İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhsevər”lərin iki üzü - 28 il İrəvana arxa duranlar Moskvanın üzünə dururlar

Avropa ölkələrinin sülh çağırışları səmimi deyil. Bir çox məsələlərdə olduğu kimi burada da həmişə ikili standartlara yol verilib, hələ də elədir.

Bizə gələndə “hər bir münaqişə dinc şəkildə, masa arxasında, danışıqlar yolu ilə həll olunmalıdır” deyə, yüz dəfə təkrarlayır, “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil” deyirdilər.

Bu gün həmin dövlətlər Rusiyaya müqavimət göstərməsi, müharibəni tam şiddətlə davam etdirməsi üçün Ukraynaya hər cür dəstək verirlər. Buraya qırıcı təyyarələrdən, modern tanklardan, raket əleyhinə müdafiə qurğularından tutmuş çəkməyə, coraba qədər 1001 adda maddi məmulat, eləcə də siyasi, diplomatik, mənəvi, humanitar dəstək daxildir.

baydemak.jpg (199 KB)

Əgər Avropa ölkələri sülh istəyirsə, bunları etməməliydi və oturub Rusiyanın Ukraynanı ac timsah kimi vilayət-vilayət parçalayıb udmasına baxmalıydı. Elə etsə, çox çəkməzdi, hərbi cəhətdən daha güclü olan Rusiya Ukraynanı məğlub edərdi, atəşkəs elan olunardı, Ukraynada marionet hökumət qurulardı, məsələ bitərdi.

Ancaq Avropa ölkələri aqressoru durdurmaq üçün Ukraynaya dünya tarixində görünməmiş həcmdə yardımlar etdilər və bu işdə davam edirlər.

Bu, yəqin ki, belə olmalıdır. Böyük və aqressiv dövlətlərə özlərindən kiçikləri parçalamaq və məhv etmək imkanı verilməməlidir. Bir dövlətin başqa bir dövlətin əyalətini qoparıb orada oyuncaq “dövlət” təsis etmək haqqı olmadığı kimi, imkanı da olmamalıdır.

Vaxtilə Ermənistan belə etmişdi, Azərbaycanın Qarabağ mahalını işğal etmiş, yeni “dövlət” qurmuş, əslində isə özünə birləşdirmişdi – eynilə hazırda Rusiyanın Luqansk və Donetskdə qurduğu “dövlət”lər kimi. Hamı bilir ki, Rusiya bu əyalətləri özünə birləşdirib, sadəcə, adlarını “DXR”, “LXR” qoyub.

merkelserj.jpg (145 KB)

Ancaq Avropa ölkələri eyni qanunsuzluqları, hətta cinayətləri edən Ermənistana göz yumurdu. Sanki ermənilərin başqa bir dövləti parçalamaq, talamaq, yandırmaq, uzun illər işğal altında saxlamaq kimi müstəsna haqları vardı və Azərbaycanın öz ərazisini işğaldan azad etmək təşəbbüsü göstərmək hüququ yox idi.

ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ, Fransa) tez-tez dəyişən həmsdərlərinin, eləcə də bu ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin 28 il boyunca 2800 dəfə təkrarladıqları fikir məhz bundan ibarət idi ki, Azərbaycan silaha əl atmasın, müharibəyə başlamasın.

Ötə yandan, onlar aqressora, Ermənistana işğal etdiyi əraziləri tərk etmək üçün nəinki sanksiya tətbiq edirdilər, heç hər hansı bir təzyiq, təsir də göstərmirdilər.

sankoss.jpg (47 KB)

Amma nə fərqi vardı ki? Rusiya da, Ermənistan da başqa dövlətin ərazisini işğal edib qanunsuz “dövlət” qurmuşdular. Rusiyaya 11 paketlik sanksiya növləri tətbiq edən Avropa Ermənistana “mərhələli həll” paketi təqdim edirdi, ermənilər də əllərinin dalıyla təklifləri geri itələyir, “bizə hava belə də xoşdur” ədası göstərirdilər. Ermənilərin Rusiyadan, Avropadan, eləcə də ABŞ-dan belləri bağlı olması 28 l boyunca qarşımızda atılıb-düşməzdilər, kompromis haqda düşünərdilər. Onlar öz güclərindən çox beynəlxalq dəstəklərinin sarsılmazlığına, Rusiyanın timsalında qoruyucu gücün himayəsinə arxayın idilər.

ecroyuz.jpg (428 KB)

Avropa ölkələrinin Rusiya və Ermənistanın eyni xarakterli aqressiyasının arasında fərq qoymaları ona görə idi ki, onlar Ermənistanı özləri üçün təhlükə saymırdılar, onu “kiçik bacı” sayır, böyüməsini istəyirdilər, amma Rusiyanı bütün Avropa üçün təhlükə hesab edir, cilovlanmasını istəyirlər.

Ermənistana münasibətdə folklorumuzdan tanış olan “mənə dəyməyən qurd yüz il yaşasın” siyasəti yeridiən Avropa Rusiyaya münasibətdə “işğaldan qidalanaraq böyüyən bədheybətin qarşısını almaq” siyasəti yeridir.

Ona görə də hazırda bir sıra Avropa dövlətlərinin özlərini sülh carçısı kimi göstərməsi əbəsdir. Onlar işlərinə gələndə aqressoru dəstəkləyir, gəlməyəndə qarşı çıxırlar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR