İnsanlara hürriyət, millətlərə istiqlal!

Pskovdakı 1000 erməni, Peskovun istinad yeri – İmperiyaların ləkəli müstəmləkə siyasəti

Rusiyanın imperiya ambisiyalarından danışarkən, federasiya rəhbərlərinin bağlı qapılar arxasında apardıqları məxfi danışıqların stenoqramını və ya strateji institutların beyin mərkəzində tərtib olunan planların özətini əldə etməyə ehtiyac yoxdur, hər şey göz önündədir. Hər gün Rusiya dövlətinin adından danışmaq səlahiyyəti olan şəxslər niyyət və məqsədlərinin nə olduğunu açıqlayırlar, dünya mediası da yazır.

 Məsələn, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini, eks-prezident Dmitri Medvedyev demək olar ki, hər gün ölkəsinin imperiya ambisiyalarını bağıra-bağıra söyləyir.

pskot.JPG (31 KB)

 Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov isə dünən Kremldə jurnalistlərə açıq mətnlə aşağıdakı fikri bildirib:

 "Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı Cənubi Qafqaz regionundan uzaqlaşmaqda ittiham edən açıqlamaları ilə razılaşmır. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Federasiyası regionu tərk etmək istəmir və tərk edə bilməz".

 Üstəlik, o, öz fikrini əsaslandırmaq, Rusiyanın Cənubi Qafqazı, Ermənistanın nəyə görə tərk edə bilməməsinin səbəbini dolayısı ilə deyib: “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır”.

 Bu axırıncı ifadə şantaj xarakteri daşıyır. Yəni ermənilər Rusiyaya daraşıblarsa, kompakt halda yaşayır, pul qazanır, varlanır, təhlükəsiz şəkildə artırlarsa, demək, Rusiya da Ermənistanda mövcud olmalıdır və olacaq. Peskovun həmin sözünün yeganə doğru və bəzək-düzəksiz yozumu budur. Obrazlı desək, Pskovdakı 1000 erməni Peskovun dilini uzun edir. Ermənilər isə təkcə Pskovda deyil, Kalininqraddan Kuril adalarına qədər Rusiyanın bütün vilayətlərində və şəhərlərində yaşayırlar.

putttt.jpg (23 KB)

 RF rəhbərliyi region ölkələrinə də, dünyaya da tez-tez belə mesajlar verir ki, 200 il əvvəl Qafqazın həm şimalını, həm də cənubunu silahla, qanla işğal edib, özününküləşdirib, ona görə də bu regionda müstəqil dövlətlərin yaranıb-yaranmamasından asılı olmayaraq burada mövcudluğunu qoruyacaq.

 Rusiya bu fikri zaman-zaman Cənubi Qafqaza iştahla baxan, buraları “öz əzəli ərazisi” sayan İrana da təlqin edir və başa salır ki, heç ümidlənməsin, Qafqazın kiçik dövlətlərini Mazandaran pələnginin caynağına və sivri dişlərinə buraxan deyil.

 Başqa sözlə, 32 il əvvəl SSRİ-nin dağılmasına baxmayın, Rusiyanın kölgəsi hələ də bütün postsovet məkanının üzərindədir, hətta keçmiş sosialist düşərgəsinin üzvləri olan dövlətlər də “rus ayı”sının nəfəsini ənsələrində hiss edirlər. Ukraynanın başına gələnlərdən sonra yüz ilin müstəqil dövlətləri olan İsveç və Finlandiyanın tez-tələsik NATO-nun çətiri altına can atması göstərdi ki, bu dövlətlərin də sabaha inamları yoxdur, Rusiyadan, onun vaxtaşırı qabaran iştahından ehtiyat edirlər.

 Bu, bir gerçəklikdir ki, keçmiş imperiyalar bir az kiçilmiş ola, özlərinə yığışmış kimi görünə bilərlər, amma “dünya ağalığı” niyyətləri olduğu kimi qalır, yeni bir tarixi fürsətin yetişəcəyəi halda öz uzun barmaqlarını istənilən coğarfi məkana uzada bilərlər.

nigger.jpg (50 KB)

 Bu günlərdə Fransanın Afrikadakı iki müstəmləkəsində - Niger və Qabonda hərbi çevriliş baş verib, hərbçilər Fransanın “qulbeçə”si olan tiranları devirib, hakimiyyəti götürüblər. Yerli xalqlar bu dəyişikliklərdən narazı deyil. Hər halda küçə və meydanlara tökülüb qiyamçılara etiraz bildirmirlər, əksinə, dəstək verirlər. Amma bu tərəfdə Fransa özünü ülgücləyir.

 Yaxşı, nədən? Hər iki dövlət 60-65 il əvvəl ağır mübarizə nəticəsində Fransadan müstəqillik qazanıb. Ancaq aydın olur ki, Fransanın bu xalqlara verdiyi müstəqillik şərti xarakter daşıyıb, əslində nə Niger, nə də Qabon Fransadan qopa bilməyib, heç Fransa da bu dövlətlərdən iqtisadi, siyasi, hərbi planda tam çəkilməyib, onu öz nüfuz dairəsində saxlayırmış. Heç demə, Nigerdə hələ də 1500 fransız hərbçisi var və Nigerin yeni hökuməti bu hərbçilərin xoşluqla ölkədən çıxmasını tələb edir.

 Qabonun dövlət dili isə hələ də fransızcadır. Təsəüvvür edin, xalq 63 ildir müstəqil dövlətdə yaşayır, amma hələ də fransızca danışmağa məcburdur.

qırğızrus.jpg (62 KB)

 Günümüzdə Rusiyanın Qazaxıstan, Qırğızıstan, Ukrayna, Belarus, Moldova kimi ölkələrdə “rus dili” davası aparmasını, ölkəmizdə yeni-yeni rusdilli məktəblərin açılmasına, rus bölmələrində oxuyanların sayının artmasına çalışmasına diqqət yetirdikdə əmin olursan ki, böyük dövlətlərin öz imperiya ambisiyalarını təmin etmək vasitələrindən biri də öz dillərini kiçik xalqlara sırımaq, bu dildə danışan milli kadrlar yetişdirmək, 5-ci kolonun sıralarının seyrəlməsini əngəlləməkdir.

 Böyük dövlətlər nüfuz dairələrinə aldıqları kiçik ölkələrdə elə bir şərait yaradırlar ki, yerli insanlar onların dilini öyrənməyə, mədəniyyət və incəsənətlərinə könül verməyə, ədəbiyyatlarını öyrənməyə hazır və həvəsli olur, bunu övladlarının “ağ günə” çıxması yolunda tramplin hesab edirlər.

16732130533446.jpg (598 KB)

                                                    Afrika əsilli  "fransız" futbolçular

 Fikir verin, dünyanın hər yerindən ən istedadlı gənclər (idmançılar, sənətçilər, alimlər, texnoloqlar, bir sözlə, başı və ayağı yaxşı işləyənlər) vaxtilə imperiya qurmuş dövlətlərə axışır. Məsələn, Fransa dövləti küçədə yatan fransız səfildənsə, başqa, ucqar bir ölkədən gələn istedadlı gəncə qucaq açır və onları fransızlaşdırıb özünə işlədir. ABŞ, İngiltərə, Almaniya və digər ölkələr də həmçinin.

 Bu gün Peskov Rusiyanın Cənubi Qafqazı, Ermənistanı tərk etməyəcəyini ona görə şəstlə deyir ki, bu fikrin yerli xalqın heysiyyatına toxunacağından, hiddət doğuracağından qorxmur. Çünki əldə etibarlı rıçaqlar var. Bu gün Ermənistan rəhbərliyi Qərbə meyllənib deyə Rusiyadakı ermənilər – simonyanlar, qabrielyanlar, vardanyanlar hərəkətə gəlib, Paşinyanın komandasına düşmən kəsilib. Rusiya Ermənistanı həmin ermənilərin əli ilə cilovlamaq istəyir və işlər bu cür getsə, məqsədinə çatacaq.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR