Onlayn ictimai-siyasi qəzet
Türkiyəli tanınmış aparıcı Müge Anlının keçmiş həyat yoldaşı, jurnalist Burhan Akdağ boşandığı gün hücuma məruz qaldığını iddia edib.
Musavat.com xəbər verir ki, Burhan Akdağ səkkiz illik həyat yoldaşı Aysun Çardakdan boşandıqdan sonra İstanbulun Ataşehir rayonunda yerləşən yaşayış kompleksinin qarşısında hücuma uğrayıb.
Hadisə zamanı yanında olan qızı Aslıhan Akdağ baş verənləri mobil telefonla lentə almağa çalışıb. O, atasına qarşı planlı hücum təşkil edildiyini iddia edib.
Aslıhan Akdağ hadisə ilə bağlı açıqlamasında “Atamı öldürəcək və bunu qəza kimi göstərəcəkdilər” sözlərini işlədib. O, hadisə zamanı kömək istəməkdən səsinin batdığını bildirib.
Burhan Akdağ isə açıqlamasında mübahisənin liftə başladığını və daha sonra ikinci mərtəbədə davam etdiyini deyib. Onun sözlərinə görə, Həsən Demiröz və Gökçin Küçükgöksu adlı şəxslər ona hücum ediblər.
Akdağ bildirib ki, qızı görüntü çəkməyə çalışarkən hücum edənlər bu dəfə ona yönəlib:
“Qızımı boğaraq telefonunu almağa çalışdılar. Üzünə zərbələr endirildi, paltarları cırılmışdı. Bir ata olaraq həyatımın ən ağır çarəsizlik hissini yaşadım”.
Jurnalist bildirib ki, hadisə yerinə dostu Müzaffer Sütçü gəldikdən sonra hücum edənlər geri çəkiliblər. Daha sonra polis və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb olunub.
Burhan Akdağ və qızının xəstəxanaya aparıldığı, aldıqları xəsarətlərlə bağlı tibbi arayış əldə etdikləri və polisə rəsmi şikayət etdikləri bildirilib.
Akdağ hadisənin bütün tərəfləri ilə araşdırılmasını tələb edərək HTS qeydləri və digər rəsmi sübutların həqiqəti ortaya çıxaracağını deyib.
Qeyd edək ki, hadisə zamanı çəkildiyi iddia edilən 10 dəqiqəlik görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda Burhan Akdağ və qızına qarşı fiziki zorakılıq tətbiq olunduğu iddia edilir.
Musavat.com

04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ