İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirin niyə “pullu rayon” olmasının sirri açıldı

Statistik məlumatlar göstərir ki, rayon bir neçə məhsul növü üzrə liderliyini qoruyur

Ta qədimdən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı rayonlar üzrə ciddi fərqlənir. Hər bölgə iqlim və torpaq xüsusiyyətlərinə uyğun olaraq müəyyən məhsullar üzrə ixtisaslaşıb.

Əgər qədimdən bir bölgə bir məhsulla tanınırdısa, indi məhsul çeşidində ciddi artım müşahidə olunur: meyvələr, tərəvəz, dənli bitkilərin daha çox becərildiyi rayonlar bir deyil, bir neçə məhsulun istehsalında böyük uğur əldə edə bilirlər.

Bu ixtisaslaşma Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı bitkiləri üzrə məhsul istehsalına dair 2026-cı ilin yanvar-may aylarını əhatə edən bülletenində də aydın görünür. Belə ki, statistik məlumatlar göstərir ki, bəzi rayonlar eyni vaxtda bir neçə məhsul növü üzrə ölkənin əsas istehsal mərkəzləri statusunu qoruyur.

Statistikaya əsasən, Şəmkir rayonu ölkənin ən güclü aqrar rayonlarından biri olaraq qalır. Rayon yanvar-may aylarında kartof istehsalında 52 min 811 ton, tərəvəz istehsalında isə 129 min 584 ton məhsulla liderlər sırasındadır. Bundan əlavə, Şəmkirdə 2 min 399 ton meyvə yığılması da rayonun meyvəçilik sahəsində mühüm mövqeyini təsdiqləyir.

Qarabağ iqtisadi rayonunun əsas aqrar mərkəzlərindən olan Bərdə də yüksək göstəriciləri ilə diqqət çəkir. Rayon 81 min tondan yuxarı tərəvəz istehsalında ölkənin aparıcı rayonlarından biri olmaqla yanaşı, dənli və dənli-paxlalı bitkilərin ilk yığımında 13 min 84 ton nəticə göstərərək lider mövqeyini qoruyub. Bərdə meyvə istehsalında da 592 ton məhsulla ilk sıralarda yer alır.

Faraş kartof istehsalında öncüllük cənub bölgəsindədir. Burada Cəlilabad rayonunda mayın sonunadək 3190 hektar sahədə 61 255 ton faraş kartof yığılıb. Faraş və yazlıq kartofun vətəni sayılan Qərb bölgəsində Şəmkirdən sonra Goranboyda 1 174 ton, Tovuzda 1 120 ton, Ağdamda 896 ton, Füzulidə 595 ton, Tərtərdə isə 505 ton faraş kartof yığılıb. Əkin sahələrinin genişliyinə görə isə Gədəbəy kartofçuluğun əsas mərkəzlərindən biri olaraq qalır.

Cəlilabad Azərbaycanın digər ən böyük kənd təsərrüfatı istehsalçılarından biridir. Bu rayon kartof istehsalından əlavə, payızlıq və yazlıq dənli, dənli-paxlalı bitkilərin ən çox becərildiyi rayondur. Bu il 79 min hektara yaxın sahədə belə bitkilər əkilib. Bundan əlavə, beş ayda Cəlilabadda 20 785 ton meyvə və giləmeyvə yığılıb.

Ümumilikdə meyvə və giləmeyvə istehsalında Lənkəran-Astara iqtisadi rayonu birinci yerdədir - ölkə üzrə toplanmış 53 987 ton məhsulun 25 638 tonu bu bölgənin payına düşür. İkinci yerdə gələn Mərkəzi Aran iqtisadi rayonunda 12 350 ton meyvə-giləmeyvə toplanıb.

Üçüncü yerdə gələn Qazax-Tovuz iqtisadi rayonu ümumilikdə 4 min 316 ton məhsulla ön sıralardadır. Burada əsas pay Şəmkir (2 399 ton) və Tovuzun (1 892 ton) üzərinə düşür.

Qarabağ iqtisadi rayonunda isə ümumilikdə 2 min 800 ton meyvə yığılıb. Bu göstəricidə Tərtər (1 261 ton), Ağcabədi (848 ton) və Bərdə (592 ton) əsas paya malik rayonlardır.

Dənli və dənli-paxlalı bitkilərin ilk yığımında da Qarabağ iqtisadi rayonu liderdir. Yanvar-may aylarında burada 16 min 433 ton məhsul əldə olunub. Rayonlar üzrə isə Bərdə, Füzuli (3 min 349 ton), Goranboy (1 min 174 ton) və Şamaxı (1 min 34 ton) yüksək nəticələri ilə seçiliblər.

Ölkədə yaşıl çay istehsalı isə ənənəvi olaraq cənub bölgəsində cəmləşib. Hesabat dövründə ölkə üzrə 556 ton yaşıl çay yarpağı yığılıb və bunun əsas hissəsi Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb.

Göyçay, Ağdam meyvə-tərəvəz istehsalında böyük nailiyyətlər əldə edib.

Kənd təsərrüfatı göstəriciləri istehsal prosesində müasir texnologiyalardan uğurla istifadə edən rayonların daha böyük nailiyyətlər əldə etdiklərini ortaya qoyur: Şəmkir və Cəlilabad istixana təsərrüfatlarının yüksək inkişafı sayəsində əksər məhsullar üzrə yüksək istehsal göstəriciləri əldə ediblər. Ağdam, Bərdə, Göyçay, Şəki kimi rayonlar münbit torpaqlar, əlverişli iqlim, suvarma şərtləri ilə açıq torpaqlarda yüksək istehsala nail olurlar.

Rayonların kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması dövlətin ayırdığı subsidiya mexanizmləri ilə də dəstəklənir. Belə ki, Aqrara Subsidiya Şurası müxtəlif məhsulların müəyyən rayonlarda istehsalına subsidiya ayırır. Məsələn, Naxçıvanda və işğaldan azad edilmiş ərazilərdə orta və yüksək dağlıq ərazilərdə salınan intensiv meyvə və üzüm bağlarına digər yerlərdən daha yüksək əkin subsidiyası ödənilir.

İşğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlər birillik bitkilər və yonca əkinlərinə digər regionlardan 50 faiz daha yuxarı dövlət dəstəyi alacaqlar.

Şuranın qərarına əsasən fındıq bitkisi üzrə tətbiq edilən əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Cəbrayıl, Lerik, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocalı, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir, Yardımlı və Zəngilan rayonlarına şamil edilir.

Limon, kinkan, naringi, portağal və kivi üzrə əkin subsidiyası Astara, Lənkəran və Masallı rayonlarına, habelə Lerik rayonunun dəniz səviyyəsindən 300 metrdən az olan ərazilərdə əkildikdə ödənilir.

Şaftalı (nektarin) və alma bağları üzrə istehsal potensialı hədəflənən həcmə yaxınlaşması nəzərə alınaraq 2026-cı ildən sonrakı dövrdə bu meyvə bağlarının yalnız işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında salınmasının dəstəklənməsi planlaşdırılır.

Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil edilir.

Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir.

Beləliklə, dövlətin də dəstəyi ilə bir sıra rayonların müəyyən növ məhsulların istehsalında ixtisaslaşması dərinləşir. Eyni zamanda Şəmkir, Cəlilabad rayonlarının timsalında innovativ metodların, müasir istehsal texnologiyalarının tətbiqinin yüksək istehsal səviyyəsinin əldə olunmasındakı həlledici rolu getdikcə daha aydın hiss olunur.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR