Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verən kimi çox vaxt ikinci bir problem də yaranır. Bu problem qəzanın özü deyil, hadisə yerinə axışan “qəza tamaşaçıları”dır. Bəziləri hərəkət zolağının özündə maşınını saxlayır, digərləri qəza yerinə yaxınlaşmaq üçün avtomobildən düşür. Əllərdə telefon, gözlər hadisə yerində... Kimsə canlı yayım açır, kimsə video çəkir, kimsə sosial şəbəkələrdə paylaşmaq üçün ən yaxşı rakurs axtarır...
Bu zaman isə saniyələrlə yarışan təcili yardım, yanğınsöndürən və xilasedicilər həmin insanların yaratdığı tıxacda qalır, hadisə yerinə çatmaqda çətinlik çəkirlər. Beləcə “qəza tamaşaçıları” insan həyatına başa gələn gecikmələr yaradır.
Yanğın baş verən avtomobilə su çatdırılmalıdır. Avtomobildə sıxılmış yaralı çıxarılmalıdır. Təcili yardım ağır vəziyyətdə olan şəxsi xəstəxanaya aparmalıdır. Ancaq hadisə yerinə yaxınlaşdıqca qarşılarında maraq üçün dayanmış avtomobillər, zolaqları bağlamış sürücülər və hadisəni izləyən izdiham olur. Belə mənzərə artıq Azərbaycanda nadir hal deyil. Bir çox qəzalarda sosial şəbəkələrdə yayılan videolara baxdıqda görünür ki, hadisə yerində işləyən xilasedicilərdən daha çox tamaşaçı var.
Telefonlar insanlığı üstələyir
Son illərdə sosial şəbəkələrin təsiri ilə insanlar faciəyə belə fərqli yanaşmağa başlayıblar. Əvvəllər qəza görən şəxs ilk olaraq kömək çağırmağa çalışırdı. İndi isə ilk hərəkət telefonu çıxarıb kameranı açmaq, əlimyandıda video çəkmək, paylaşmaqdır.
Bəzən isə yaralının üzünə qədər yaxınlaşıb çəkiliş aparılır. Halbuki həmin insanın ailəsi hələ hadisədən xəbərsiz olur. Qəza yerində əsassız dayanmış avtomobillər başqa bir təhlükə də yaradır. Arxadan gələn sürücülər qəfil əyləc sıxır. Diqqət yola deyil, qəza yerinə yönəlir. Nəticədə zəncirvari toqquşmalar baş verir. Beləliklə, bir qəza qısa müddətdə iki, üç, hətta daha çox qəzanın yaranmasına səbəb olur. Yol polisi dəfələrlə sürücülərə hadisə yerində lüzumsuz dayanmamağı tövsiyə etsə də, bu vərdiş hələ də qalmaqdadır.
Sabah hadisə yerində siz də ola bilərsiniz...
Bu gün hadisəyə baxmaq üçün avtomobilini yolun ortasında saxlayan sürücü sabah həmin asfalt üzərində kömək gözləyən insan ola bilər. O zaman isə onun üçün ən vacib məsələ kimin video çəkməsi deyil. Ən vacib məsələ təcili yardımın vaxtında gəlməsi olacaq.
Yanğınsöndürənin tıxaca düşməməsi olacaq. Xilasedicinin hadisə yerinə maneəsiz çatması olacaq. İnsan həyatı maraq hissindən daha qiymətlidir.

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, “qəza tamaşaçılığı” artıq yol hərəkəti üçün yeni təhlükəyə çevrilib: “Son illər yollarda sürət qədər təhlükəli başqa bir tendensiya “qəza tamaşaçılığı”dır. Qəza baş verən kimi insanlar avtomobillərini elə hərəkət zolağında saxlayırlar ki, sanki hadisə yerinə baxmaq onların haqqıdır. Heç kim düşünmür ki, onun saxladığı avtomobil arxada kilometrlərlə tıxac yaradır. Heç kim hesablamır ki, həmin tıxacın içində bəlkə də yanğınsöndürən maşın, reanimobil və ya xilasedici texnika var. Ən ağrılı məqam isə budur ki, insanların əksəriyyəti kömək etmək üçün yox, telefonla çəkiliş aparmaq üçün dayanır. Sosial şəbəkədə bir neçə min baxış toplamaq naminə insan faciəsi nümayiş predmetinə çevrilir. Bu, ictimai təhlükəsizlik problemidir”.
Ceyhun Yusifov bildirib ki, Azərbaycan qanunvericiliyində “qəza tamaşaçılığı” ayrıca hüquq pozuntusu kimi nəzərdə tutulmasa da, qəza yerində avtomobili saxlayaraq hərəkətə mane olmaq, xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməmək və ya dayanma-durma qaydalarını pozmaq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət yaradır:
“Bu gün mövcud normalar bu davranışı tam aradan qaldırmağa kifayət etmir. Artıq qəza yerində səbəbsiz dayanaraq xilasedici xidmətlərin fəaliyyətinə mane olan sürücülərə münasibətdə daha sərt hüquqi mexanizmlər tətbiq edilməlidir. Bir çox Avropa ölkələrində bu cür davranış ayrıca hüquq pozuntusu kimi qiymətləndirilir və ciddi cərimələrlə qarşılanır. Bununla yanaşı, məsələni yalnız cərimə ilə həll etmək mümkün deyil. Məktəblərdən başlayaraq yol hərəkəti mədəniyyəti öyrədilməli, sürücülük kurslarında fövqəladə hadisə zamanı davranış qaydalarına ayrıca yer verilməli, televiziya və sosial media vasitəsilə maarifləndirmə kampaniyaları aparılmalıdır. Hər bir sürücü özünə bir sual verməlidir ki, bu gün mənim maraq üçün saxladığım avtomobil sabah bəlkə də kiminsə həyatını xilas edəcək təcili yardımın yolunu bağlayacaq? Bəs sabah həmin təcili yardım mənim üçün gələndə yolu kim açacaq?”
Ceyhun Yusifov deyib ki, “qəza tamaşaçılığı” probleminin həlli üçün cəzalar sərtləşdirilməlidir:
“Qanun sərt olmasa, qəza yerində insan həyatını xilas edən saniyələr də tıxacda qalmağa davam edəcək. Bu baxımdan Almaniya təcrübəsi diqqətəlayiqdir. Almaniyada “Gaffer” adlandırılan, yəni qəza yerində dayanaraq hadisəni izləyən və ya mobil telefonla görüntülər çəkən şəxslərə qarşı son illərdə qanunvericilik xeyli sərtləşdirilib. Xüsusilə xilasedicilərin işinə mane olmaq, qəza yerində insanların şəxsi həyatını pozacaq görüntülər çəkmək və yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Bəzi hallarda bu əməllərə görə yüksək məbləğdə cərimələr, sürücülük vəsiqəsinə cərimə balları, hətta azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər. Bundan başqa, Almaniyada sürücülərin “xilasetmə dəhlizi” yaratması qanuni öhdəlikdir. Tıxac yaranan kimi avtomobillər dərhal kənara çəkilərək təcili yardım, yanğınsöndürən və polis maşınları üçün xüsusi keçid açırlar. Bu qaydanı pozanlar da ciddi cərimələrlə üzləşirlər. Azərbaycanda da bu istiqamətdə düşünməyin vaxtı çatıb. Qəza yerində səbəbsiz dayanaraq tıxac yaradan, xilasedicilərin hərəkətinə mane olan və hadisəni şouya çevirən sürücülərlə bağlı ayrıca inzibati məsuliyyət müəyyən edilməlidir. Paralel olaraq maarifləndirmə də gücləndirilməlidir. İnsanlara başa salınmalıdır ki, qəza yeri maraq obyekti deyil, həyat uğrunda mübarizə meydanıdır. Hesab edirəm ki, “qəza tamaşaçılığı” kimi son dərəcə təhlükəli vərdişi sərt cəzalar və cərimələrlə tarixə qovuşdurmaq olar”.
E.Məmmədəliyev,
Musavat.com
08 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ