Onlayn ictimai-siyasi qəzet
Nassim Talebin Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsini açıq şəkildə gündəmə gətirməsi ABŞ-də yaşayan türkəsilli mühəndis, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalının sərt reaksiyasına səbəb olub. Kırlıkovalı Talebə ünvanladığı açıq məktubda Vardanyanın ictimai imicinin arxasında dayanan maliyyə və siyasi əlaqələrin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb və tanınmış yazıçını öz mövqeyinə yenidən baxmağa çağırıb.
Amerikalı tədqiqatçı məktubunda Vardanyanın “xeyriyyəçi” obrazını da hədəfə alaraq bunun onun öz ifadəsi ilə desək, “narrativ qalxan” rolunu oynaya biləcəyini bildirib. Kırlıkovalıya görə, Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti regionda siyasi sabitliyə ciddi təsir göstərib və Talebin onun həbsini təqdimetmə tərzi bu kontekstdə mühüm suallar doğurur.
Mövzu ilə bağlı Musavat.com-a danışan deputat Elçin Mirzəbəyli qeyd edib ki, Kırlıkovalının məktubu obyektiv həqiqətlərin müdafiə olunması baxımından vacibdir: “Amma bunun Talebin mövqeyinə hər hansı formada təsir göstərəcəyini, onun yanlış düşüncələrini dəyişəcəyini düşünmürəm. Çünki o, yanlış düşüncəni yaradan şəxslərdən biridir. Nassim Nikolas Livanda doğulan, pravoslav olan Taleb bütün ömrü boyu erməni diasporu və erməni kilsəsi ilə sıx bağlı olub. Onun Ruben Vardanyanla əlaqələrinin kökündə də məhz bu faktorların dayandığı qənaətindəyəm.
Bəlli olduğu kimi, Livanda, Beyrutda erməni kilsəsini maliyyələşdirən, həmçinin, bu kilsə vasitəsilə vaxtilə Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşdırılmasına faktiki olaraq dəstək verən şəxslərdən biri də Ruben Vardanyandır. Bu prosesdə hazırda Ermənistanda həbsdə olan Samvel Karapetyanla Azərbaycanda cinayət əməllərinə görə həbsdə yatan Ruben Vardanyan paralel şəkildə hərəkət edib və bu şəbəkənin içərisində Nassim Talebin də olması, fikrimcə, qətiyyən təsadüfi deyil”.
Millət vəkilinə görə, Talebin irəli sürdüyü “Qara qu quşu” nəzəriyyəsi ilə Ruben Vardanyanın fəaliyyəti arasında da diqqətçəkən paradoks var: “Talebin “Qara qu quşu” iqtisadi nəzəriyyəsini irəli sürən şəxslərdən biri olması da diqqətçəkən məqamdır. Əslində, bu nəzəriyyənin mahiyyətində yer alan amillərdən biri Vardanyan kimi şəxslərin fəaliyyətidir. Bəlli olduğu kimi, Ruben Vardanyan uzun illər çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlərdə ittiham olunub və hətta onun rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar.
Yəni, nəticə etibarilə, Vardanyan haqqında bir neçə cinayət işi var. O cümlədən Baltikyanı ölkələrdəki fəaliyyəti ilə bağlı da cinayət işləri mövcuddur, adı bir neçə işdə keçir və bunların arasında çirkli pulların “yuyulması” ilə bağlı iddialar da yer alır. Əslində, çirkli pulların “yuyulması” ilə bağlı fəaliyyətlərlə əlaqələndirilən bir şəxsin beynəlxalq müstəvidə iqtisadi kataklizmlərə səbəb olan hadisələrə yol açan faktorlar haqqında nəzəriyyənin müəllifi ilə bir araya gəlməsi paradoksal haldır. Amma biz erməni diasporu və erməni lobbisi ilə bağlı olan şəxslərin kifayət qədər paradoksal fəaliyyətlərinə dəfələrlə rast gəlmişik".
Deputat ardınca qeyd edib ki, Talebi Azərbaycana kimin dəvət etməsi araşdırılmalıdır: "Məsələnin mahiyyətində təxribat xarakterli bir addım da ola bilər. Prinsip etibarilə, adı çəkilən şəxsin mövqeyi hər kəsə bəllidir və onun Azərbaycana verə biləcəyi heç nə yoxdur. Nassim Taleb faktiki olaraq pul “yuyan” Ruben Vardanyanı müdafiə etməklə, faktiki özünün irəli sürdüyü nəzəriyyəni inkar edib. Mahiyyət etibarilə, bu, bir daha onun kimliyini ortaya qoyan faktor kimi qiymətləndirilməlidir.
Bu baxımdan əgər Azərbaycanda hansısa bir universitet, təhsil ocağı və ya qurum bu şəxsi ölkəmizə dəvət edibsə, düşünürəm ki, bu, çox yanlış və əhəmiyyətsiz addımdır. Bu şəxslər hətta həqiqəti görəndə belə, öz mövqelərini dəyişmirlər. Çünki onların mövqelərini çirkli pullar müəyyənləşdirir”.
Xalidə Gəray,
Musavat.com
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ