Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti Cey Di Vensin siyasi yüksəlişinin arxasında dayanan ən mühüm şəxslərdən biri texnologiya milyarderi Piter Til hesab olunur. “PayPal”ın yaradıcılarından, “Palantir”in qurucularından və “Facebook”un ilk böyük investorlarından olan Til uzun illərdir bizneslə yanaşı, ABŞ siyasətində də təsir dairəsini genişləndirir.
Musavat.com xəbər verir ki, professor Devid Karpf “The i Paper”da dərc olunan məqaləsində Piter Tilin ABŞ siyasətindəki qeyri-adi rolundan bəhs edib.
Til Donald Trampı hələ 2016-cı ildə açıq şəkildə dəstəkləyən Silikon Vadisi milyarderlərindən idi. Onun ən uğurlu siyasi yatırımlarından biri isə Cey Di Vens olub. Milyarder Vensin investisiya fondu üçün təxminən 100 milyon dollar vəsait cəlb edilməsinə kömək edib, onun Senat uğrunda mübarizəsini dəstəkləyən siyasi komitəyə isə 15 milyon dollar ayırıb. Vens sonradan Donald Trampın vitse-prezidenti seçilib.
Lakin Til yalnız siyasi əlaqələri ilə deyil, qeyri-adi dünyagörüşüylə də tanınır. O, ənənəvi demokratiyanı dəfələrlə tənqid edib, dövlətlərin şirkət prinsipləri ilə idarə olunmasını müdafiə edən neoreaksionist ideyalara maraq göstərib. Milyarder dövlət nəzarətindən kənar “startap şəhərlər”, üzən yaşayış məntəqələri və insan ömrünün radikal şəkildə uzadılması layihələrini də dəstəkləyib.
Son vaxtlar isə Piter Tilin diqqətini tamam başqa mövzu çəkir – Dəccal!
Karpfın yazdığına görə, milyarder Dəccal haqqında silsilə mühazirələr oxuyub və hətta Roma Papası ilə görüşməyə çalışıb. Til bu mövzudakı çıxışlarında süni intellektin inkişafına qarşı çıxan qüvvələrdən və iqlim fəalı Qreta Tunberqdən də bəhs edib.
Beləliklə, vaxtilə “Facebook”a 500 min dollar yatırmaqla texnologiya dünyasında ad çıxaran Piter Til bu gün ABŞ vitse-prezidentinə yaxınlığı və Vaşinqtondakı siyasi təsiri ilə yanaşı, Dəccaldan demokratiyanın gələcəyinə qədər uzanan qeyri-adi baxışları ilə gündəmdədir.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ