Onlayn ictimai-siyasi qəzet
Regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması və davamlı sülh gündəminin aktuallaşdığı bir vaxtda Qazax–Ermənistan dəmir yolu xəttinin bərpası məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin bu günkü plenar iclasında çıxış edən deputat, Ədalət, Hüquq və Demokratiya partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, bu dəmir yolunun qısa müddətdə bərpası Naxçıvanın sürətli inkişafına ciddi töhfə verə, eyni zamanda Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoya bilər.
Parlamentarinin fikrincə, mövcud siyasi reallıqlar sülh sazişinin Ermənistanın konstitusion dəyişikliklərini gözləmədən imzalanmasına da imkan yaradır və hökumət bu istiqamətdə çevik addımlar atmalıdır.
Q.Həsənquliyev ilin birinci yarısı üçün, daha dəqiq desək iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər sülh sazişinin imzalanmasının vacibliyini də önə çəkib.
Bu müddət ərzində sülh sazişinin əldə olunması mümkündürmü?
"Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com saytına açıqlamasında Qazaxıstan–Ermənistan marşrutu üzərindən Naxçıvana çıxan dəmir yolu xəttinin bərpası ideyasının yeni olmadığını bildirib:
"Bu fikir uzun müddətdir mövcuddur və zaman-zaman səsləndirilərək Zəngəzur dəhlizinə alternativ kimi dəyərləndirilir. Sözügedən layihənin reallaşması, şübhəsiz ki, mühüm strateji əhəmiyyət kəsb edər. Bu, ilk növbədə Naxçıvanın uzun illər davam edən blokadadan çıxması prosesini sürətləndirə bilər.
Bununla yanaşı, layihə regionda ticarət, logistika və nəqliyyat sahələrində ciddi canlanma yaradacaq, Azərbaycanın isə regional tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək. Lakin bu cür təşəbbüslərin həyata keçirilməsi üçün əsas şərt möhkəm siyasi razılaşmanın əldə olunmasıdır. Ermənistanla sülh sazişinin həmin ölkənin Konstitusiyasında dəyişiklik edilmədən imzalanması təklifinə gəldikdə isə, bu məsələdə tələskənliyin məqsədəuyğun olmadığını düşünürəm. Aydındır ki, bu cür addımlar sülh prosesini sürətləndirmək və möhkəmləndirmək məqsədi daşıyır. Lakin burada risk amilləri də mövcuddur.
Təsəvvür edək ki, konstitusiya dəyişiklikləri gözlənilmədən saziş imzalanır və Ermənistanda keçirilən növbəti parlament seçkiləri nəticəsində hakimiyyət dəyişir. Əgər radikal qüvvələr hakimiyyətə gəlsə, onlar konstitusiyaya zidd arqumentlə sazişi tanımadıqlarını və ya onun müddəalarını icra etməyəcəklərini bəyan edə bilərlər. Bu isə sülh prosesinin yenidən dalana dirənməsinə səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, təqdim olunan təkliflər nə qədər praqmatik və iqtisadi yönümlü olsa da, onların möhkəm siyasi zəmanətlərə, təhlükəsizlik mexanizmlərinə və qarşılıqlı öhdəliklərin icrasına əsaslanması vacibdir. Məhz bu şərtlər nəzərə alındıqdan sonra iqtisadi, nəqliyyat və logistika layihələrinin mərhələli şəkildə həyata keçirilməsi daha düzgün və dayanıqlı nəticələr verə bilər".
Cavanşir ABBASLI
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ