Onlayn ictimai-siyasi qəzet
"Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan xüsusi strateji əhəmiyyətə malikdir. Həmin Fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib".
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. O, deyib ki, xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması bu siyasətin ardıcıl davamının bariz nümunəsidir:
"Qeyd edim ki, 2025-ci ildə 34.073 qərar üzrə 5.999.874,51 manat məbləğ vəkillərə ödənilmişdir. Bu il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə 9 milyon manat vəsait ayrılmışdır.
Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabrın “Vəkil Günü” kimi təsbit edilməsi həmçinin, 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə və onların ədalətin təmin olunmasında oynadığı rola verilən yüksək qiymətin təzahürüdür.
Bununla yanaşı, ölkə başçısı cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli Qanunla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və digər qanunvericilik aktlarına edilmiş dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm və ardıcıl addım kimi qiymətləndirilməlidir. Sözügedən dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına, vəkillik fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkili və vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.
Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən ən mühüm əlavələrdən biri vəkillik fəaliyyətinin müstəqil hüquq fəaliyyəti kimi qanunvericilik çərçivəsində bir daha tanınmasıdır. Həmçinin vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları dəqiqləşdirilmiş, Vəkillər Kollegiyasının strukturuna dəyişiklik edilərək Vəkillərin İntizam Komissiyası və İxtisas Komissiyası Kollegiyanın orqanları dairəsinə əlavə edilmişdir".
Kollegiya sədri eyni zamanda bildirib ki, artıq Kollegiyanın orqanı olan Vəkillərin İxtisas Komissiyasının tərkibində vəkil üzvlərin sayı 5-dən 7-ə çatdırılıb:
"Digər yeniliklər qismində vəkilin xidməti vəsiqəsi, vəkil orderi, vəkil sorğusu, vəkil sirri ilə bağlı anlayışlar, vəkil sorğusuna cavab verilmə müddəti ilə bağlı məsələlər qanunumuzda öz əksini tapmışdır. Mühüm dəyişikliklərdən biri də vəkil olmaq üçün qanunda nəzərdə tutulan 3 illik stajın 1 ilə endirilməsidir.
2018-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinməkdədir. Əksər hallarda, bu şəxslər fəaliyyət göstərdikləri ünvanlarda “vəkil”, “vəkil bürosu”, “vəkil xidmətləri” kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunmuşdur. Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilmiş və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar da təkmilləşdirilmişdir. Digər mühüm dəyişikliklərdən biri isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda intizam pozuntusuna yol vermiş vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarlar müəyyən olunmuş, vəkillərin intizam icraatı proseduruna yeniliklər edilmişdir".
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ