İnsanlara hürriyət, millətlərə istiqlal!

Skandallar dalğasında London: Starmer komandasını itirir

Böyük Britaniya hökumətində növbəti kadr silkələnməsi ehtimalı gündəmə gəlib.

Musavat.com “The Guardian” qəzetinə istinadən xəbər verir ki, baş nazir Kir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilin sonunadək vəzifəsindən getməyi nəzərdən keçirir.

Qəzetin mənbələrinə görə, Pauell həmçinin Starmerin aparat rəhbəri postunu tutmaq təklifini də rədd edib. Bu vəzifə əvvəlki rəhbər Morqan Maksuinin ABŞ-yə səfir təyinatı ilə bağlı qalmaqaldan sonra istefa verməsi səbəbindən boş qalıb. Söhbət Peter Mandelsonun ABŞ-yə səfir təyin olunması fonunda yaranan mübahisədən gedir - onun vaxtilə pedofiliyada ifşa olunmuş maliyyəçi Ceffri Epşteynlə dostluq əlaqələrinin olması ciddi tənqidlərə səbəb olmuşdu.

Pauell Toni Bleyerin baş nazirliyi dövründə (1997–2007) 10 il həmin aparat rəhbəri vəzifəsində çalışıb və yenidən bu posta qayıtmaq niyyətində deyil.

Qəzet Pauellin Starmer hökumətində mühüm fiqur olduğunu vurğulayır. O, xüsusilə Ukraynaya dəstək məqsədilə yaradılmış “istəklilər koalisiyası” çərçivəsində Avropa liderləri ilə koordinasiyaya cavabdehdir. Məlumata görə, Pauell Ukrayna rəsmilərinə ABŞ nümayəndə heyəti ilə danışıqlardan əvvəl də məsləhətlər verib.

Qəzet onun mümkün gedişini Starmer komandası üçün növbəti ciddi itki kimi qiymətləndirir. Son bir həftə ərzində hökuməti həmçinin baş nazirin kommunikasiya direktoru Tim Allan və Nazirlər Kabinetinin katibi Kris Uormold da tərk edib.

Pauell eyni zamanda qeyri-rəsmi diplomatiya ilə məşğul olan “Inter-Mediate” adlı konsaltinq şirkətini idarə edir. Bu şirkət münaqişə zonalarında vasitəçilik fəaliyyəti aparır. Nəşr firmanın İspaniyada ETA terror təşkilatının fəaliyyətinin dayandırılmasında, Kolumbiyada FARC qruplaşması ilə sülh sazişinin əldə olunmasında və Mozambikdə 2019-cu ildə RENAMO ilə razılaşmada rolunu xatırladır.

Bununla belə, baş nazirin dəftərxanasındakı mənbələr qəzetin yaydığı məlumatı təkzib edərək Pauellin istefa niyyətində olması barədə xəbərləri əsassız adlandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR