Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın növbəti seçkilərdə qalib gəlməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Bunun əsas səbəbi onun seçki kampaniyasını regionda formalaşmış yeni siyasi reallıqlar və Azərbaycanla sülh gündəliyi üzərində qurmasıdır.
Bu gündəlik isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra yaranan yeni geosiyasi şəraitin, Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik səylərinin nəticəsi olaraq meydana çıxıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Musavat.com-a şərhində bildirib ki, Ermənistanın hazırki Baş naziri Nikol Paşinyanın seçkilərdə qalib olması sual doğurmur, çünki o seçkilərə Azərbaycanın formalaşdırdığı sülh gündəliyi ilə gedir:
“Bu sülh gündəliyi Azərbaycan Prezidentinin hərbi, siyasi diplomatik səyləri ilə əldə olunmuş qalibiyyətimizdən sonra yaranmış yeni siyasi reallıq əsasında formalaşıb, yeni status-kvo üzərində qurulub. Sülh gündəliyinin digər tərəfi Ermənistandır. Baş nazir Nikol Paşinyan hakimiyyəti də Azərbaycanla sülhün, dinc qonşuluq şəraitində yaşamağın üstünlüklərini anlayaraq seçki prosesinə məhz sülh gündəliyi ilə qoşulub. Burada dövlətlərarası münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması, etimad quruculuğu kimi məsələlər öz əksini tapır".

"Ermənistanda aparılmış sorğular da onu göstərir ki, Paşinyanın reytinqi rəqibləri ilə müqayisədə qat-qat üstündür. Biz Ermənistanda sülhün, sabitliyin olmasının, o cümlədən Azərbaycanla dinc, beynəlxalq hüququn prinsiplərinə uyğun yaşamağa təminat verən siyasi qüvvələrin qalib gəlməsinin tərəfdarıyıq. Hesab edirəm ki, Ermənistan cəmiyyəti Paşinyanın yanında yer almaqla, məhz sülhə, sabitliyə və dövlətlərarası normallaşmaya əsaslanan seçki platformasına səs verəcək.
Xarici qüvvələrin, xüsusilə Rusiyanın seçki ərəfəsində Ermənistana münasibətdə təzyiq ritorikası ilə danışması heç kəsə sirr deyil. Digər tərəfdən, bu yaxınlarda Paşinyana sui-qəsd cəhdində şübhəli bilinən qrup ifşa olundu. Proqnozlaşdırılması çətin olan və ya mümkün olmayan məsələlər baş verməsə, Paşinyanın sülh gündəliyi ilə seçkinin qalibi olacağını istisna etmirəm”, - deyə deputat vurğulayıb.
Nigar Həsənli
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ