Onlayn ictimai-siyasi qəzet
Muxtar respublikanın konstitusiyasına dəyişiklərin İZAHI
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının idarəetmə sistemində ciddi dəyişikliklər nəzərdə tutulur. Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan və yekunda qəbul edilən qanun layihəsi bunu deməyə əsas verir. Yeni qanun layihəsinə əsasən, Naxçıvan MR-in Nazirlər Kabinetinin tabelik və fəaliyyət mexanizmi yenidən müəyyənləşdirilir.
Muxtar Respublikanın Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq. Bu məsələ "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti muxtariyyətin Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.
Həmçinin Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Bu dəyişikliklər muxtar respublikanın icra hakimiyyəti orqanlarının fəaliyyətinin mərkəzi icra hakimiyyəti ilə əlaqələndirilməsi və idarəetmədə daha vahid yanaşmanın formalaşdırılması baxımından xüsusi diqqət çəkir.

Əslən Naxçıvandan olan tanınmış siyasətçi, AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Musavat.com-da yeni qanunu bu cür şərh etdi:
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulan dəyişikliklər, xüsusilə Nazirlər Kabinetinin fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması ilə bağlı müddəa, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm və müsbət addım kimi qiymətləndirilməlidir. Bu dəyişiklik Naxçıvanın muxtar statusuna xələl gətirmədən, onun ümumrespublika idarəetmə sisteminə daha effektiv inteqrasiyasını təmin etməyə yönələn bir dəyişiklikdir.
Mövcud qanunvericiliyə əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti Ali Məclisə tabe olur, hökumət üzvləri isə Ali Məclisin sədri tərəfindən təyin edilirdi. Yeni dəyişikliklər bu mexanizmi tamamilə ləğv etmir. Yəni, Nazirlər Kabineti əvvəlki kimi Ali Məclis qarşısında hesabat verməyə davam edəcək. Lakin eyni zamanda, hökumətin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması tələbi əlavə olunur. Bu isə mərkəzi icra hakimiyyəti ilə muxtar respublika arasında institusional koordinasiyanı gücləndirən balanslı model yaradır”.
Ekspert dedi ki, bu dəyişiklik ilk növbədə idarəetmədə vahidlik və səmərəlilik prinsipinə xidmət edir:
“Azərbaycan unitar dövlətdir və Prezident ölkədə icra hakimiyyətinin vahidliyinə cavabdeh ali konstitusion fiqurdur. Naxçıvan kimi xüsusi geosiyasi bir bölgədə icra strukturlarının mərkəzi hakimiyyətlə daha sıx əlaqədə fəaliyyət göstərməsi dövlət idarəçiliyinin çevikliyini və effektivliyini artıracaq. Bu, qərarların icrasında gecikmələrin azalmasına, resursların daha optimal bölüşdürülməsinə imkan yaradır. Digər vacib məqam şəffaflıq və məsuliyyətin güclənməsi ilə bağlıdır. Nazirlər Kabinetinin iş qaydasının Prezidentlə razılaşdırılması icra hakimiyyəti üzərində əlavə nəzarət mexanizmi yaradır. Bu isə idarəetmədə subyektivliyin azalmasına, qərarların daha institusional əsasda qəbul edilməsinə şərait yaradacaq. Xüsusilə sosial-iqtisadi layihələrin icrası, regional inkişaf proqramları və dövlət investisiyalarının səmərəli idarə olunması baxımından bu mexanizm müsbət nəticələr verə bilər”.
Rəşad Bayramovun dedi ki, dəyişikliklər eyni zamanda, Naxçıvanın inkişafının ümumrespublika strategiyası ilə uzlaşdırılmasına xidmət edəcək:
“İnfrastruktur, nəqliyyat, enerji, sosial təminat və təhlükəsizlik sahələrində həyata keçirilən layihələrin Prezident Administrasiyası ilə koordinasiyası Naxçıvanın inkişaf tempini artırmaqla yanaşı, ölkə üzrə regional balansın qorunmasına da töhfə verəcək. Odur ki, dəyişiklikləri dövlət idarəçiliyinin modernləşdirilməsi, vahid icra sisteminin gücləndirilməsi və regionun davamlı inkişafının təmin olunması istiqamətində atılmış rasional addım olaraq qiymətləndirmək olar. Bu dəyişikliklər Naxçıvanın həm daxili idarəetmə potensialını artırır, həm də onu Azərbaycan dövlətinin ümumi strateji kursuna daha möhkəm bağlayır”.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ