İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycana Qayıdış” Türk Dünyası Sammitinin BƏYANATI

Xəbər verdiyimiz kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilib.

Musavat.com xəbər verir ki, tədbirin sonunda "İnterpress" Media Qrupunun rəhbəri Toğrul Allahverdi tərəfindən “Qərbi Azərbaycana Qayıdış” Türk Dünyası Sammitinin bəyanatı səsləndirilib.

Musavat.com bəyanatın mətnini təqdim edir:

WhatsApp Image 2024-05-18 at 15.03.12.jpeg (104 KB)

"Biz “Qərbi Azərbaycana Qayıdış Türk Dünyası Sammiti” iştirakçıları olaraq bütün dünyada olan qaçqın və məcburi köçkünlərlə həmrəyliyimizi bildiririk.
Biz Türk Dövlətlərinin bir qrup vətəndaş cəmiəti təmsilçisi olaraq dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Belə nümunələrdən biri də Ermənistanın Azərbaycana qarşı başlatdığı münaqişədir.

Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.
Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərib. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və ictimai əlaqələrimiz pozulub. Ermənistanın evlərimizə, qəbiristanlıqlarımıza, müqəddəs yerlərimizə getməyimizə hələ də mane olmağa davam etməsi məyusedicidir. Bu hüququn rədd edilməsi təkcə bizim əsas hüquqlarımızı pozmur, həm də dədə-baba torpaqlarımıza duyduğumuz dərin ağrı və həsrəti artırır.
Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir. Əsas hüquqların bu cür pozulması bizim məşəqqətlərimizi davam etdirir və davamlı sülh və barışıq perspektivlərinə mane olur.
Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır.
Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan və digər qardaş Türk dövlətlərinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb - Azərbaycan müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış etnik və dini tolerantlığın nümunəsidir.

Biz öz dinc məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. Biz beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıyıq.

Evlərimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilməməli və ya təqdim oluna bilməz. Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası və hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan Hökumətinin bəyan etdiyi və təsirli tədbirlər gördüyü kimi, Ermənistan Hökuməti də bizim hüquqlarımızın zəmanət altına alınması və reinteqrasiyamızın təmin olunması naminə konkret addımlar ataraq qarşılıq verməlidir.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olmağımızı qeyd etməklə bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik.

Qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Biz qayıdış hüququmuza Türk dövlətləri və təşkilatları tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk.

Bu gün – “Qərbi Azərbaycana Qayıdış Türk Dünyası” Sammitində biz, insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizin təmin olunması istiqamətində ədalətli məramımıza dəstək verməsi məqsədilə beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışımızı bir daha təkrarlayırıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR