Onlayn ictimai-siyasi qəzet
Xalq artisti: “Ağlıma gəlməzdi ki, bu yaşımda ehtiyac və səfalət içində yaşayaram..."
Musavat.com-un əməkdaşı Xalq artisti, kinorejissor və aktyor Şeyx Əbdül Mahmudovla söhbətləşib. Müsahibəni təqdim edirik:
–Əbdül bəy, hazırda səhhətiniz necədir?
–Həkimlər artıq dəqiq diaqnoz qoydular ki, Parkinson xəstəsiyəm. Buna görə çox əsəbi, çox dilxor, çox ümidsizəm. Artıq dərmanları almışıq və qrafik düzəltmişəm ki, hamısını hansı saatda qəbul etməliyəm.
Əvvəl qrafik çəkirdim ki, hansı epizoddan sonra hansı aktyorları necə çəkim, harada çəkim... İndi isə xəstəliyi yola vermək üçün dərmanları nizamlayıram. Hansı dərmanı saat neçədə içim, neçə dəqiqə əvvəl, neçə dəqiqə sonra və necə içim... Yəqin ki, bu da bir tale-qismətdir. Ömrümün 83-cü ilinə gəlib çıxmışam. Bu qədər zəhmətin müqabilində indi mən qocalığımı xəstəliklə yola verməliyəm, dərman içə-içə. Vəssalam...
–Siz dərmanların alınması ilə bağlı maddi çətinlik yaşadığınızı demişdiniz. Bu məsələdə sizə maddi dəstək göstərən oldumu?
–Nə kömək edən, nə də maraqlanan var. Aldığım dərmanların hamısı təqaüdümə gedir. Uşaqlar da işsizdirlər. Kömək edən yoxdur. Bir xəstəxana dövründə Heydər Əliyev Fondu müalicələrimə kömək etdi, sağ olsunlar. Onlar kömək etməsəydilər, çox acınacaqlı vəziyyətdə qalardım. Onlar bir dəfə kömək etdilər, qurtardı. Orada hər şeyin limiti var.
–Bəs konkret olaraq kimlərdən incikliyiniz var? Sizə yaxın , imkanları olan hansı insanlardan dəstək gözləyirdiniz?
–Mən hamıya qarşı açıq adam olmuşam. Gözləmədən, xahiş-minnət etmədən hamıya kömək etmişəm, arxasında durmuşam imkanım daxilində. Vəzifə tutanda da, tutmayanda da, televiziya verilişlərinə gələndə gördüyüm adamlar da... Mən bu xalqın, bu dövlətçiliyin, milli mədəniyyətimizin davasını döymüşəm. Xalqın övladları mənim çəkdiyim “Qaçaq Nəbi”, “Doğma sahillər”, “Gecə qatarında qətl”, aktyor kimi çəkildiyim “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” və sair filmlərimlə böyüyüb. Onların içindən alim də çıxıb, dövlət adamı da.
67 ildir ki, kinonun içindəyəm. Azərbaycanın son 60 ildə çəkdiyi bütün filmlərdə mənim imzam var – ssenarist kimi, rejissor kimi, quruluşçu rejissor kimi, aktyor kimi... Bu qədər xidmətimin müqabilində mən axı gözləmirdim ki, gəlib axırda belə vəziyyətə düşərəm, ehtiyac, səfalət içində yaşayaram. Uşaqlarım işsiz, özüm işsiz. Ev məsələsi hələ qalıb, çardaqda yaşayıram. Bu da məni əsəbləşdirir.
–Sözlərinizdən belə hiss olunur ki, sizi ən çox ağrıdan məsələ yalnız maddi çətinlik deyil, illərlə verdiyiniz əməyin qarşılığında bu gün tək qalmağınızdır.
–Peşmanlığını çəkirəm ki, mən canımı fəda elədim. Bu qədər fədakarlığın müqabilində bu gün belə bir sonluqla üzləşəcəyimin xiffətini eləyirəm. Həmişə geniş qəlbim açıq, cibim açıq, əlim açıq olub, hamıya əl tutmuşam, kömək eləmişəm, düşmüşəm qabağına, işlərini ötürmüşəm. Heç bir təmənna, maraq güdmədən yüzlərlə adamın işini düzəltmişəm. Bir kəlmə xahişlə, filanla...Dünyanın düz vaxtından, son vaxtlardan söhbət getmir. Və birdən indi gəlib özüm əziyyətə düçar olmuşam, özümün ehtiyacım var, amma yaxın gələn yoxdur.
–Bəs hansı dostlarınızı bu gün yanınızda görmək istərdiniz? Konkret olaraq kimlərdən dəstək gözləyirsiniz?
–Qəribədir ki, qızım, çox qəribədir... Məsələn, o dostlar ki, imkanları var, hamı bilir imkanları var, məni görəndə 100 dəsmalla ağlayırlar. Ona görə də... Nə bilim...Gözlənilmədən Azərbaycandan kənarda yaşayan iş adamları, o cümlədən Moskvadan, Sankt-Peterburqdan, Orta Asiyadan, Türkiyədən zəng edirlər. Mən onları demək olar tanımıram axı. Filmlərimə, müsahibələrimə baxırlar, çıxışlarımı oxuyurlar, zəng edib, təşəkkür edirlər. Amma mən onlara deyə bilmirəm ki, dərmanlarımı almağa imkanım yoxdur. Bunu deməyə utanıram.
–Yəni siz heç kimdən özünüz üçün pul istəmək istəmirsiniz?
–Mən həmişə öz əməyimlə nəsə qazanmağa üstünlük vermişəm. Ona görə də indi də kimdənsə əl açıb pul istəmək istəmirəm. Mənim əməyim var, ssenarilərim var. Mən onları satmaq istəyirəm.

–Hansı işlərinizdən söhbət gedir?
–Mən bu barədə Mədəniyyət Nazirliyinə, kino çəkən şirkətlərə səslənirəm. Mənim peşəkar səviyyədə hazırlanmış “Ağa Məhəmməd şah Qacar”, “Şah İsmayıl Xətai” kimi ssenarilərim var. Onları alsalar, müalicəmə xərcləyərdim.
Hazır, təşkil olunmuş, peşəkar səviyyədə hazırlanmış ssenarilərdir. O ssenarilərdir ki, onların arxasında vaxtilə məsləhətçi Ziya Bünyadov, Maqsud İbrahimbəyov, Mahmud İsmayılov, Fərman Kərimzadə, Əhmədağa Muğanlı olub. Gəlin alın, su qiymətinə satıram onları. 30 il, 35 il əziyyət çəkmişəm materialların üstündə. Materialları yığana kimi, o ssenari işlənənə kimi böyük zəhmətlərim olub. Mən sadəcə istəyirəm ki, bu qədər illik əməyim, bu qədər illik fəaliyyətim heç olmasa ömrümün bu çağında itib-batmasın. Mənim də dərdim budur. Mən kimdənsə minnət ummuram. Çəkdiyim əziyyətin, yaratdığım işlərin qarşılığında yaşamaq, müalicə olunmaq istəyirəm...
Xalidə Gəray
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ