Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sənaye və Ticarət Nazirliyinin pilotsuz sistemlər və robototexnika idarəsinin rəis müavini Alla Polovçenya xüsusilə külli miqdarda mənimsəmə işi üzrə saxlanılıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla yanaşı, "EFKO" şirkətlər qrupunun inkişaf üzrə direktor müavini Yekaterina Kustova və holdinqin idarəedici şirkətinin inkişaf direktoru Vladislav Romantsev də dələduzluqda şübhəli bilinərək həbs ediliblər.
Məlumata görə, cinayət işi "Gələcəyin Nəqliyyatı" adlı pilotsuz aviasiya sistemlərinin yaradılması layihəsi ilə bağlıdır. Gələn məlumatlara əsasən, istintaq iştirakçıların idxalı əvəzləmə proqramı çərçivəsində ayrılmış dövlət vəsaiti hesabına Çin istehsalı olan pilotsuz uçuş aparatları aldıqlarını, daha sonra isə onları Rusiya istehsalı kimi təqdim etdiklərini araşdırır.
Qeyd olunur ki, eyni cinayət işi çərçivəsində "Gələcəyin Nəqliyyatı" şirkətinin baş direktoru və Samara vilayətinin keçmiş qubernator müşaviri Yuri Kozarenko da daha əvvəl həbs edilib.
Rusiya Sənaye və Ticarət Nazirliyi Alla Polovçenyanın saxlanıldığını təsdiqləyərək istintaqa hərtərəfli dəstək verdiyini açıqlayıb.
Musavat.com
31 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ