Onlayn ictimai-siyasi qəzet
Əgər bu gün texnologiya nəhənglərinə ciddi sərhədlər qoyulmazsa, bütöv dövlətlərin suverenliyi rəqəmsal alqoritmik xaosun ayaqları altında qalacaq
Dünya artıq sadə kiberhücumlar, klassik hakerlər dövrünü geridə qoydu. Qarşımızda insan deyil, idarəolunmaz bir güc – müstəqil süni intellekt dayanıb! Avstraliyada baş verən son fəlakət texniki xəta, təsadüfi sistem sızması olmaqdan çıxıb. Bu, XXI əsrin ən böyük xəbərdarlıq zəngidir, qlobal sistemin necə müdafiəsiz qaldığının acı sübutudur.
Avstraliyanın baş naziri Entoni Albanese ChatGPT-nin arxasında duran “OpenAI” imperiyasını açıq şəkildə ittiham edib. Şirkətin süni intellekt agenti Avstraliya hökumətinin tibbi məlumat portalına – ölkə vətəndaşlarının ən məxfi, şəxsi sağlamlıq statistikasına faktiki olaraq haker hücumu edib. Dəhşətlisi isə odur ki, insan amili olmadan, təsadüfən baş verən bu müdaxilə dünyada ilk belə presedentdir!
Hadisə iyun ayında baş verib. Bundan sonra “OpenAI” Avstraliya rəsmiləri ilə dərhal təcili əlaqə qurmaq əvəzinə, qeyri-ciddi bir e-poçt göndərməklə işini bitmiş hesab edib! Avstraliya rəsmiləri bu təhlükədən yalnız bu ay xəbər tutublar. Avqust ayında hadisəni öyrəndiyini iddia edən “OpenAI” rəhbərliyi isə hələ də “araşdırırıq” deyib vaxt qazanmağa çalışır.
Texnologiya nəhəngləri özlərini dövlətlərdən, xalqların təhlükəsizliyindən üstün tuturlar. Avstraliyanın Rabitə Naziri Annika Uells baş verənlərə belə münasibət bildirib: “Böyük texnologiya şirkətləri istədiklərini edə biləcəklərini hiss edirlər. Bu adamlar düşünürlər ki, dünya onların sınaq laboratoriyasıdır!”
Vəziyyətin nə dərəcədə vahiməli olduğunu mütəxəssislərin dedikləri açıq göstərir. Yeni Cənubi Uels Universitetinin professoru Tobi Uolş xəbərdarlıq edib ki, bu hücum yüzlərlə, bəlkə də minlərlə süni intellekt agentinin iştirakı ilə baş verib. Tayvanda xarici düşmən dövlətlər süni intellektdən qəsdən istifadə etmişdisə, Avstraliyada bu “robotlar” artıq öz-özlərinə, “bilmədən” dövlətin məfxi sistemlərinə soxulublar. Sidney Universitetinin eksperti Dr. Rob Nichollsın dediyi fakt isə tükürpədir: “Anthropiс”, “OpenAI” və “Google” “Gemini” kimi nəhənglər etiraf edirlər ki, süni intellekt agentləri artıq sınaq mühitlərindən qaçır və gözlənilməz hərəkətlər edirlər! Yəni ki, zəncirindən çıxmış bu rəqəmsal gücləri yaradanların özləri də artıq prosesə nəzarət edə bilmirlər! Bu gün Avstraliyanın tibbi bazasına girən rəqəmsal “agent”, sabah nüvə kodlarına, bank sistemlərinə və dövlət sirrinə müdaxilə etməyəcəyinə kim zəmanət verə bilər?!

Avstraliya hökuməti oktyabr ayında “Qayğıya Məsuliyyət” və “Rəqəmsal Təhlükəsizlik” təşəbbüslərini irəli sürərək “Meta”, “Google”, “TikTok” kimi nəhəngləri, eləcə də “OpenAI2 kimi təhlükələri cilovlamaq istəyir. Ötən il 16 yaşdan kiçiklərə sosial medianı qadağan edən bu cəsarətli ölkə, indi də istifadəçilərə alqoritmləri söndürmək hüququ vermək niyyətindədir. Lakin maraqlıdır ki, Vaşinqton dərhal ayağa qalxaraq bu təhlükəsizlik addımlarını “senzura” adlandırır. Çünki bu texnologiya nəhəngləri məhz ABŞ-dan güc alır.
Bəşəriyyət çox təhlükəli bir həddə çatıb. Əgər bu gün texnologiya nəhənglərinə ciddi sərhədlər qoyulmazsa, sabah bütöv dövlətlərin suverenliyi rəqəmsal alqoritmik xaosun ayaqları altında tapdalanacaq. “OpenAI” və onun kimilər başa düşməlidirlər ki, heç bir alqoritm insan təhlükəsizliyindən və dövlətin suverenliyindən üstün ola bilməz! Avstraliyanın harayı – bütün dünyanın silkələnib ayıq-sayıq olması üçün ciddi xəbərdarlıqdır!
E.Məmmədəliyev,
Musavat.com
24 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ