Свобода людям, независимость нациям!

Bakı yanacağına “907” damğası – erməniyə yaxşılıq düşürmü?

Dünən Azərbaycandan Ermənistana növbəti partiya neft məhsulları yola salınmalı idi. Bu dəfə daha geniş çeşiddə və daha böyük həcmdə. Mütəxəssislər hesab edir ki, yeni tədarük qonşu ölkə əhalisinə ucuz yanacaq almaq imkanı yaradacaq.

Əfsus ki, dünənin işğalçı toplumunda yaxşılığımızı hələ də baş-ayaq anlayanlar var. Bu da növbəti fakt.

Erməni politoloq Arişti Kiviryan deyib ki, Azərbaycanın Ermənistana neft məhsullarının tədarükü iqtisadi məsələdən daha çox siyasi məsələdir. Onun iddiasına görə, Bakı guya bu yolla ABŞ-a “907-ci düzəliş”in ləğvi zəruriliyini nümayiş etdirməyə çalışır.

Ardınca isə o, revanşist xislətini büruzə verərək görün nə çərənləyir: “Biz strateji baxımdan bu prosesin Ermənistan üçün faydalı və ya zərərli olub-olmadığını öyrənməli, ona uyğun da hərəkət etməliyik. Əgər indi Azərbaycanla müharibəyə hazır deyiliksə (!! – Z.S.), onda onunla münasibətləri gərginləşdirməməliyik və sülh istəməsək belə, ən azı, sülh tərəfdarı kimi özümüzü göstərməliyik”.

Erməni şərhçi, həmçinin, düşünür ki, hazırda dünyada beynəlxalq hüquq yox, yalnız güclünün hüququ var (Bu yerdə onunla razılaşmamaq çətindir). “Əgər Ermənistan bu dövrə daha güclü ölkə kimi girsəydi, ərazisini daha da genişləndirə bilərdi (! – Z.S). Lakin bunun əksi baş verdi. Ermənistan indi darmadağın vəziyyətindədir. Lakin durumu düzəltmək, iqtisadiyyatı və ordunu gücləndirmək üçün hələ gec deyil”, – Kiviryan davamında sərsəmləyib...

Onun fikirlərini bir qədər geniş verməkdə, əlbəttə, məqsəd var. Məsələ ondadır ki, kapitulyant ölkədə Kiviryan çaplı avantürist arzularla yaşayan revanşistlər az deyil. Onlar hətta Nikol Paşinyanın komandasında da var. Səsləri çıxmasa da. Ümumən ölkə üzrə nə qədərdirlər, bunu qarşıdakı (iyun, 2026) parlament seçkilərinin nəticələrindən dəqiq biləcəyik.

Ancaq gerçəklik həm də belədir ki, “Gellup” şirkətinin (ABŞ) keçirdiyi son sorğunun nəticələrinə əsasən, Ermənistan əhalisinin yarıdan çoxu – rəqəm qismən azalsa da – Azərbaycanın xeyrinə konstitusiya dəyişikliyinə gedilməsinə qarşıdır. Müharibə tərəfdarları da yəqin ki, aşağı-yuxarı elə bu sayda olar...

Deməli, hər şey ilin ortasında bəlli olacaq. Yəni, bu xalq qonşularla sülh və əmin-amanlıq içində yaşamaq istəyir, yoxsa yenə “Dəmir yumruq” üçün darıxıb? Çünki rəsmi Bakı dəfələrlə bəyan edib: Azərbaycan Nikol Paşinyan iqtidarı daxil, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Bütün zamanlar və hakimiyyətlər üçün legitimliyi itməyəcək bir sülh müqaviləsi!

İrəvana neft məhsulları, ərazimiz üzərindən taxıl göndərilməsində əsas hədəf zatən, bu: nə qədər ki, tarixi fürsət əldən çıxmayıb, sülh müqaviləsini yaxınlaşdırmaq, müharibə riskini sıfırlamaq, nəinki “907-ci düzəliş”in ləğvinə nail olmaq. “907” ilə ilgili belə bir niyyət varsa da, o, ilk sırada deyil...

Bütün hallarda, erməni politoloqun sözləri Bakının Ermənistana münasibətdə “çomağı” əldən yerə qoymamaq, “barıtı daim quru saxlamaq”, hərbi və iqtisadi qüdrətimizi artırmaq siyasətinin nə dərəcədə düzgün olduğuna şəkk-şübhə saxlamır. Biz hansı məkrli, nanəcib və çörəyi dizi üstündə olan bir toplumla zorən qonşu olduğumuzu heç vaxt unutmamalı, bunu gələcək nəsillərimiz üçün yazılı miras kimi saxlamalıyıq.

Əks təqdirdə tarixdən dərs götürməyənlər onu təkrar yaşayır. Necə ki, yaşadıq. Ermənilərdən başımıza bir daha bəla gəlməməsi üçün işimizi möhkəm tutaq və sərvaxt olaq. Bəzi hayların şirin dilinə aldanmayaq...

Нет комментариев

Новости автора

27 Апрель 2026

06 Апрель 2026

03 Апрель 2026

16 Март 2026

07 Март 2026

09 Февраль 2026

06 Февраль 2026

02 Февраль 2026

28 Январь 2026

18 Январь 2026

07 Сентябрь 2025

23 Май 2025