İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin İrana hücum olmayacağını necə bilib?

Rusiya prezidenti Vladimir Putin yanvarın 16-da lə İsrail baş naziri Benyamin Netanyahu və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışıqları olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin gərginliyin azaldılması üçün səylərini davam etdirir və bu istiqamətdə dəstəyini davam etdirəcək.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a bildirib ki, Putinin bu telefon tanışığını “hamam suyu ilə özünə dost tutmaq” deyimini yada salır: “Belə ki, Moskva bu telefon zəngi faktı ilə İranla ABŞ arasında gərginliyi özünün azaltdığını vurğulamaq istəyir. Halbuki gərginliyin səngiməsi ilə bu telefon danışığının baş tutması arasında ciddi zaman fərqi var. Məlumdur ki, gərginlik 15 yanvar 2026-cı il tarixində Donald Trampın mətbuata verdiyi açıqlamadan əvvəl artıq səngimişdi. Jurnalistlərin İrana qarşı əməliyyat olub-olmayacağı sualına Tramp cavab verərkən eynilə belə söyləmişdi: "Biz vəziyyəti izləyirik. Hazırda heç kimin edam edilməyəcəyi deyilir". Sözsüz ki, Trampın jurnalistlərin sualından qaçmağa çalışması və qeyri-müəyyən cavablarla əsl mətləbdən yayınması onun İrana hücum planından vaz keçdiyini göstərirdi. Rusiya prezidenti Vladimir Putinin isə dünən həm İsrail, həm də İranla danışdığı bildirilir. Yəni İrana hücum qərarı təxirə salındıqdan bir gün sonra. Əlbəttə ki, sonra baş verən hadisə əvvəl baş verənin səbəbi yox, nəticəsi ola bilər. Görünür, Putin ABŞ-ın İrana hücumunun təxirə salındığını eşidib tələm-tələsik əvvəl İsrailə, sonra isə İrana zəng edib. Dünya mediasının məlumatları da gərginliyin səngiməsində Putinin rolunu şübhə altına alır.  "Guardian" qəzeti yazır ki, ABŞ-ın hücum qərarını təxirə salmasında Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman kimi ölkələrin böyük xidmətləri olub. Onlar ABŞ prezidenti Donald Trampı İrana hücumdan imtina etməyə razı salmaq üçün "son anda lobbiçilik ediblər". “Reuters” agentliyi də ABŞ-la İran arasında vasitəçilik edən ölkələr arasında Yaxın Şərq ölkələrinin adını çəksə də, Rusiyanın bu səyləri barədə hər hansı fikir səsləndirmir. Bunlar onu göstərir ki, Rusiyanın bu qərarın alınmasında ciddi rolu olmayıb. Qısası, Putin İsrail və İran yetkililəri ilə danışıqlar aparsa da, ABŞ-ın son qərarının bu təşəbbüsə heç bir dəxli yoxdur”.


Heydər Oğuzun fikrincə ABŞ-nin İrana hücum etmək niyyəti əvvəlcədən də şübhəli idi. O, əgər həqiqətən də İranda hansısa dəyişikliklər etmək istəyirdisə, məntiqlə, müxalif qüvvələrin vahid liderini düzgün seçərdi. Məlumdur ki, ABŞ yetkililəri əsasən İranın sabiq şahzadəsi Rza Pəhləvi üzərində dayanırdılar, bu da İran ictimaiyyəti arasında parçalanmalar yaradırdı. Xüsusilə etnik qruplar fars şovinisti kimi tanınan Pəhləvi sülaləsinin təmsilçisinin yenidən hakimiyyətə gəlməsini istəmir və tamamilə əks mövqe sərgiləyirdilər. Xarici media orqanlarının bildirdiyinə görə, Pəhləvi amilinin yaratdığı parçalanmalar hətta İran diasporasından da yan keçməmişdi. Diasporanın bir qismi şahzadəni dəstəklədiyi halda, böyük bir qismi isə onu yaxına buraxmaq istəmirdi. Görünür, İran ictimaiyyəti arasındakı bu qeyri-müəyyənlik də ABŞ-ın son qərarına təsir göstərmişdi”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR