Onlayn ictimai-siyasi qəzet
Bakının Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 23 yaşlı şəxs batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə də məlumat daxil olub. 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Bu iki fakt son bir neçə günün xəbəridir. Xəzərin Mərdəkan istiqamətində son bir ay içində 10-a yaxın gənc suda boğulub. Ümumiyyətlə, bu il havanın küləkli olması Xəzərdə boğulanların sayının artmasına səbəb olub. Həmçinin nəzarətsiz ərazilərdə üzməyə gedənləri dəniz “udur”. FHN tərəfindən dəfələrlə çağırış olunub, lakin nəticəsi yoxdur.
Bəs nəzarətsiz ərazilərə və küləkli hava şəraitində dənizə gedənlərə necə kontrol etmək olar?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Musavat.com-a deyib ki, çimərliyə gedərkən təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır: “Yəni təhlükəsizlik qaydalarına mütləq şəkildə ciddi riayət etmək lazımdır. Bu, ilk növbədə çimərliyin doğru-düzgün seçilməsindən başlayır. Yalnız fəaliyyətinə icazə verilən və çimərlik üçün nəzərdə tutulan rəsmi ərazilərə getmək lazımdır. Təbii ki, belə çimərliklərdə xilasetmə xidməti də fəaliyyət göstərir. Birmənalı olaraq yalnız və yalnız bu cür ərazilərdən istifadə edilməlidir. Çimmək üçün nəzərdə tutulmayan ərazilərdə – söhbət təkecə dənizdən getmir, bura çaylar, göllər, kanallar, arxlar, su tutarları və su anbarları da daxildir, birmənalı olaraq təhlükəlidir”.

Onun sözlərinə görə, Xəzərin 825 kilometrlik sahil xəttinin hər yeri, təbii ki, çimmək üçün yararlı deyil: “Bunun üçün ayrılmış xüsusi yerlər var və həmin ərazilərdə istirahət etmək daha təhlükəsiz və məqsədəuyğundur. Əlverişsiz hava şəraitində isə dünyanın hər yerində çimərlikdən istifadə etmək təhlükəlidir və yolverilməzdir. Əlverişsiz hava şəraiti dedikdə, xüsusən küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getməmək tələb olunur".
Elmar Nurəliyevin fikrincə, 5 qızıl qaydaya riayət edilməlidir. “Birincisi, əlverişsiz hava şəraitində çimərliyə getməmək, ikincisi, nəzarətsiz və xilasetmə xidməti olmayan ərazilərdə çimməmək, üçüncüsü, spirtli içkinin təsiri altında suya girməmək, dördüncüsü, uşaqları çimərlikdə nəzarətsiz qoymamaq, beşincisi isə üzmə sərhədlərini müəyyən edən nişanları keçməməkdir. Bunlara əməl etməklə çimərlikdə rahat, sağlam və təhlükəsiz istirahət etmək mümkündür”, - deyə ekspert vurğulayıb.
Nurəliyev əlavə edib ki, hər il dünyada 400 mindən çox insan suda boğularaq həyatını itirir: "Dünya üzrə boğulma statistikasının 95 faizindən çoxu məhz nəzarətsiz çimərliklərin payına düşür. Ona görə də nəzarətsiz ərazilərə mütləq şəkildə getmək olmaz. Əlverişsiz hava şəraitində boğulanların sayı isə ümumi statistikanın 70 faizindən çoxunu təşkil edir. Bizdə də çimərliklərdə təhlükəsizliyin təmin olunması ile Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti məşğul olur. Onların rəsmi statistikasına əsasən, xidmət apardıqları rəsmi çimərliklərdə bir nəfər də olsun boğulma halı qeydə alınmayıb. Bu isə bir daha onu sübut edir ki, nəzarət olunan və xilasetmə xidməti fəaliyyət göstərən çimərliklər tamamilə təhlükəsizdir".
Afaq Mirayiq,
Misavat.com
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ