İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməni toplumuna "savaş xəbərdarlığı" etdi: Əliyev isə seçim üçün İrəvana konkret vaxt verdi

Erməni baş nazir "Qarabağ mövzusu"nda Ermənistana dünyada heç bir ciddi dövlətin dəstək verməyəcəyini üstüörtülü şəkildə izah etməyə çalışır... Ona görə də, baş nazir Nikol Paşinyan nə qədər gec deyil, savaş təhlükəsinə yeganə alternativ olan yekun sülh sazişini imzalaması ilə Ermənistanın gələcək taleyinə real təminat qazanılmasının vacibliyini ön plana çıxarır...

Cənubi Qafqazda sülh prosesi ətrafında qəliz situasiya mövcuddur. Bu proses hazırda geopolitik rəqabətin əsas faktoruna çevrilib. ABŞ və Qərb regional sülh prosesinin müsbət nəticələrə yol açması üçün bütün siyasi-diplomatik mexanizmləri hərəkətə gətirib. Və bu, Qərb siyasi dairələrinin son 30 ildə ilk pozitiv sülh təşəbbüsü sayıla bilər.

ABŞ Qərblə regionda kəskin rəqabət yaşayan Rusiya isə Cənubi Qafqazda sülh prosesinə əngəl törədir. Erməni separatizmini və terrorizmini açıq şəkildə dəstəkləyir. İndi Kremlin bütün regional təsir mexanizmləri bu bölgədə hərbi-siyasi qarşıdurmanın ən yüksək həddə çatdırılmasına yönəldilib. Və müəyyən mənada, hesab etmək olar ki, Rusiya Cənubi Qafqazda sülh prosesinin əsas düşməni rolunda çıxış etməyə üstünlük verir.

Məsələ ondadır ki, əgər, ən yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmayacağı təqdirdə, bunun real alternativinin məhz yeni müharibə olduğu qətiyyən şübhə doğurmur. Rəsmi Bakı hazırda hər hansı savaş ehtimalından qətiyyən çəkinmir. Azərbaycan ordusu istənilən situasiyaya tam hazır vəziyyətdədir.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Ermənistan üçün isə eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Çünki Ermənistan ordusu 44 günlük savaşdan sonra öz hərbi itkilərini bərpa edə bilməyib. Ermənistan iqtisadiyyatı da növbəti savaşın xərc yükünü çəkməyə qadir deyil. Bu reallıq rəsmi İrəvan tərəfindən də dolayısı ilə etiraf edilir. Və Cənubi Qafqazda hərbi güc balansının Azərbaycanın xeyrinə dəyişdiyinə eyham vurulur.

Təbii ki, rəsmi İrəvan mövcud situasiyadan ciddi şəkildə narahatdır. Ermənistanın növbəti savaş təhlükəsindən yayındırılması Paşinyan hakimiyyəti üçün hazırda əsas hədəfə çevrilməyə başlayıb. Və mövcud situasiyanın diqtə etdiyi yeni şərtlər ilə barışmaq istəməyən erməni radikal-revanşist bu məsələdə Paşinyan hakimiyyətinə olduqca ciddi problemlər yaradırlar.

Halbuki, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları erməni radikal-revanşist siyasi dairələrə ölkəni sürükləməyə çalışdıqları təhlükələri dərk etmək imkanı verə bilərdi. Çünki erməni baş nazir açıq mətnlə vurğulayıb ki, sülh sazişi imzalanana qədər yeni müharibə ehtimalı çox yüksəkdir. Üstəlik, baş nazir Nikol Paşinyan onu da bildirib ki, yeni savaşdan yayınmaq üçün yalnız yekun sülh sazişinin imzalanması yetərli deyil. Və tam sülh təminatı yalnız imzalanacaq sazişin dərhal hər iki ölkənin parlamentlərində ratifikasiya olunmasından sonra yarana bilər.

Onu da qeyd etmək lazımdır ki, erməni baş nazir bu ilin sonuna qədər yekun sülh sazişinin imzalanma perspektivinə müəyyən optimist yanaşmanı qoruduğunu da qətiyyən gizlətmir: "Mən Azərbaycanla davamlı sülhə inanmasaydım, danışıqlar prosesində iştirak etməyin heç bir mənası olmazdı. Amma inanmaq o demək deyil ki, nəticə əldə edəcəyimizə zəmanət var".

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Təbii ki, erməni baş nazir də sülhün qarşısında duran əsas əngəlin yeganə ünvanını tam dəqiqliyi ilə bilir. Ona görə də dolayısı ilə Ermənistan cəmiyyətinə Rusiyaya olan ümidlərin reallığı əks etdirmədiyini anlatmağa çalışır. Belə ki, erməni baş nazir Rusiyanın Ermənistanla olan bütün öhdəliklərini yerinə yetirmədiyinə və bütün gözləntiləri doğrultmadığına diqqəti çəkməyə cəhd göstərir: "Biz Rusiya ilə Amerika arasında yaşamırıq. Rusiya ilə Amerika arasında Avropa yaşayır. Biz isə Gürcüstan, İran, Azərbaycan, Türkiyə mühitində yaşayırıq".

Göründüyü kimi, baş nazir Nikol Paşinyan kənar faktorlar üzərindən Rusiyandan umulan dəstəyin Ermənistana təhlükəsizlik vəd etmədiyinə üstüörtülü eyham vurur. Ardınca isə Ermənistanın mütləq nəzərə almalı olduğu əsas geopolitik mühiti ön plana çıxarır. Bununla da, Ermənistanın gələcək mövcudluğu üçün böyük önəm daşıyan əsas iki dövlətlə - Azərbaycan və Türkiyə ilə normal münasibətlərin vacibliyini qabardır.

Digər tərəfdən, erməni baş nazir Azərbaycanla sülh danışıqlarında Ermənistanı çətin vəziyyətə salan məqamları da gündəmə gətirib. O, bildirib ki, hazırda Ermənistanın danışıqlar masası arxasında durumu olduqca qəlizdir: "Buna səbəb Ermənistanın Qarabağ erməniləri ilə bağlı marağının Azərbaycanın ərazi bütövlüyünə qəsd və ya daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edilməsidir".

Belə anlaşılır ki, rəsmi İrəvan "Qarabağ mövzusu" ucbatından yekun sülh sazişinin imzalanma prosesinin uzanmasından artıq narahatdır. Çünki bu proses uzandıqca savaş təhlükəsi öz mövcudluğunu qoruyur, üstəlik sürətlə yaxınlaşır. Erməni baş nazir anlayır ki, rəsmi İrəvan "Qarabağ mövzusu"nu gündəmdə saxlamağa çalışdıqca, yekun sülh sazişinin imzalanması mümkün olmayacaq.

Çünki rəsmi Bakı heç bir halda, yekun sülh sazişinin müzakirələrində Azərbaycanın daxili işi olan "Qarabağ mövzusu"nun yer almasına imkan vermək niyyətində deyil. Paşinyan hakimiyyəti buna cəhd etdikcə, rəsmi Bakı haqlı olaraq, Ermənistanı Azərbaycana ərazi iddialarında ittiham edir. Və rəsmi Bakının bu haqlı ittihamları isə Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə rəsmi etirafı ilə bağlı ziddiyyətləri qabarıq şəkildə ortaya çıxarır.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)

Bu səbəbdən də, rəsmi İrəvanın sülh danışıqları prosesində "Qarabağ mövzusu"ndan imtina etməyin yollarını axtardığı qətiyyən istisna deyil. Hər halda, baş nazir Nikol Paşinyanın açıqlamalarının müəyyən arqumentlər üzərindən Ermənistan cəmiyyətini bu addıma hazırlamaq məqsədi güddüyü də sezilir: "Bizim yaxşı münasibətlərimiz olan dünya ölkələri Qarabağdakı "humanitar böhran"la bağlı heç bir addım atmırlar. Biri Azərbaycandan qaz alır, digəri neft alır, üçüncüsü bank sistemini düşünür, dördüncünün başqa problemləri var və s."

Erməni baş nazir üstüörtülü şəkildə demək istəyir ki, "Qarabağ mövzusu"nda Ermənistana dünyada heç bir ciddi dövlət dəstək verməyəcək. Bu "mövzu" davam etdirilməsi isə Ermənistanı yekun sülh sazişindən uzaqlaşdırır. Əvəzində isə daha dağıdıcı savaş təhlükəsi addım-addım yaxınlaşmış olur. Ona görə də, erməni baş nazir nə qədər gec deyil, bu ziyanlı "mövzu"dan imtina edib, Ermənistanın gələcək taleyinə yekun sülh sazişi ilə real təminat qazanılmasının vacibliyini ön plana çıxartmış olur.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa mesajlarındasa, Ermənistana olduqca sərt xəbərdarlıqlar yer alır. Belə ki, dövlət başçısı Ermənistanın ərazi iddialarından imtina edəcəyi təqdirdə, bu ilin sonuna qədər yekun sülh sazişinin imzalanmasının tamamilə mümkün olduğunu bildirib: "Əks halda, sülh olmayacaq. Bu isə region üçün yaxşı ssenari deyil. Çünki o regiona sabitlik və təhlükəsizlik gətirməyəcək. Geopolitik situasiyanın çox həssas olduğunu da nəzərə aldıqda, gələcəkdə çətinliklər də yaradacaq".

Göründüyü kimi, yekun sülh sazişinin Cənubi Qafqaz üçün yeganə sabitlik layihəsi olduğu artıq qətiyyən şübhə doğurmur. Çünki bunun alternativi yalnız yeni savaş təhlükəsidir. Ermənistan baş naziri Nikol Paşinyan faktiki olaraq, yeni savaşın tamamilə real olduğunu erməni toplumuna anlatmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev isə ilin sonuna işarə etməklə rəsmi İrəvana sülh və savaş arasında prinsipial seçim etmək üçün konkret vaxt verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR