İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan iki od arasında - ABŞ-İran konflikti nəzarətdən çıxır

Yaxın Şərqdə və Cənubi Asiya sərhədlərində baş verən son hadisələr regionda güc balansını yenidən gündəmə gətirib. ABŞ-la İran arasında yenidən alovlanan qarşıdurma təkcə iki ölkə ilə məhdudlaşmır, bu gərginlik vasitəçi rolunu oynayan Pakistanın diplomatik manevr imkanlarını da ciddi şəkildə daraldır. İslamabadın ev sahibliyi ilə aparılan ilkin təmaslar nəticə versə də, atəşkəsin davamlılığı təmin olunmayıb və tərəflər yenidən hərbi toqquşma xəttinə qayıdıblar.

Eyni zamanda regionda paralel cərəyan edən İsrail-Hizbullah qarşıdurması vəziyyəti daha da mürəkkəbləşdirir. Münaqişəyə yeni aktorların qoşulması sülh prosesini zəiflədir və Pakistanın vasitəçilik səylərini faktiki olaraq çıxılmaz vəziyyətə salır. Üstəlik, sərhəd bölgələrində silahlı qrupların fəallaşması və təhlükəsizlik boşluqları iqtisadi layihələr, xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi üçün ciddi risklər yaradır.

Pakistan bu çoxqatlı böhranlar arasında vasitəçilik rolunu davam etdirə biləcəkmi? ABŞ-la İran arasında davamlı sülh real görünürmü? Region artıq daha geniş bir qarşıdurmanın astanasındadırmı?

Elxan-Sahinoglu4.jpg (193 KB)

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, ABŞ-la İran arasında yenidən alovlanan raket atışları Pakistanı çətin vəziyyətə salıb: "Tərəflərin ilk görüşü İslamabadda keçirilmişdi. Bunun nəticəsi olaraq İranla ABŞ arasında atəşkəs əldə olundu. İslamabad eyni zamanda iki ölkə arasında sazişin imzalanmasına çalışırdı. Bu alınmadı. Hazırda isə İranla ABŞ arasında atəşkəs pozulub, tərəflər bir-birlərinin mövqelərinə zərbələr endirirlər. Bu gərginlik bölgədə yenidən müharibə riskini artırıb.

Bu arada, “Anadolu” agentliyi Pakistan hökumətindəki mənbələrə istinadən yaydığı məlumatda, ABŞ-la İran arasında müharibəyə son qoymaq üçün yaxın müddətdə razılığa gəlməyin mümkün olmadığı xəbərini yayıb. Bunun əsas səbəbi kimi İsrailin Livanın cənubunda həyata keçirdiyi hərbi əməliyyat göstərilir. Məsələ burasındadır ki, Pakistan ABŞ-la İran arasında vasitəçidir, İsrail bu prosesin kənarındadır. Ona görə də İranın dəstəyi ilə Hizbullah təşkilatı İsrail ərazisinə raket atdıqda və ya İsrail Livanda hərbi əməliyyat keçirəndə İslamabadın bu proseslərə təsir imkanı yoxdur.

Pakistanın əsas məqsədi ABŞ-la İran arasında atəşkəsin pozulmasına son qoymaq və iki mübahisəli tərəfi danışıqlar masasına oturtmaqdır. Ancaq münaqişədə iştirak edən tərəflərin sayı artdıqca, bölgədə ümumi sabitliyə nail olmaq çətindir. Digər tərəfdən ABŞ-İran müharibəsi Pakistanla İran sərhədində silahlı bəlucların fəallaşmasına səbəb olub. İran Pakistanla sərhədinə tam nəzarət edə bilmir və ya nəzarət etmək istəmir. Bundan istifadə edən silahlı bəluclar Pakistan ərazisində müxtəlif partlayışlar törədir, polis məntəqələrinə hücum edirlər. Bu vəziyyət Çin-Pakistan İqtisadi Dəhlizinə təhlükələr yaradır. Ona görə də ABŞ-la İran arasında atəşkəsin qorunması və iki dövlət arasında razılaşmanın əldə olunması Pakistan üçün həyati əhəmiyyət daşıyır. Buna baxmayaraq, bölgədə sabitlik əvəzinə gərginlik artır. Müharibə bölgə ölkələrinin, o cümlədən Pakistan iqtisadiyyatına mənfi təsir edir".

Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR