Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 15-də Minskdə ABŞ-Belarus danışıqları başlayır və bu görüş adi diplomatik təmas çərçivəsinə sığmır. ABŞ prezidenti Donald Trampın Con Koulun rəhbərliyi ilə xüsusi nümayəndə heyətini Belarusun paytaxtına göndərməsi Vaşinqtonun Şərqi Avropada geosiyasi kartları yenidən qarışdırmaq niyyətinin mühüm siqnalıdır. Söhbət təkcə ABŞ ilə Belarus arasında münasibətlərin normallaşdırılmasından getmir. Minsk bu gün Moskvanın ən yaxın müttəfiqlərindən biri olmaqla yanaşı, Rusiya-Ukrayna müharibəsinin gedişinə, Şərqi Avropadakı təhlükəsizlik strukturuna və Kremlin regional təsir imkanlarına birbaşa bağlı strateji məkan olaraq qalır.
Tramp administrasiyasının Minskə xüsusi nümayəndə göndərməsi bu baxımdan Vaşinqtonun Lukaşenko hakimiyyəti ilə birbaşa danışıq kanalını gücləndirmək cəhdi kimi diqqət çəkir.
Burada ən həssas məqam Belarusun Rusiya üçün strateji əhəmiyyətidir. Minsk Moskvanın hərbi-siyasi müttəfiqidir və iki ölkə arasında inteqrasiya uzun illərdir dərinləşir. Buna görə də ABŞ-nin Belarusla birbaşa dialoqunun genişlənməsi Kreml tərəfindən sadəcə ikitərəfli diplomatik təmas kimi deyil, Rusiyanın təsir zonasına daxil olan ölkə ilə yeni kanal yaratmaq cəhdidir. Əgər Vaşinqton Minskdə siyasi, iqtisadi və təhlükəsizlik məsələləri üzrə müəyyən anlaşmalar əldə edə bilsə, bunun Moskva üçün ciddi geosiyasi nəticələri yaranacaq.
Digər tərəfdən, Belarus da bu prosesdə yalnız passiv tərəf deyil. Lukaşenko hakimiyyəti Rusiya ilə strateji ittifaqını qorumaqla yanaşı, Qərblə münasibətlərdə müəyyən manevr imkanları əldə etməyə çalışır. ABŞ ilə dialoqun genişlənməsi Minskə Moskva qarşısında əlavə siyasi rıçaqlar qazandıra, eyni zamanda Qərblə münasibətlərdə yeni pəncərə aça bilər. Bu isə Belarusun geosiyasi çəkisini artırmaq üçün istifadə edə biləcəyi mühüm imkan deməkdir. Əslində, burada daha böyük geosiyasi oyun gedir. ABŞ Rusiyanı yalnız Ukrayna cəbhəsində deyil, onun ətrafındakı siyasi və diplomatik mühitdə də sıxışdırmağa çalışır. Belarusla birbaşa dialoq bu strategiyanın elementlərindən birinə çevrilərsə, Moskvanın Şərqi Avropadakı manevr imkanları daha da darala, eyni zamanda Vaşinqtonun Minskə yanaşmasının dəyişməsi Avropa İttifaqı, NATO və Rusiya arasında onsuz da gərgin olan geosiyasi balansı yeni sınaq qarşısında qoya bilər.
Bu baxımdan Minskdəki görüşün nəticələri yalnız ABŞ və Belarus münasibətlərinin gələcəyi ilə ölçülməyəcək. Əsas məsələ Vaşinqtonun Lukaşenko ilə hansı razılaşmaya getməyə hazır olması, Minskə hansı siyasi və iqtisadi təkliflərin verilməsi və bunun qarşılığında Belarusdan hansı geosiyasi addımların gözlənilməsidir. Əgər bu dialoq Moskvanın Belarus üzərindəki təsirini müəyyən qədər zəiflətməyə hesablanıbsa, şübhəsiz ki, qarşıdakı proses Rusiya-ABŞ qarşıdurmasının yeni cəbhəsinə çevriləcək. Bir sözlə, Minskdə başlayan danışıqlara yalnız diplomatik görüş kimi baxmaq doğru olmaz. Trampın xüsusi nümayəndəsinin Belarus paytaxtına səfəri Vaşinqtonun Moskvanın strateji çevrəsində yeni siyasi imkanlar axtardığını göstərən ciddi geosiyasi mesajdır.
Tramp Belarusla hansı sövdələşməni hazırlayır? Vaşinqton Lukaşenkonu Moskvanın təsir dairəsindən qoparmağa çalışır? ABŞ-Belarus yaxınlaşması Rusiya üçün Şərqi Avropada ciddi geosiyasi itkiyə çevriləcək?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, ABŞ ilə Belarus arasında diplomatik təmasların genişlənməsi və dərinləşməsi bir sıra səbəblərlə bağlıdır:
“Bu səbəblərdən biri Belarusun Rusiya-Ukrayna müharibəsində Rusiyaya yaxın mövqedə dayanmasına baxmayaraq, müəyyən mənada özünün siyasi manevr imkanlarını və ümumi neytrallıq görüntüsünü qoruyub saxlamasıdır. Belarusun bu mövqeyi ABŞ ilə Rusiya, eyni zamanda ABŞ ilə Ukrayna arasında potensial vasitəçi rolunda çıxış etmək imkanlarını artırır. Donald Tramp administrasiyasının öz nümayəndəsini Minskə göndərməsi də məhz bu amillərlə əlaqəli ola bilər. İlk növbədə, ABŞ hazırkı vəziyyətdə həm Yaxın Şərqdə, həm də Şərqi Avropada davam edən hərbi-siyasi gərginliklərin yaratdığı problemlərlə paralel şəkildə məşğul olmaq məcburiyyətindədir. Bu baxımdan Vaşinqton Minsk vasitəsilə Moskva ilə müəyyən məsələlər üzrə paralel danışıqlar aparmaq imkanını əldə edə bilər. Digər tərəfdən, ABŞ üçün Belarusla münasibətlərin inkişaf etdirilməsi Minskə müəyyən təsir imkanlarının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Belarusun Rusiya ilə yaxın münasibətləri nəzərə alınarsa, Minskdən Moskva ilə bağlı müəyyən kommunikasiya və təsir kanalı kimi istifadə etmək Vaşinqton üçün əlavə diplomatik imkan yarada bilər. Belarus prezidenti Aleksandr Lukaşenko baxımından isə ABŞ ilə münasibətlərin genişləndirilməsi tərəfdaşlar şəbəkəsini diversifikasiya etmək və ölkənin Rusiyadan siyasi və iqtisadi asılılığını müəyyən dərəcədə azaltmaq cəhdidir. Rusiya üçün ABŞ-Belarus təmaslarının müəyyən müsbət tərəfləri də mövcuddur. Lakin bununla yanaşı, Moskvanın ehtiyatlanacağı məqamlar da kifayət qədər çoxdur. Çünki Belarus Rusiya üçün yaxın tərəfdaş və müttəfiq olsa da, Minsk ilə Vaşinqton arasında münasibətlərin həddindən artıq dərinləşməsi gələcəkdə Rusiyanın Belarus üzərindəki təsir imkanlarının müəyyən qədər azalmasına səbəb ola bilər. Ona görə də ABŞ-Belarus münasibətlərindəki bu yeni dinamikanı yalnız ikitərəfli əlaqələrin inkişafı kimi deyil, həm də Rusiya-Ukrayna müharibəsi fonunda formalaşan daha geniş diplomatik manevrlərin bir hissəsi kimi qiymətləndirmək lazımdır”.
Cavanşir Abbaslı
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ