Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun son illərdə apardığı siyasət Avropada ABŞ-nin qlobal təhlükəsizlik zəmanətçisi roluna ciddi kölgə salıb.
Musavat.com “Politico”ya istinadən xəbər verir ki, yeni sorğu nəticələrinə görə, bir çox Avropa ölkəsində ABŞ artıq nə etibarlı müttəfiq, nə də düşmənləri çəkindirən əsas güc kimi qəbul edilir.
London mərkəzli müstəqil “Public First” şirkəti tərəfindən keçirilən onlayn sorğuda Almaniya, Fransa, Böyük Britaniya və Kanadada respondentlərin əksəriyyəti ABŞ-ni etibarlı tərəfdaşdan daha çox “etibarsız müttəfiq” kimi xarakterizə edib.
Almaniyada sorğuda iştirak edənlərin yarısı, Kanadada isə 57 faizi ABŞ-ni etibarsız hesab etdiyini bildirib. Fransada ABŞ-ni etibarsız sayanların payı onu etibarlı görənlərin payından iki dəfədən çox olub.
Böyük Britaniyada vəziyyət nisbətən fərqli görünsə də, burada da göstəricilər Vaşinqtonun xeyrinə deyil: britaniyalıların 35 faizi ABŞ-ni etibarlı müttəfiq adlandırdığı halda, 39 faiz əks mövqe sərgiləyib.
Sorğunun ən diqqətçəkən nəticələrindən biri isə ABŞ-nin hərbi çəkindiricilik roluna münasibətin dəyişməsidir. Almaniya və Fransada respondentlərin əksəriyyəti hesab edir ki, ölkələrinin ABŞ ilə müttəfiqliyi potensial düşmənləri hücumdan çəkindirmək üçün artıq kifayət deyil. Böyük Britaniyada isə son bir ildə ABŞ-ni effektiv çəkindirici güc kimi görənlərin sayı 10 faiz azalıb.
“Public First”in sorğu rəhbəri Seb Vraydın sözlərinə görə, ötən il Avropa ictimaiyyəti ABŞ-ni müəyyən qədər etibarsız, lakin yenə də vacib və çəkindirici güc kimi görürdü. Hazırda isə NATO-nun transatlantik təhlükəsizlik zəmanətinin faktiki mövcudluğu belə şübhə altına alınır.
Sorğunun nəticələri ABŞ administrasiyası ilə Avropa arasında artan gərginlik fonunda açıqlanıb. Xüsusilə vitse-prezident Cey Di Vensin ötən il Münxendəki çıxışı, ardınca baş verən ticarət mübahisələri, sərt ritorika və Qrenlandiya ilə bağlı səsləndirilən təşəbbüslər Avropa paytaxtlarında narahatlıq yaradıb.
Fransa prezidenti Emmanuel Makron Vaşinqtonu “təhdid və təzyiq siyasəti” aparmaqda ittiham edib və transatlantik münasibətlərin tezliklə əvvəlki səviyyəyə qayıdacağına inanmadığını bildirib. Kanadanın baş naziri isə Davos forumunda çıxış edərək münasibətlərdə “keçid yox, qırılma mərhələsi” yaşandığını deyib.
Sorğu göstərir ki, bir çox Avropa vətəndaşı ABŞ-nin artıq onların dəyərlərini bölüşmədiyini və demokratiyanı qorumaqda əvvəlki rolunu itirdiyini düşünür. Fransada respondentlərin cəmi 17 faizi “ABŞ bizim dəyərləri bölüşür” fikri ilə razılaşıb. Almaniyada isə yalnız 18 faiz Vaşinqtonun demokratiyanı qoruduğunu hesab edir.
Bununla belə, müəyyən ümid işartıları da var. Almaniya, Fransa və Böyük Britaniyada respondentlərin əhəmiyyətli hissəsi Donald Trampın rəhbərliyi dövründə münasibətlərin zəiflədiyini, lakin gələcəkdə bərpa oluna biləcəyini düşünür.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ