Onlayn ictimai-siyasi qəzet
Türkiyədə həyata keçirilən "Ailəm güvəndə" (Ailem Güvende) əməliyyatlarından sonra Avropa ölkələri Ankaraya qarşı hərəkətə keçib.
Musavat.com xəbər verir ki, Fransa, İsveç, Finlandiya, Almaniya, İslandiya, Danimarka və Niderlandın yer aldığı 7 Avropa ölkəsi birgə bəyanat yayımlayıb.
Bəyanatda LGBTİ+ fərdlərinin hüquqları və söz azadlığı ilə bağlı narahatlıq ifadə olunub, İtaliyanın isə sənədə imza atmadığı bildirilib.
7 ölkənin birgə açıqlamasında Türkiyədə 12 sentyabrdan bəri LGBTİ+ fərdlərinə, insan hüquqları müdafiəçilərinə və LGBTİ+ təşkilatlarına qarşı həyata keçirilən tədbirlərlə bağlı ciddi narahatlıq ifadə olunub. Açıqlamada Türkiyənin beynəlxalq insan hüquqları hüququ və Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində söz azadlığı, dinc toplaşmaq və təşkilatlanma azadlığına hörmət etməli olduğu vurğulanıb:
"Türkiyədəki bütün LGBTİ+ fərdləri ilə tam həmrəy olduğumuzu bildiririk".
"Nefes" portalının məlumatına görə, sözügedən birgə bəyanatda İtaliyanın yer almaması xüsusi diqqət çəkib. İtaliyanın baş naziri Corciya Meloninin hökuməti bundan əvvəl də LGBTİ+ hüquqları və "gender ideologiyası" müzakirələrində məsafəli mövqe nümayiş etdirməsi ilə tanınır. İtaliya hökumətinin Türkiyəni tənqid edən sənədə imza atmamaq qərarı verdiyi və Meloninin bu istiqamətdə xüsusi tapşırıq verdiyi iddia olunur.
"Ailəm güvəndə" əməliyyatı nədir?
Türkiyədə "Ailəm güvəndə" adı altında aparılan əməliyyatlar ailə institutunun qorunmasına yönəlmiş məhkəmə və inzibati proseslər çərçivəsində başladılıb. Ədliyyə naziri Akın Gürlek tərəfindən elan edilən əməliyyat çərçivəsində ölkə üzrə 15 vilayətdə 162 şübhəli, 9 dərnək və 13 müəssisəyə qarşı hüquqi tədbirlər görülüb. İstanbul, Ankara və İzmir başda olmaqla bir sıra şəhərlərdə LGBTİ+ dərnəklərinə, aktivistlərə və bəzi müəssisələrə qarşı əməliyyatlar keçirildiyi qeyd olunur. Tədbirlər çərçivəsində bəzi dərnək rəhbərləri saxlanılıb, bəzi qurumların resurslarına girişə isə məhdudiyyət qoyulub.
Corciya Meloni hökuməti bundan əvvəl də LGBTİ+ hüquqları ilə bağlı qəbul etdiyi qərarlarla gündəmə gəlib. İtaliya hökuməti daha əvvəl LGBTİ+ şəxslərin valideynlik qeydiyyatı ilə bağlı bəzi yerli təcrübələrə qarşı çıxış edib. Milan bələdiyyəsinin LGBTİ+ valideynlərin rəsmi qeydiyyata alınması addımı İtaliya Daxili İşlər Nazirliyinin tapşırığı ilə dayandırılıb. Milan meri Beppe Sala da qərardan sonra həmin təcrübəni davam etdirə bilmədiklərini açıqlayıb.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ