İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Neft bazarında vəziyyət dəyişir

ABŞ-la İran arasında müharibənin yenidən kəskin eskalasiya mərhələsinə çatacağına dair məlumatlar artsa da, dünya bazarında neft qiymətləri kəskin ucuzlaşır.

Musavat.com xəbər verir ki, həftənin son iş günündə Londonun ICE birjasında Brent markalı neftin 1 bareli 3 dollardan çox ucuzlaşaraq 100 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti isə 3,5 dollar ucuzlaşmaqla 90 dollardan aşağıya ticarət olunur.

s0kHmRL5RgTNYQ0XnwDzNo31k829QqNcZQ0DlnqB_1200.jpg (78 KB)

Neft qiymətlərini salan amillərdən biri Yaxın Şərqdən neft ixracının böyük ölçüdə bərpa olunmasıdır. Belə ki, Reuters-in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı Şərq-Qərb boru kəmərini yenidən işə saldıqdan sonra Yanbu limanında neft tankerlərinin yüklənməsini bərpa edib.

Kpler-in məlumatına görə, Yaxın Şərq xam neft ixracatı sentyabr ayının ortalarından gündə 16,328 milyon barelə (gündəlik) çatıb ki, bu da münaqişənin fevral ayında başlamasından bəri ən yüksək səviyyədir, lakin yenə də fevral ayı səviyyəsindən təxminən 3,2 milyon barel aşağıdır.

Goldman Sachs bildirib ki, Körfəz neft ixracatının ümumi həcmi 2025-ci ilin orta göstəricisinə uyğun olaraq gündə 23,3 milyon barel təşkil edir. Bu arada, Goldman hesab edir ki, Səudiyyə Ərəbistanının ixracatı sentyabr ayında ikiqatdan çox artaraq 2025-ci ilin orta göstəricisini keçib.

Səudiyyə Ərəbistanı və BƏƏ boru kəmərləri ilə neft ixracını kəskin artırıblar. Fars körfəzi xam neftinin təxminən 40%-i hazırda boru kəmərləri vasitəsilə Hörmüzdən yan keçərək dünya bazarına çatır. Müharibədən əvvəl bu göstərici 17 faiz ətrafındaydı.

6GzBP1wg80GHhVKFLm7qB8i9I5zlGYj0GWsTH3tT_1200.jpg (62 KB)

Bloomberg-in JP Morgan-a istinadən verdiyi məlumata görə, Yaxın Şərq ölkələri demək olar ki, müharibədən əvvəlki təchizat səviyyələrinə - müharibədən əvvəlki səviyyənin 98 faizinə qayıdıblar. Oktyabrın ilk günlərində ümumi ixrac gündə 17,5 milyon barelə çatıb. Neft məhsulları ixracı isə gündə 3 milyon bareldir (müharibədən əvvəlki səviyyənin 58 faizi). Nəticədə, ABŞ blokadasına görə İranın ixracındakı enişin əvəzi bazarda kompensasiya olunub. Bloomberg-in məlumatına görə, sentyabr ayında ABŞ ilə münaqişə başlayandan bəri ilk dəfə İran bir tanker belə neft yükləməyib. Avqust ayında yükləmələr gündə təxminən 250.000 barel olub. Bloomberg-lə yanaşı Kpler və Vortexa analitik xidmətlərinin ilkin məlumatları daə İranın neft ixracının sıfıra düşdüyünü təsdiqləyir.

Müharibə boyunca İran Hörmüz boğazına nəzarəti ələ keçirdiyini bəyan etsə də, gəmi izləmə xidmətləri hər gün boğazdan on milyonlarla barel neftin keçdiyini qeydə alırları. ABŞ Ordusu boğazın Oman hissəsindən marşrut təşkil edərək, neft-qaz tankerlərinin sərbəst keçidini təmin edir. Bu marşruta hücumlar etdikdə isə İranın sahil bölgələrindəki atəş nöqtələrini məhv edir.

ABŞ həmçinin İranın dəniz blokadasını davam etdirir ki, bu da ölkəni əsas gəlir mənbəyi olan neft satışından tam məhrum edib.

Bu, İran iqtisadiyyatını çökdürür: rial tarixi minimum səviyyəyə - bir dollar üçün 2,5 milyona düşüb. Məhz buna görə Tehran son vaxtlar blokadanın qaldırılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Sonuncu dəfə BMT Baş Assambleyasının 81-ci toplantısına gedən İran nümayəndə heyəti ABŞ-ın iyun ayında imzalanmış uğursuz anlaşma memorandumuna qayıtması halında boğazı yeddi gün ərzində açmağı təklif edib. Lakin bir neçə gün sonra ABŞ prezidenti təklifin onu qane etmədiyi üçün qəbul olunmadığını bildirib.

TRAMPP.jpg (91 KB)

Bundan əlavə, bazara ABŞ-dan gələn iki xəbər də qiymətsalıcı təsir göstərir. Bunlardan biri ölkədə neft hasilatının rekord həddə çatmasıdır. Digər məlumat isə neft ehtiyatları ilə bağlıdır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin xam neft ehtiyatları 25 sentyabrda bitən həftə 922.000 barel artaraq 427,3 milyon barelə çatıb. Bu, analitiklərin 264.000 barel azalma gözləntilərini alt-üst edib.

Bütün bunlara baxmayaraq, ABŞ-ın İranla müharibənin yeni eskalasiyasına hazırlıqlarına dair məlumatlar neft qiymətlərinin daha kəskin enişinin qarşısını alır. Eskalasiyanın 3 noyabr Konqres aralıq seçkilərindən sonra başlanacağı gözlənilir. İran seçkidən əvvəl prezident Donald Trampın Respublikaçılar partiyasının reytinqini salmaq üçün eskalasiyanı artırmasa, noyabrın əvvəlinədək neft qiymətlərinin 90 dollar ətrafında qalacağı ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan neft ixracatçısı ölkə olaraq qiymətlərin yüksək olmasından proqnozlaşdırılandan artıq mənfəət əldə edir. Gömrük statistikasına əsasən bu ilin yanvar-avqust aylarında Azərbaycan 14 milyon 677 min 951,6 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu ixracdan ölkə 9 milyard 281 milyon 893,55 min dollar əldə edib.

Səkkiz ayda ixrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 7,8 faiz azalsa, ABŞ-İran müharibəsinin yaratdığı yüksək qiymət şəraitində gəlirlər 10,5 faiz çox olub. Bu artım neftin cari ilin büdcəsində nəzərdə tutulan 65 dollar əvəzinə, yanvar-avqustda qeydə alınan 94 dollarlıq qiyməti hesabına baş verib.

K8cP4FuzxTWtYZ4yiVlHqIplFPwNnnleIiX4FyOk_1200.jpg (145 KB)

Belə yüksək qiymətlər ölkənin neft-qaz gəlirlərini artırsa da, qlobal bazarda inflyasiyanı sürətləndirməklə idxaldan asılı olan daxili bazarda qiymətlərin daha da yüksəlməsi təhlükəsi yaradır.

Xatırladaq ki, Azərbaycan hökuməti 2027-ci ilin büdcəsi hazırlanarkən neftin bir barelinin orta illik qiymətini 65 dollardan hesablayıb.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR