Onlayn ictimai-siyasi qəzet
İranın ali dini lideri Əli Xameneinin səhhətinin pisləşməsi və Tehrandakı klinikalardan birinə yerləşdirilməsi barədə xəbərlər yenidən gündəmi silkələyib. Rəsmi təsdiq yoxdur, xəstəliyin mahiyyəti açıqlanmır, vəziyyəti barədə məlumat verilmir. Lakin İran kimi qapalı siyasi sistemə malik bir ölkədə belə xəbərlərin özü belə təsadüfi olmur və adətən daha böyük proseslərin anonsu kimi qəbul edilir.
Bu, Xamenei ilə bağlı yayılan ilk sağlamlıq xəbəri deyil. Son illərdə onun səhhəti barədə zaman-zaman müxtəlif iddialar ortaya atılıb. Xüsusilə də regionda gərginliyin artdığı, İran-İsrail qarşıdurmasının kəskinləşdiyi, ABŞ-la münasibətlərin yenidən sərtləşdiyi bir dövrdə onun “bunkerdə gizləndiyi” barədə xəbərlər də yayılmışdı. Maraqlıdır ki, bu məlumatlardan cəmi iki gün əvvəl Xameneinin ABŞ-a yönəlik sərt bəyanatı ictimaiyyətə təqdim edilmişdi. Bu isə İran siyasi sisteminin ənənəvi davranış modelinə uyğundur: lider görünür, mesaj verir, amma arxa planda ciddi proseslər gedir.
Əgər doğrudan da Xameneinin səhhətində ciddi problem varsa – bu ehtimal tam realdır, çünki onun 87 yaşı var – o zaman İranın ən mühüm və ən həssas mexanizmi işə düşməlidir: yeni ali dini liderin seçilməsi. Və məhz buradan etibarən məsələ sadəcə sağlamlıq xəbəri olmaqdan çıxır, İranın gələcək siyasi taleyi məsələsinə çevrilir.
Xatırladaq ki, İranda ali dini lider (Vəliyyi-fəqih) sadəcə dini fiqur deyil, o, ölkənin faktiki rəhbəridir. Prezident, parlament, hökumət, hətta ordu belə onun iradəsindən kənara çıxa bilməz. Ali dini lider Silahlı Qüvvələrin baş komandanıdır, məhkəmə sisteminə nəzarət edir, dövlət televiziyasını təyin edir, prezident seçkilərinə namizədlərin buraxılıb-buraxılmamasına təsir göstərir, İnqilab Keşikçiləri Korpusuna birbaşa nəzarət edir, xarici siyasətin əsas istiqamətlərini müəyyənləşdirir. Yəni bu post İran dövlətinin ideoloji, siyasi və hərbi mərkəzidir.

İran Konstitusiyasına görə ali dini lideri Ekspertlər Məclisi (Məclisi-Xübreqan) seçir. Bu qurum 88 nəfər yüksək rütbəli ayətullahdan ibarətdir və birbaşa xalq tərəfindən seçilir. Lakin namizədlərin kim ola biləcəyini əvvəlcədən Nəzarət Şurası müəyyən edir. Nəzarət Şurasının yarısını isə birbaşa Xamenei özü təyin edir. Bu o deməkdir ki, mexanizm formal olaraq seçkili olsa da, faktiki olaraq sistem daxilində ciddi filtrdən keçir. Bu proses son dərəcə qapalı keçirilir. 1989-cu ildə Xomeynidən sonra Xameneinin seçilməsi də cəmi bir neçə saatlıq gizli iclas nəticəsində baş vermişdi.
İndi əsas sual budur: Varis kim ola bilər?
Bu məsələdə bir neçə əsas fiqurun adı hallanır. Ən çox müzakirə olunan ad Xameneinin oğlu Müctəbadır. O, rəsmi vəzifə daşımır, lakin İnqilab Keşikçiləri, təhlükəsizlik strukturları və dini dairələr üzərində böyük təsirə malikdir. Son illərdə sistem daxilində onun mövqeyinin gücləndiyi açıq şəkildə hiss olunur.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a qeyd edib ki, İranın ali dini liderinin xəstəliyi ilə bağlı məlumatlar illərdir dolaşsa da, özü bir çox tədbirlərdə iştirak etməklə həm daxili, həm də xarici auditoriyaya mesaj verir ki, sağlamdır və ölkədəki proseslərə nəzarət edir:
“Halbuki yaşı və müxtəlif xəstəlikləri onun nəzarət imkanlarını minimuma endirib və əgər səhhətindəki problemlər şiddətlənirsə, bu halda o, varis məsələsi barədə düşünmək məcburiyyətindədir.
Hazırda daha çox onun oğlunun adı çəkilir ki, varis ola bilər. Və yaxud ruhani dairələrdən biri onun yerinə keçə bilər. Lakin məsələ burasındadır ki, Əli Xamenei müxtəlif səbəblərdən öz səlahiyyətlərini tam yerinə yetirə bilməsə bu, İranda növbəti etiraz dalğasına səbəb ola bilər. Çünki insanların bir qismi artıq bu rejimin idarəetməsindən narazıdır, dəyişikliklər arzulayır”.

Politoloqun fikrincə, Xameneinin xəstəliyi səbəbindən yeni seçiləcək şəxsin qarşısında iki yol qalacaq:
“Ya Xamenei kimi sərt qərarlar verərək ölkədə nəzarəti gücləndirməyə çalışacaq ki, bu da daha çox təlatümlərə səbəb olacaq; ya da rejimi müəyyən qədər yumşaltmaq, prezidentin səlahiyyətlərini artırmaq istiqamətində tədrici addımlar ata bilər. Amma bu ikinci ssenari o qədər də ağlabatan görünmür. Çünki yeni ali dini lider təkbaşına qərar verə bilməyəcək. Onun ətrafında müşavir institutu var, SEPAH generalları var ki, onlar heç də rejimin dəyişməsini, yumşalmasını arzulamırlar”.
![Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa çalışırlar [Audio-Müsahibə]](https://gdb.voanews.com/e9deaa92-aabd-46fe-a29c-73d023edf467_cx0_cy25_cw0_w1080_h608.jpg)
Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu isə qeyd edib ki, hazırkı İran konstitusiyasına əsasən vəliyyi-fəqih dünyasını dəyişərsə və ya səhhəti işini icra etməyə imkan verməzsə, onun yerinə yeni şəxs bu posta seçilir:
“Vəliyyi Fəqih İranda xalq tərəfindən seçilən ruhanilər məclisi Xubreqan tərəfindən seçilir. Yeni namizədi də Xubreqanin müvafiq komissiyası müəyyən edir. Hazırda belə bir komissiya var və onlar artıq bir neçə ildir ki, yeni namizədlər müəyən olunmasını həyata keçirirlər. Ancaq namizədlərin adları və sayı gizli saxlanılır. Bu barədə heç bir açıqlama və ya qızdırılmış məlumat yoxdur. Qərb mediasının ehtimalları var. Amma konkret nəsə bilinmir. Xubreqanin müvafiq komissiyasının sədri isə deyib ki, Ayətullah Xamenei tapşırıb ki, növbəti namizəd ailədən, təmin onun ailəsindən olmasın. Çünki bir ara Ayətullah Seyyid Xameneinin oğlu Müctəbanin da potensial namizəd olduğu yazılırdı”.
Xalidə Gəray
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ