İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlər bu il açılacaq?

Quru sərhədlərin bağlı qalması Azərbaycanda uzun müddətdir ictimai müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə minik avtomobilləri ilə ölkədən çıxışın məhdudlaşdırılması həm vətəndaşların gündəlik həyatına, həm də turizm və nəqliyyat sektoruna təsirsiz ötüşmür. Regionda baş verən geosiyasi proseslər, İran ətrafındakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərindəki son inkişaflar fonunda bu məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs quru sərhədlərin minik avtomobilləri üçün açılması ilə bağlı qərar bu ilin sonuna qədər verilə bilərmi?

Musavat.com-un xəbərinə əsasən, mövzu ilə bağlı Konkret.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, yaxın aylarda quru sərhədlərin tam açılması ilə bağlı qərarın qəbul ediləcəyini gözləmir.

ANONS EDİLDİ: Gələn il quru sərhədləri açılacaq

“Azərbaycanın quru sərhədləri ilə bağlı hər hansı qərarın ilin sonuna qədər veriləcəyini düşünmürəm. Böyük ehtimalla bu ay ərzində məhdudiyyətlərin iyulun 1-dən oktyabrın 1-dək uzadılması barədə qərar qəbul ediləcək.

Regionda davam edən geosiyasi proseslər sərhədlərin açılması məsələsinə birbaşa təsir göstərir. İran ətrafında mövcud gərginlik tam aradan qalxmayınca və Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmayınca bu istiqamətdə ciddi addımın atılması çətin görünür”.

Abbaslı qeyd edib ki, hər iki istiqamətdə müəyyən müsbət tendensiyalar müşahidə olunur:

“İran ətrafında proseslər əvvəlki kimi deyil, müəyyən səngimə müşahidə edilir. Hesab edirəm ki, ilin sonuna qədər bu gərginlik daha da azalacaq. Ermənistanla bağlı isə 7 iyun seçkilərindən sonra bir sıra dəyişikliklər baş verə bilər. Sadəcə, proseslərin inkişafını gözləmək lazımdır.

Biz xəstələr və azyaşlı uşaqlarla bağlı müəyyən istisnaların tətbiq olunmasını, bu kateqoriyalar üçün məhdudiyyətlərin qismən aradan qaldırılmasını təklif etmişik”.

Minik avtomobilləri ilə bağlı məhdudiyyətlərin ləğvi məsələsinə toxunan Cavanşir Abbaslı bunun yaxın perspektivdə real görünmədiyini deyib. O, bildirib ki, ölkədə avtomobillərin sayının sürətlə artması da bu məsələyə təsir edən amillərdən biridir.

“Azərbaycanda minik avtomobillərinin sayı demək olar ki, əhalinin sayına yaxın səviyyəyə çatıb. Belə bir şəraitdə məhdudiyyətlərin aradan qaldırılması insanların kütləvi şəkildə xaricə çıxış imkanlarını artıracaq. Mövcud vəziyyətdə bunun reallaşacağı çox inandırıcı görünmür”, – deyə o, vurğulayıb.

Bununla belə, siyasi şərhçi quru sərhədlərin bağlı qalmasının uzunmüddətli olmayacağını düşünür.

“Düşünürəm ki, bu məsələ çox uzun müddət uzanmayacaq. Yaxın aylarda müəyyən qərarların verilməsinin şahidi ola bilərik. Quru sərhədlərlə bağlı məhdudiyyətlərin gələn ildən sonraya qalacağını düşünmürəm”, – deyə Abbaslı əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR