İnsanlara hürriyət, millətlərə istiqlal!

“Roblox”un ləğvi gündəmdə – Psixoterapevtdən mühüm AÇIQLAMA

Ötən gün Milli Məclisdə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulması müzakirə olunub. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov sosial platformaların uşaqların tərbiyə və təhsilinə mənfi təsir göstərdiyini qeyd edərək, Avstraliya, İngiltərə və İspaniya nümunələrinə diqqət çəkib. Ombudsman Səbinə Əliyeva isə süni intellektin və bəzi onlayn oyunların, xüsusilə “Roblox”un uşaqlar üçün risk yaratdığını vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova da platformaya rəsmi müraciət göndərildiyini, nəticə olmazsa qanunvericilik təşəbbüsləri ilə çıxış ediləcəyini bildirib.

Qeyd edək ki, “Roblox” dünyada olduğu kimi, son vaxtlar Azərbaycanda da uşaqlar arasında populyardır. Bu platformada müxtəlif oyunlar oynanılır və qeyd edilir ki, belə oyunlar uşaqların psixologiyasına mənfi təsir göstərərək onların aqressiv davranışına səbəb olur.

“Roblox” kimi oyunlar uşaq psixikasına nə dərəcədə zərərlidir?

fba2b3bd-dcf5-4dd6-abea-603ee3cdf5c3.jpeg (532 KB)

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Uşaqları sosial şəbəkələrdən mümkün qədər uzaq tutmaq lazımdır, amma onları internet dünyasından tam qoparmaq doğru deyil. Problem internetin özü yox, nəzarətsiz və yaşa uyğun olmayan mühitin uşağın psixikasına, təhsilinə və davranışına təsir etməsidir. Sosial şəbəkələr və bəzi oyun platformaları uşağın diqqətini parçalayır, öyrənmə vərdişlərini zəiflədir, real ünsiyyətə marağı azalda bilər. Ən təhlükəli tərəfi isə odur ki, uşaq hələ emosiyalarını və riskləri böyüklər kimi idarə etmir, ona görə də təhrikedici məzmunu "oyun" və ya "trend" kimi qəbul edib davranışa çevirə bilər. Bu zaman aqressiya, təşviş, asılılıq, özünəinamın zədələnməsi, depressiv əhval və özünə zərər riski kimi hallar güclənə bilər. Buna görə yanaşma sadə bir qadağa məntiqi ilə yox, ağıllı məhdudiyyət və məsuliyyətli nəzarət məntiqi ilə qurulmalıdır.

Psixoterapevt qeyd edir ki, psixologiyada əsas prinsip uşağa fərdi yanaşmadır: “Eyni oyun və ya eyni platforma bir uşağa neytral təsir edə bilər, digər uşağa isə ciddi zərər vura bilər. Uşağın yaşı, xarakteri, ailə mühiti, məktəbdəki vəziyyəti, dost çevrəsi, həyəcan və stress səviyyəsi bu təsiri tam dəyişir. Ona görə ümumiləşdirmə ilə "hamısına eyni qayda" demək asandır, amma real həyat daha mürəkkəbdir. Yaxşı nəticə üçün ailə uşağın real ehtiyacını görməlidir. Uşaq niyə telefona qaçır, niyə oyuna sığınır, niyə sosial şəbəkədə təsdiq axtarır. Bəzən səbəb darıxmaqdır, bəzən tək qalmaqdır, bəzən də evdə diqqət və ünsiyyət çatışmazlığıdır. Yəni məsələ təkcə texnologiya deyil, onun yerini doldurduğu boşluqdur”.

Rövşən Nəcəfova görə, valideynlərin uşağın ağıllı cihazlarına nəzarəti cəza deyil, tərbiyədir və məsuliyyətdir: “Bu, uşağı izləmək və sıxmaq anlamına gəlmir, uşağın təhlükəsizliyini təmin etmək anlamına gəlir. Uşağa da açıq şəkildə izah etmək lazımdır ki, məhdudiyyətin məqsədi onu cəzalandırmaq yox, onu qorumaqdır. Uşaqlar qaydanın məntiqini anlayanda müqavimət azalır. Qaydanın səbəbi izah olunmayanda isə uşaq onu düşmən kimi görür və gizlincə yol axtarmağa başlayır. Ona görə evdə nizam olmalıdır. Nizam o deməkdir ki, ekran vaxtı, yuxu rejimi, dərs saatı, oyun seçimi, paylaşım mədəniyyəti və onlayn ünsiyyət qaydaları əvvəlcədən razılaşdırılır və hamı buna əməl edir. Uşaq qadağalar dünyasında yox, qaydalar dünyasında böyüməlidir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR