İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanitarın ümidinə qalan əsgərin ölüm işi – LAQEYDLİK

Xəbər verdiyimiz kimi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə əsgər Fariz Sadiq oğlu İsazadənin ölümü ilə bağlı proses keçirilir. Əsgərin valideynləri övladlarının cinayətə bərabər laqeyd münasibət nəticəsində dünyasını dəyişdiyini və günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edirlər. Ötən məhkəmə prosesi emosional anlar və qalmaqallı çıxışlarla yadda qalıb. Məhkəmədə iştirak edən mərhum əsgərin valideynləri övladlarının ölümündə yol verilən laqeydliyə kəskin etiraz edərək narazılıqlarını ifadə ediblər.

Musavat.com xəbər verir ki, hazırkı prosesdə hakim qarşısına hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmməd oğlu Məmmədov çıxarılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə (qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ittiham edilir. Məhkəmə zalında söz alan valideynlər bildiriblər ki, cəmi bir ay əvvəl həqiqi hərbi xidmətə yollanan oğullarının həyatını xilas etmək mümkün olduğu halda, ona vaxtında tibbi yardım göstərilməyib. “Biz övladımızı Vətənə xidmət etmək üçün dövlətə əmanət etmişdik. Cəmi 1 ay sonra onu tabutda geri aldıq. Ən ağrılısı isə budur ki, xəstəliyin qarşısını almaq mümkün olduğu halda, buna laqeyd yanaşılıb”,-deyə mərhumun atası Sadiq İsayev məhkəmə zalında emosional şəkildə bildirib.

Cinayət işinin materiallarına görə, Fariz İsazadə 2025-ci ilin may ayının əvvəlində yüksək hərarət, güclü öskürək, halsızlıq və digər ağır respirator infeksiya əlamətləri göstərməsinə baxmayaraq, lazımi səviyyədə müayinə olunmayıb. İstintaqın qənaətinə görə, xəstəliyin ilkin mərhələsində düzgün tibbi müdaxilə edilmədiyindən vəziyyət sürətlə ağırlaşıb. Nəticədə əsgərdə infeksion-toksiki şok, ağır pnevmoniya, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib. Məhkəmədə  məlum olub ki, əsgər Fariz İsazadənin xidmət keçdiyi hərbi hissənin tibb məntəqəsi müvafiq tibb təhsili olmayan sanitarın ümidinə qalıb. Ağır vəziyyətdə olan əsgərin müraciət etdiyi tibb məntəqəsində növbətçiliyə həkim yox, yalnız sanitariya-gigiyena profilli sanitar təyin edilib. Klinik təcrübəsi olmayan şəxsin kritik vəziyyətdə qərar verməsi faciəni dərinləşdirib. Araşdırma zamanı məlum olub ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Buna baxmayaraq, pnevmoniya şübhəsi olan əsgər hospitala göndərilməyib. İttihama görə, tibb xidməti rəisi Vaqif Məmmədov xəstəni hərtərəfli müayinə etmədən, arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini yoxlamadan, cəmi bir bəhanə ilə baxış keçirərək onu yenidən xidmət yerinə qaytarıb. İş materiallarında göstərilir ki, Fariz İsazadə 6 və 9 may tarixlərində də tibb məntəqəsinə müraciət etsə də, hər iki halda geri göndərilib. Yalnız 10 may tarixində başqa hərbi hissəyə göndərilən zaman vəziyyəti kritik həddə çatıb. Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə ifadə verən hərbi hissənin tibb məntəqəsinin rəisi Vaqif Məmmədov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, xidmət etdiyi dövrdə əsgərlərin sağlamlıq vəziyyətini mütəmadi yoxladığını, Fariz İsazadənin ona heç vaxt şikayət etmədiyini və əsgəri digər hərbi hissəyə sağlam vəziyyətdə təhvil verdiyini iddia edib. Lakin mərhumun valideynləri bu mövqeyə kəskin etiraz edərək məhkəmə zalında oğullarının ölümündə məsuliyyəti olan bütün şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb ediblər.

Xatırladaq ki, Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl Bakı Hərbi Məhkəməsində başqa bir cinayət işi də araşdırılıb. Həmin iş üzrə Sadıq Zeynalov və İlqar Abdullayev mühakimə olunublar. Mərhumun atası Sadiq İsayev eyni ittihamlarla mühakimə olunan şəxslər barədə fərqli məhkəmə qərarlarının çıxarılmasının ailədə ciddi narazılıq və şübhələr yaratdığını bildirib. Əsgər atası ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümü ilə bağlı bütün həqiqətlərin üzə çıxarılmasını, hadisədə əli olan bütün şəxslərin qanun qarşısında cavab verməsini və məhkəmə araşdırmasının tam obyektiv aparılmasını tələb edib. Məhkəmə prosesi iyunun 11-də davam etdiriləcək.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR