Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçirilən parlament seçkilərindən sonra ölkənin daxili siyasi xaosu daha da dərinləşir. "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Çarukyanın hava limanında saxlanılmasından sonra rəsmi İrəvan müxalifət liderlərinə qarşı yönəlmiş növbəti kəskin ittihamlarla çıxış edib.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan ölkədəki son vəziyyətlə bağlı sosial şəbəkə hesabında olduqca sərt bəyanat yayıb. Rəsmi şəxs müxalifət bloku rəhbərlərini kəskin dillə tənqid atəşinə tutub.
Çaxoyan öz açıqlamasında ölkədə revanşist xətt yürüdən qüvvələri hədəf alaraq bildirib: "Üçbaşlı müharibə partiyası"nın liderləri növbə ilə Ermənistandan qaçmağa çalışırlar, lakin onlar buna nail ola bilməyəcəklər". Baş nazirin rəsmisi bu ifadə ilə keçmiş hakimiyyət nümayəndələrini və seçkilərdə məğlub olan oliqarxik sistemi nəzərdə tutub. Siyasi şərhçilərin fikrincə, Çaxoyanın bu bəyanatı hökumətin müxalifət liderlərinə qarşı başlatdığı genişmiqyaslı hüquqi təqiblərin və ölkədən çıxış qadağalarının davamlı olacağından xəbər verir.
Toğrul İsmayıl,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ