İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “dilsiz Amerika” planı

ABŞ prezidenti medianı susdura biləcəkmi?

2020-ci ildə ABŞ-dakı prezident seçkiləri ərəfəsində həmkarlardan biri ilə mərc gəlmişdim ki, Tramp seçilməyəcək və dediyim olarsa, mənə təsbeh hədiyyə edəcək. 2020-ci ildə ikinci dəfə prezident olmasına imkan vermədilər. Tramp dedi ki, seçkilər saxtalaşdırılıb, tərəfdarları da etiraza qalxdılar, iğtişaş törətdilər, hətta ölənlər də oldu. Nəsə, proqnozum doğruldu, onun adına alınmış təsbehi isə haradasa itirdim...

Deyim ki, Trampın ilk prezidentliyi dövründə onun barəsində indiki hakimiyyətindən daha çox tənqid yazmışam. Nəhəng bir gücü yönəldən Trampın publik davranışlarına baxanda şübhə etmirəm ki, o, prezidentdən daha çox öz sözünü qanun, öz fikrini həqiqət, onu tənqid edən hər kəsi isə düşmən hesab edən Şərq avtoritar liderlərinə xas xüsusiyyətləri ilə fərqlənən siyasətçidir. Təəssüf ki, Ağ Evdəki üst-üstə altı illik hakimiyyəti onun xüsusilə mediaya qarşı üslubunda demək olar ki, heç nəyi dəyişməyib. Şükür ki, ABŞ-ın siyasi sistemi bəzi Şərq ölkələrindəki, məsələn, narazıları şallaqlama tətbiqindən uzaqdır. Daşdan keçən Konstitusiyası, müstəqil məhkəmələri, qanunlara tabe Konqresi və Senatı, müstəqil media qurumları və güclü ictimai institutları var.

Picture background

Sözümüzü çox uzatmadan mətləbə gələk. Dünyanın heç bir sivil ölkəsində hakimiyyətlər azad medianı sevmirlər, ABŞ da bu sırada istisna deyil. ABŞ prezidentinin problemi isə ondadır ki, o, jurnalistlərlə münasibətdə açıq savaşı seçir – hansısa xəbəri, hətta verilən sualı bəyənməyəndə jurnalistləri acılayır, zaldan qovur və s.

Avqustdan bəri analıq məzuniyyətinə çıxmış Ağ Evin mətbuat katibi Kerelayn Levittin yerinə təyinat da yoxdur. Bu, ABŞ kimi açıq dövlət sistemi üçün biabırçı faktdır. Sarışın Kerelayn heç olmasa Trampla media arasında dayanmağa, şefinin hansısa sərt üslubunu yumşaltmağa çalışırdı. İndi ortada o da yoxdur deyə, Amerika prezidenti media ilə bütün körpüləri yandırmaqdadır.

Məlumdur ki, prezident bu həftə CNN, MS NOW və “Politico”nun əməkdaşlarını “saxta xəbər” yaymaqda ittiham edərək Ağ Evə girişini qadağan edib. Onlar da eləməyib tənbəllik, federal məhkəməyə müraciət edərək qərarın ABŞ Konstitusiyasına zidd olduğunu bildiriblər. Daha maraqlısı isə odur ki, ABC, CBS, NBC və Fox News bu addıma etiraz olaraq Ağ Evdən yayımları dayandırıblar. Beləcə, tərəflər yenə “savaş baltalarını” çıxarıblar... Prezident istəyir ki, onun haqqında yazılan hər xəbər xoşuna gəlsin. Media isə deyir ki, bizim vəzifəmiz prezidentin xoşuna gəlmək deyil. Daha maraqlısı, Trampın da onu boykot edənlərin acığına – vaxtilə “Twitter”dən qovulanda özünə sosial şəbəkə yaratmışdı, indi də mesajlarını oradan yayımlayır – Trump TV-nin yayımına başlandığını elan edib. TV-də prezident və administrasiya üzvlərinin çıxışları, rəsmi tədbirlər və administrasiyanın seçdiyi digər görüntülər bu platformada təqdim olunur. Çıxış yolu və acıq çıxmaq üçün pis variant deyil. Amma bu media nəinki müstəqil, heç yarımmüstəqil TV də deyil, əksinə, tərəfli və boz ekrandır, o efirə rəğbət və inam olmaz. Trampın qəbul etmədiyi bu gerçəklikdir. Hakimiyyət öz media kanalını yarada, çıxışlarını yayımlaya, tərəfdarlarına birbaşa müraciət edə bilər. Amma həqiqəti deyən, yazan və yayan medianı heç bir Trump TV əvəz edə bilməz.

Picture background

ABŞ prezidentinin mediaya növbəti savaşının zamanlaması respublikaçıları daha çox narahat edib. Konqres seçkilərinə bir ay yarımdan az vaxt qalmış ABŞ-ın tanınmış media strukturları ilə açıq qarşıdurma Respublikaçılar Partiyasının bir çox tanınmış üzvünü narahat edib. Ona görə prezidentdən media ilə qarşıdurmaya tez bir zamanda son qoymasını istəyirlər. Hətta Trampın bir çox tərəfdarının birləşdiyi MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatında da Trampın televiziyası tənqid edilib. Məsələn, məşhur sağçı bloger Rebekka Uorşam prezidenti “yalnız diktaturalarda mövcud olan dövlət televiziyası” yaratmağa cəhddə günahlandırıb. Amma Trampın bu savaşı dayandıracağı və münasibətləri düzəltməyə çalışacağı gözləmək sadəlövhlükdür. Trampın bu savaşı onun mediaya qarşı formalaşmış və daşlaşmış mövqeyidir. Adam jurnalistlərlə, yumşaq desək, yola getmir və belə də davam edəcək.

ABŞ daxil Qərb mediası ideal və tərəfsiz deyil. Dəyərlərin sürətlə dağıldığı dünyada elektron və yazılı media da ciddi böhran yaşayır. Nə qədər pisləsələr də, nə qədər sıxışdırsalar da, dünyanı dağıdacaq xəbəri də, sülhü gətirəcək xəbəri də onlar yazacaq. Trampın qəbul etmədiyi bir gerçəklik də məhz budur..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2026

23 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR