Свобода людям, независимость нациям!

Amerika ilə dostluq, yoxsa Rusiya ilə düşmənçilik?

Nə Kissincerin, nə Pyotrun dedikləri — Atatürk ən doğrusunu deyib: “Türkün türkdən başqa dostu yoxdur”

Hələ Ukrayna müharibəsindən əvvəl Cənubi Qafqazın Rusiyanın caynağından necə və nə vaxt qurtulacağı haqda çox təhlillər edilirdi, ən müxtəlif proqnozlar səsləndirilirdi. Əsas gözlənti bu idi ki, Rusiya parçalanmasa, heç vaxt imperialist maraqlarından vaz keçməyəcək, yəni Cənubi Qafqazı da öz təsir zonasında saxlamaqda davam edəcək. Ukraynada davam edən 4 illik müharibə Rusiyanın Cənubi Qafqazda da mövqelərinə ciddi zərbə oldu...

Bu şimal ölkəsinin bizim bölgəyə təkcə tarixi yüzilliklərə dayanan siyasi deyil, həm də coğrafi dəxli var, ona görə zənnimcə, “Rusiya Qafqazdan çıxmalıdır” termini yanlışdır. Rusiya həm də sərhədlərinə görə Cənubi Qafqaz ölkəsidir. O da gerçəkdir ki, Rusiya hələ parçalanmayıb, amma regiona, məsələn, 2020-ci ilədək olan təsirlərini xeyli itirib. Əgər 2020-ci ilin sentyabr ayının 27-dək “Qarabağda müharibə başlasa, Rusiyanın mövqeyi nə olacaq?” deyirdiksə, indi özümüz Moskvanın qaba davranışına görə diplomatik cəbhədə “dərslərini” veririk, təhdidlərdən təntimirik, hərbi gücündən isə çəkinmirik.

İmperialist rusiyalı politoloqlar yaxalarını cırırlar ki, “Qafqaz əldən gedir və Moskva siyasətini sərtləşdirməlidir” və s. Rusiyada isə kəşfiyyat da daxil olmaqla XİN və digər strukturlarda yüzlərlə məmur Cənubi Qafqazdakı vəziyyəti izləməkdə və təhlillər hazırlamaqdadır, yəni Rusiya heç nəyi nəzarətindən buraxmayıb. Amma baş verənlərə görə məsələn, xarici işlər naziri Lavrovu heç kim günahlandırmır, çünki bütün məsuliyyət Vladimir Putinin üzərindədir. Rusiya prezidentinin yanlış siyasəti nəticəsində hətta tezliklə MDB-nin də dağılacağı açıq etiraf edilir.

Amerikanın “bizim dağlara” gəlməsi yenilik deyil, hətta 2005-ci ilin mayında ABŞ prezidenti balaca Buşun Tiflisin əsas meydanında demokratik Gürcüstana dəstək çıxışı da uzaq tarix deyil. Amma o zaman Ağ Ev konkret bölgə ilə deyil, xüsusi seçilmiş Gürcüstanla siyasət qururdu. Tarixin ironiyasına bax ki, indi okeanın o tayından Cənubi Qafqaza gələn vitse-prezident Vens Gürcüstanı görməzdən gəldi. Səbəblər aydındır, “o vaxt niyə elədir, indi isə niyə belə” sualına cavab tapmaq analitik təfəkkür tələb etmir. Dəyişən dəngələr, dəyişən hökumətlər yeni reallıqları diktə edir.

Konkret Gürcüstana gəldikdə, hökumətinin nə etmək istədiyi, doğrusu, bir az müəmmalıdır. Əvvəl düşünmək olardı ki, Moskvanı qəzəbləndirməyən siyasətin arxasında işğal altındakı bölgələri qaytarmaq niyyəti durur. Son ilyarımdakı siyasəti isə “Gürcü Arzusu”nun məqsədlərini xeyli dərəcədə kölgələyib. Saakaşvili radikal idi və Qərbə arxalanıb Rusiyanın üzərinə getməklə yanlış oyunlara girdi. Amma görünür ki, “Gürcü Arzusu” da hakimiyyətdə qalmağa hesablanmış siyasətə aludə olunub. Rusiya ilə diplomatik əlaqələri rəsmən bərpa etmir, amma Moskva Gürcüstanın indiki duruşundan narazı deyil. Tiflis Qərblə münasibətləri zora soxub və indi onu NATO-nun və Avropa Birliyinin həndəvərinə belə buraxmırlar, AŞPA-da fəaliyyətini dondurub. Tiflis Qərblə əlaqələrin bərpasına xüsusi can atmır. İndiki mənzərə həm də onu göstərir ki, vaxtilə Qafqazda Qərbin dayağı hesab edilən Gürcüstan indi Rusiyaya daha simsardır. Bunun bir göstəricisi mediadır. Gürcüstan haqda Rusiya mediası demək olar ki, mənfi heç nə yazmır, politoloqları susur.

İndi əsas hədəf Azərbaycan (və Ermənistan) olub. ABŞ vitse-prezidentinin səfərindən sonra mediada ən müxtəlif səviyyələrdə təhdidlər, xəbərdarlıqlar artıb. Kreml bu mövqedən kənar qaldığı təəssüratı yaradır, Peskov kimiləri “orta şəkərli” açıqlamalar verməyə çalışır. Amma bəllidir ki, bu mövqelərin əksəriyyəti Kreml kuratorlarının mediaya göndərdikləri tezislər əsasında hazırlanır. Son mövqe yazılarında isə Kissencerin “Amerikanın düşməni olmaq təhlükəlidir, amma Amerikanın dostu olmaq ölümcüldür” tezisinin üzərindən qurulur. Amerikanın bölgədən çox uzaq olduğu xüsusi vurğulanır, Qərbin oyunlarının qurbanı olmuş Ukraynanın taleyi yada salınır. Düzdür, məsələn, iki-üç kresloda oturmağa çalışan Ermənistan lideri ilə müqayisədə Azərbaycan rəhbərinin balanslı və praqmatik kursa sadiqliyi də vurğulanır. Amma “Rusiya nəyin bahasına olursa-olsun Qafqaza geri qayıdacaq və bu baş verənə qədər heç kim xoşbəxt olmayacaq” kimi açıq təhdiddən də çəkinmirlər.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında BəyannaməKremlin pul kisəsindən birbaşa asılı olmayanlar arasında fərqli düşünənlər də var. Məsələn, dünən axşam “Mosfilm”in direktoru Karen Şahnazarov Solovyovun proqramında dedi ki, Rusiya Suriyada niyə qoşun saxlayır, buna ehtiyac yoxdur, o bölgədən çəkilmək lazımdır. Ardınca bəlkə də Ermənistandakı 102-ci bazanı da deyə bilərdi, Solovyov isə onu susdurdu, “Rusiyanın qlobal maraqlarından” mühazirə dedi. Yəni heç də hamı Rusiyanın hegemon olmaq deyil, normal dövlət olmasını istəyir. Amma belələri ya azdır, ya da onların səsinin eşidilməsinə imkan vermirlər.
ABŞ ilə Bakıda imzalanmış sənədə Rusiyanın qısqanc və qərəzli mövqeyi var. Amma Bakının Ağ Evlə istiləşən münasibətlərində eyforiya yoxdur, olmamalıdır. Amerika böyük gücdür, amma etibarsız müttəfiqdir. Rusiya qonşumuzdur, onunla 4 ili tamam olacaq strateji müttəfiqlik sazişi imzaladıq, təyyarəmizi vurdu. Bizim bu bölgədə də, dünyada da bircə qardaşımız var, o da Türkiyədir. Əlimizi uzadanda çatacaq bircə ölkə. Biz Şuşa Bəyannaməsi ilə kifayətlənməməliyik, aramıza məkrli dövlətlərin soyuqluq yaratmasına imkan verməməliyik.

Nə Kissencerin, nə Pyotrun dedikləri — Atatürk ən doğrusunu deyib: “Türkün türkdən başqa dostu yoxdur”.

Nazim SABİROĞLU,
Musavat.com

 

Нет комментариев