Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, deputat Razi Nurullayev müzakirələr zamanı çıxış edib.

O bildirib ki, müzakirə edilən sənəd dövlət ehtiyacları üçün torpaqların alınmasını nəzərdə tutur:
“Bu, çox həssas və məsuliyyətli məsələdir. Mülki Məcəllənin 157.9-cu maddəsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsi dövlət ehtiyaclarının dairəsini müəyyən edir. Lakin düşünürəm ki, biz bu anlayışa daha müasir və iqtisadi inkişaf yönümlü yanaşmalıyıq.
Bu gün ölkəmizdə yüzlərlə biznes subyekti var ki, genişlənmək, istehsalı artırmaq, ixraca çıxmaq, yeni zavod və ya sex açmaq istəyir. Onların bir çoxu torpaq məsələsinə görə illərlə gözləyir, prosedurlarda ilişib qalır. Halbuki həmin layihələr reallaşsa, hər biri 30, 50, 100 və daha çox yeni iş yeri yarada bilər”.
Razi Nurullayev “dövlət ehtiyacı” anlayışına yeni bir məfhum əlavə olunmasını təklif edib:
“Əgər hər hansı biznes layihəsi rəsmi şəkildə ən azı 30 və daha artıq daimi iş yeri yaratmağı öhdəsinə götürürsə və bu, iqtisadi əsaslandırma ilə təsdiqlənirsə, belə layihə dövlət ehtiyacı hesab edilsin. Bu halda torpaq məsələləri sürətləndirilmiş qaydada həll olunsun və biznesin genişlənməsinə imkan yaradılsın.
Gəlin açıq danışaq: dövlət vətəndaşa görə dövlətdir. Dövlətin ümdə vəzifəsindən biri də vətəndaşını işlə təmin etməkdir. İş yeri olmayan yerdə sosial sabitlik də zəifləyir, regionlar boşalır, gənclər ümidini itirir. Ən böyük dövlət ehtiyacı nədir? Yeni inzibati binalar? Yeni hasarlar? Yox. Ən böyük dövlət ehtiyacı vətəndaşın işlə təmin olunmasıdır. Əgər biz bunu prioritet elan etsək, qanunvericiliyi də bu fəlsəfəyə uyğunlaşdırmalıyıq.
Təklif edirəm:
Birincisi, Mülki Məcəllənin 157.9-cu maddəsinə əlavə edilsin ki, dövlət ehtiyacı anlayışına iqtisadi inkişaf və məşğulluğun artırılması məqsədilə həyata keçirilən, minimum 30 yeni iş yeri yaradan investisiya layihələri də daxil edilsin.
İkincisi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsində dövlət ehtiyaclarının siyahısı genişləndirilsin və məşğulluq yönümlü iri və orta biznes layihələri ayrıca bənd kimi təsbit olunsun. Bu, mülkiyyət hüququnun zəiflədilməsi deyil. Əksinə, bu, iqtisadi fəallığın artırılması, işsizliyin azaldılması və regionların inkişafı üçün hüquqi mexanizmin yaradılmasıdır. Əlbəttə, burada şəffaflıq, ədalətli kompensasiya və sui-istifadənin qarşısının alınması əsas şərt olmalıdır. Biz qanunu elə yazmalıyıq ki, həm vətəndaşın mülkiyyət hüququ qorunsun, həm də vətəndaş iş tapsın. Çünki sosial ədalət yalnız hüququ qorumaqla deyil, həm də imkan yaratmaqla təmin olunur”.
Deputat əlavə edib:
“Dövlətin ən böyük ehtiyacı işləyən, qazanan, ölkəsinə dəyər qatan vətəndaşdır”.
E.Paşasoy,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ