Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın Bali adasında hindu icmasının müqəddəs hesab etdiyi Nyepi – “Sükut Günü” qaydalarını pozaraq sosial şəbəkədə söyüşlü video paylaşan 26 yaşlı isveçrəli turist bir il müddətinə azadlıqdan məhrum edilib.
Luzian Andrin Zgraggen Nyepi bayramı zamanı küçəyə çıxmaq qadağasına əməl etməyərək boş çimərliyə gedib. O, burada çəkdiyi videonu Instagram hesabında paylaşıb və videoda təhqiramiz ifadələr işlədib.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Turist mart ayında saxlanılıb və barəsində məhkəmə prosesi başlayıb.
Məhkəmədə Zgraggen qaydaların əhatə dairəsini tam anlamadığını və Bali xalqını təhqir etmək niyyətində olmadığını bildirib.
O, məhkəmədə etdiklərinə görə dərin peşmanlıq duyduğunu və Bali xalqından üzr istədiyini deyib.
Məhkəmə isə onun hərəkətlərinin Bali sakinlərini qəzəbləndirdiyini, dini inanclarına hörmətsizlik etdiyini və ictimai narazılığa səbəb olduğunu nəzərə alaraq 1 il həbs cəzası verib.
“Sükut Günü” kimi tanınan Nyepi Bali hindularının ən müqəddəs günlərindən biridir. Bu müddət ərzində həm yerli sakinlər, həm də turistlər evlərində qalmalı, səs-küydən və əyləncədən uzaq durmalıdırlar.
Nyepi zamanı adada həyat demək olar ki, tamamilə dayanır. Bali hava limanı bağlanır, internetə çıxış məhdudlaşdırılır, əyləncə tədbirləri dayandırılır və küçələrdə hərəkətə ciddi məhdudiyyət qoyulur.
Qaydalar turistlərə də şamil edilir və dini mərasimə hörmətsizlik edən əcnəbilər əvvəllər də saxlanılıb və ölkədən deportasiya olunub.
Pandemiyadan sonra turizmin sürətlə bərpa olunduğu Bali ötən il təxminən 7 milyon beynəlxalq turist qəbul edib.
Lakin turist sayının artması ilə dini məkanlarda hörmətsiz davranış, yerli qaydaların pozulması, yol hərəkəti qaydalarına əməl edilməməsi və digər problemlər yerli əhalinin narazılığına səbəb olur.
Bali hakimiyyəti qaydalara əməl etməyən turistlərə qarşı nəzarəti gücləndirəcəyini və pozuntulara daha sərt reaksiya verəcəyini açıqlayıb.
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ