşinqtonu dilə tutan, özünün vurması üçün Ağ Evdən icazə istəyən İsrail rəhbərliyi srağagün İranı vurmaqla hədələyən prezidenti Trampı bu işdən vaz keçirməyə çağırıb. Niyə? Sırf öz mənafeyinə görə. İran da dönüb Qüdsə, Təl-Əvivə raket atmasın deyə.
Dünənə qədər İranın nüvə silahı əldə etməsini sırf özlərinə təhlükə sayan, İranın zəif salınmasını öz müttəfiq və himayədarı ABŞ-dən xahiş edən Ərəb\Fars körfəzi ölkələri də bir yandan Tehrana dəyməməyi təvəqqe ediblər. Nəyə görə? Ona görə ki, İranın raketi Vaşinqtona çatmır, amma Dohaya çatır. Ötən ilin iyununda məhz belə olmuşdu, ABŞ və İsrail İrandakı hərbi obyektləri vuranda İran da ABŞ-nin Qətərdəki hərbi bazasına raket atmışdı.
Hələ 10 gün əvvəl, İranda kütləvi etiraz aksiyaları, eləcə də yanğınla, dağıntılara müşayiət olunan iğtişaşlar şiddətlənəndə prezident Tramp SEPAH-ı hədələmişdi ki, mülki şəxslərə qarşı silah işlədiləcəyi halda İran zərbəyə məruz qalacaq. “İran xalqına kömək etməyə hazırıq” demişdi Tramp. Hətta 3 gün öncə Tramp sosial şəbəkədə mesaj yazaraq İran xalqını müqavimətə, hökumət binalarını ələ keçirməyə səsləmiş, köməyin yolda olduğunu vət etmişdi.
İranda qan su yerinə axır, amma Trampın hazırlığı davam edir və artıq yolda olan kömək ləngiyir. İsrailin, körfəz ölkələrinin xahişi ABŞ tərəfindən nəzərə alınmış kimi görünür. Xalq üsyanı tamam yatırılandan, etirazçılar kütləvi şəkildə yaxalanaraq, tezbazar edam ediləndən sonra vəd olunan kömək gəlsə, nə olacaq, gəlməsə, necə olacaq.
Görünən budur ki, ac-yalavac qalmış İran xalqının qılınca çapması, müqaviməti, mübarizəsi, qanını qaşığa qoyması başqa ölkələrin vecinə deyil. Hətta İran rejimi öz xalqına qarşı kütləvi qətliamı davam etdirsə və ölənlərin sayını tarixdə görünməmiş miqyasa çatdırsa belə, həmin dövlətlər buna etiraz etməyəcəklər. Ancaq sabah Tehran vəziyyətdən çıxsa, yenidən körfəz ölkələrini və İsraili hədələməyə başlasa, bu dəfə özləri Vaşinqtondan xahiş edəcəklər ki, İrana qarşı tədbir görsün.
Bu, bir zərbül-məsəldə deyildiyi kimi, “mənə dəyməyən qurd yüz il yaşasın” mövqeyidir. Gerçəklik odur ki, bir meşədə, talada qurd varsa, o, növbəylə həmin ətrafdakı hər kəsə sədəmə toxunduracaq. Heç ola bilməz ki, kimsə kənarda qalsın.
Trampın fikir dəyişdirməsi, vədini tutmaması isə bir dünya hegemonu olan dövləti idarə edən, özünü qətiyyətli rəhbər kimi göstərən şəxsə yaraşmaz. Bu, dəmdəməkilikdir. Sırf onun “kömək yoldadır” vədindən sonra İranda hökumətə müqavimət bir az da şiddətlənmiş, etirazçılar qorxmadan hökumət qüvvələri ilə çarpışmaya çıxmışdı. İndi belə anlaşılır ki, onlar taleyin ümidinə buraxılıb. Bu gün-sabah molla rejimi tikinti şirkətlərinin qaldırıcı kranlarını şəhərlərin mərkəzi meydanlarına yığıb səyyar “dar ağacları” təşkil edəcək, yüzlərlə gənc adamı kranların qarmağından asacaq.
Onlar bunu çox ediblər, sona qədər də edəcəklər. Başqa işlərdə olduğu kimi söz verəcək, sözlərini tutmayacaqlar, gah özlərini yumşalmış kimi göstərəcək, sonra qəddarlıqlarını davam etdirəcəklər. Budur, 10 ildən çoxdur ki, mollalar dünya ilə oynayırlar, həyata keçirdikləri nüvə proqramının dinc məqsədlərindən danışır, hətta nüvə silahı əldə etməyin haram olduğunu bəyan edirlər, amma bir gün, bir saat belə o niyyətlərindən vaz keçmir, geri addım atmırlar.
İsrail və ərəb ölkələri də oturub düşünürlər ki, İranın başı özünə qarışmışkən onlarla işi olmayacaq. Elə deyil. Tehran “daxili düşmənlər”lə haqq-hesab çəkəndən sonra “xarici düşmənlər”lə düşmənçiliyini qaldığı yerdən davam etdirəcək.
Bir də o yanlış düşüncədir ki, xarici müdaxilə olarsa, İran xalqı rejimin ətrafında birləşəcək. Bu qədər qan-qadadan sonra hansı xalq kütləvi qətl törədənlərin ətrafında birləşər, xarici aqressora qarşı çıxar?
Əslində İrandakı narazı kütlələr məhz xarici qüvvələrin hərəkətə keçəcəyinə arxayın olaraq meydanlara çıxıb ki, həlledici zərbəni endirsinlər. Onlar ötən ilin iyununda ayətullah və generalları bunkerlərdə gizlənməyə məcbur edən həmlədən birini də gözləyirlər.
03 Апрель 2026
23 Март 2026
08 Февраль 2026
22 Январь 2026
29 Июнь 2025
28 Май 2025
24 Май 2025
16 Май 2025
14 Май 2025
КомментарииОставить комментарий